Məhkəmə qərarları › İş №2-1(118)-312/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-312/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-312/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ünvan 1 ünvanına pasport qeydiyyatına alınmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ünvan 1 ünvanına pasport qeydiyyatına alınmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(118)-1988/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, ünvan 2 ünvanında yaşayır və bu ünvan onun daimi yaşayış yeridir. Onun digər yerdə evi, mənzili yoxdur, bu ünvan yeganə yaşayış yeridir və onun yaşadığı yer üzrə qeydiyyata alınmamağı səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. Yaşadığı ünvanla bağlı kommunal xərclər tərəfindən ödənilir, bu ünvan onun daimi yaşayış yeridir. Həmçinin həyat yoldaşı X3 bu ünvana qeydiyyata alınmışdır. xx.xx.2019-cu il təvəllüdlü X5 da bu ünvanda qeydiyyata götürülmüşdür. Bu ünvana pasport qeydiyyatına alınmaqla bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli cavabla əsassız olaraq imtina edilmişdir, onun qeydiyyata alınmağı ilə bağlı tədbir görülməmişdir. İddiaçını qeydiyyata almamaqla cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin və üçüncü şəxsin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasına dair müraciəti təmin edilməmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal sahəsinin 1864 saylı, xx.xx.2021-ci il tarixli ətraflı arayışında qeyd olunur ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi, 1 saylı yataqxana ev 1, mənzil 9, 2 otaqlıdır, sahəsi 38m2. Sumqayıt şəhər İH MKTİB-nin balansındadır. X3, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi, 1 saylı yataqxana ev 1, mənzil 9-da yaşayır və qeydiyyatdadır. Həyat yoldaşı İddiaçı S.Vurğun küçəsi, 1 saylı yataqxana ev 1, mənzil 9-da qeydiyyatsız yaşayır. X1 S.Vurğun küçəsi, 1 saylı yataqxana ev 1, mənzil 9-da yaşayış və qeydiyyatdadır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, bu təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğısatqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ünvan 1 ünvanına pasport qeydiyyatına alınmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ünvan 1 ünvanına pasport qeydiyyatına alınmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar