Məhkəmə qərarları › İş №2-1(118)-3115/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3115/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3115/2023 04.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Binəqədi rayon Xocasən bələdiyyəsinin 30/07 saylı, xx.xx.2005-ci il tarixli qərarına əsasən ona ayrılmış və ünvan 1 ünvanında verilmiş 3 sot torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayon, Xocasən Bələdiyyəsinin 30/07 saylı, xx.xx.2005-ci il tarixli qərarına əsasən, iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 3 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 1 mərtəbəli obyekt tikərək illərdir ki, istifadə edir və yerli vergi ödəyicisi kimi Xırdalan Bələdiyyəsinə vergi ödəyir. Həmin torpaq sahəsinə ünvan 2 ünvan statusu verilmişdir. Həmin torpaq sahəsi illərdir ki, istifadəsindədir və hələ də çıxarış ala bilməmişdir. Torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması təklifi ilə aidiyyatı üzrə cavabdehə yazılı müraciət etsə də, qanunvericilikdə nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq, ona cavab verilməmişdir. Odur ki, onunla həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına zərurət meydana gəlmişdir. İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Torpaq Məcəlləsinin 5-ci maddəsinə görə, mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Binəqədi rayon Xocasən bələdiyyəsinin 30/07 saylı, xx.xx.2005-ci il tarixli qərarına əsasən ona ayrılmış və ünvan 1 ünvanında verilmiş 3 sot torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanmasını istəyir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və müqavilə ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, müqavilə öhdəlikləri ilə bağlı tələblər tərəflərin subyektiv tərkibindən asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında irəli sürülə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi bir tərəf inzibati orqan olsa belə müqavilə bağlanması ilə bağlı tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçıya izah edilsin ki, icarə müqaviləsinin bağlanması ilə bağlı tələblə müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar