Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3123/2025 06.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məbləğin hesaba bərpa edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ: İddia ərizəsinin dəlilləri:
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən iddiaçının ƏDV sub-uçot hesabından dövlət büdcəsinə 17 aprel 2015-ci il tarixdən 31 mart 2023-cü il tarixədək ümumilikdə 4.446.938,64 manat məbləğinin (kameral vergi yoxlamaları ilə hesablanmış vergi məbləğləri məhkəmədə mübahisələndirdiyi aprel 2015 – mart 2023-cü il müddət ərzində) silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin (4.446.938,64 manat) iddiaçının bank hesablaşma hesabına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının vergi orqanına təqdim edilmiş 2013-cü ilin mənfəət vergisi və 2013-cü ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları keçirilərək nəticə barəsində 31 mart 2015-ci il tarixdə “Vergilərin hesablanması barədə” Qərarlarla əsasız və qanunsuz olaraq 2013-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 3.627.655,71 manat mənfəət vergisi və 2013-cü ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə 3.264.890,14 əlavə dəyər vergisi, ümumilikdə 6.892.545,85 manat vergi hesablanmışdır. Vergi orqanı həmin vaxt cəmiyyətə əsassız və qanunsuz olaraq vergilərin hesablanması nəticəsində külli miqdarda vergi borcunun yaratması ilə kifayətlənməyərək eyni zamanda cəmiyyətin bank hesablarına heç bir qanuni əsas olmadan sərəncamlar və ƏDV sub-uçot hesabına məhdudiyyət (blok) qoymuş, əsassız olaraq iddiaçının bank hesablarında və ƏDV sub-uçot hesabında olan vəsaitlərin dövlət büdcəsinə silinməsini həyata keçirmiş və bununla da iddiaçının fəaliyyətini iflic vəziyyətə qoymuşdur. Vergi orqanının iddiaçıya qarşı qərəzli mövqeyi bununla başa çatmamış və cəmiyyətin digər hesabat dövrləri (2013-cü ilin noyabr, 2014-cü ilin fevral-dekabr, 2015-ci ilin mart) üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları ilə əsassız və qanunsuz vergi hesablamaları həyata keçirməyə davam edərək iddiaçıya “Vergilərin hesablanması barədə” 31 mart 2015-ci il tarixli, **********189400, **********190800 nömrəli, 14 dekabr 2015-ci il tarixli **********841700, **********843100 nömrəli, 21 dekabr 2015-ci il tarixli **********028700, **********025600, **********032200, **********037700, **********030800, **********031500, **********042900, **********005000, **********230200 nömrəli, 18 yanvar 2016-cı il tarixli **********159900, **********155100, **********160300 nömrəli, 11 fevral 2016-cı il tarixli **********103100, **********104800, **********106200, **********105500, **********107900, **********108600 nömrəli, 12 fevral 2016-cı il tarixli, **********796700 nömrəli, 1 aprel 2016-cı il tarixli, **********326100, **********328500, **********340300, **********341000, **********343400 nömrəli, 9 iyun 2016-cı il tarixli, **********124000, **********179000, **********183500, **********185900, **********180400, **********127100 nömrəli, 18 avqust 2016-cı il tarixli, **********512600, **********511900, **********513300 nömrəli qərarlarla ümumilikdə 7.804.600,41 manat məbləğində vergilər hesablanmışdır. İddiaçı qeyd olunan qərarlarla razı olmadığı üçün yuxarıda adları qeyd olunan qərarların ləğv edilməsi, həmin qərarlarla hesablanmış 7.804.600,41 manat məbləğində vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2016-ci il tarixli, 2-1(85)-845/2016 saylı qərarı ilə iddiaçının iddia ərizəsi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2-1(105)-54/2017 saylı qərarı ilə vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, vergi orqanı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli, 2-1(102)-643/2018 saylı qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Vergi orqanının iddiaçıya qarşı qərəzli mövqeyi bununla başa çatmamış və 29 dekabr 2019-cu il tarixli, **********95520 saylı qərarına əsasən iddiaçıda qanunsuz növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair 17 aprel 2020-ci il tarixli, **********198795 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına vergi orqanı tərəfindən baxılmış və 11 iyun 2020-ci il tarixli, **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən 3.120.047,7 manat vergilərin azadılması, 1.156.575,53 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. (Belə ki, yoxlama 1 yanvar 2016-ci il tarixdən 1 yanvar 2018-ci il tarixədək olan dövrü əhatə etmiş və 2020-ci ilin 6 iyununda vergilər hesablanmışdır.) İddiaçı qeyd olunan qərarla razı olmadığı üçün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “qərarın ləğv edilməsi, həmin qərarla hesablanmış 4.276.622 manat məbləğində vergilərin cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 6 may 2022-ci il tarixli, 2-1(118)-38/2022 nömrəli qərarı ilə iddiaçının iddia ərizəsi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli, 2-l(105)-523/2022 nömrəli qərarı ilə vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, vergi orqanı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 29 dekabr 2022-ci il tarixli, 2-1(102)-2486/2022 nömrəli qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, vergi orqanı tərəfindən Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli, 2-1(102)- 643/18 nömrəli və 29 dekabr 2022-ci il tarixli, 2-1(102)-2486/2022 nömrəli qərarlarının icrasından sonra ləğv edilmiş “Vergilərin hesablanması barədə” Qərarlara uyğun olaraq 13 aprel 2018-ci il və 31 mart 2023-cü il tarixdə müvafiq dövrlər üzrə azalmalar verilmiş və cəmiyyət şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilmiş vergilər üzrə 386.405,82 manat artıq ödəməyə çıxmışdır. Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli, 2-1(102)-643/18 nömrəli və 29 dekabr 2022-ci il tarixli, 2-1(102)-2486/2022 nömrəli qərarlarının məzmunundan da göründüyü kimi, vergi orqanı tərəfindən cəmiyyətdə aparılmış kameral vergi və səyyar vergi yoxlamalarının və onların nəticəsi olaraq qəbul edilmiş qərarların qanunsuz və əsassız olduğu bir daha sübuta yetirilmişdir. Göstərilənlərə və həmçinin qanunsuz hesablanmış vergi məbləğlərin iddiaçı tərəfindən dərhal məhkəməyə müraciət edilərək mübahisələndirilməsinə baxmayaraq, vergi orqanı qanunvericiliyinin tələblərinə əməl etmədən qanunsuz olaraq hesablanmış vergilərin məhkəmədə mübahisələndirildiyi bütün dövr ərzində iddiaçının ƏDV sub-uçot hesabından müxtəlif vaxtlarda vəsaitlərin dövlət büdcəsinə silinməsini hayata keçirərək ümumilikdə 4.446.938,64 manat vəsaitini qanunsuz olaraq dövlət büdcəsinə silmişdir. Belə ki, məktuba əlavə edilən ƏDV sub-uçot hesabından çıxarışda iddiaçıya qanunsuz hesablanmış vergilərin məhkəmədə mübahisələndirilən (aprel 2015 – mart 2018) müddət ərzində cəmiyyətin ƏDV sub-uçot hesabında olan vəsaitlərin (3 aprel 2015-ci il tarixdən 26 dekabr 2017-ci il tarixədək) dövlət büdcəsinə silindiyi aydın şəkildə görünür. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cədvəlin “Adı” xanasında “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri, “Əməliyyatın növü” xanasında isə “VN tərəfindən büdcəyə” sözləri, “Bildirişin nömrəsi” xanasında isə “null” sözləri göstərilmişdir ki, bu da qeyd olunun vəsaitlərin cəmiyyət tərəfindən deyil, bir başa vergi orqanı tərəfindən dövlət büdcəsinə silindiyini sübut edir. Həmin silinmələr isə qanuni əsaslarla cəmiyyət tərəfindən aparılmadığı üçün bildirişin nömrəsi yerində isə ümumi söz olan “null” sözləri qeyd olunmuşdur. Halbuki, iddiaçı tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlər edilərkən ƏDV sub-uçot hesabının çıxarışında “Adı” xanasında “Dövlət büdcəsinə” sözləri, “Əməliyyat növü” xanasında “S.U.H-dan büdcəyə” sözləri,”Bildirişin nörməsi” xanasında isə konkret nömrə göstərilir. İddiaçının ƏDV sub-uçot hesabından dövlət büdcəsinə edilən bir neçə ödənişlərinə dair cədvəldən açıq-aşkar görünür ki, cədvəldə qeyd olunan vəsaitlər dövlət büdcəsinə bilavasitə iddiaçı tərəfindən ƏDV sub-uçot hesabından həyata keçirilmişdir ki, buna görə də “Bildirişin nömrəsi” xanasında bildirişlərin konkret nömrələri göstərilmişdir. Qeyd olunan hal cədvəldə əks olunan ödənişlərin məhz cəmiyyət tərəfindən aparıldığını sübut edir. Ümumilikdə isə iddiaçının ƏDV sub-uçot hesabından dövlət büdcəsinə cəmiyyət tərəfindən könüllü olaraq və qanuni əsaslarla 7.928.125,08 manat məbləğində vəsait ödənilmiş, yuxarıda məktubda qeyd olunan ümumilikdə 4.446.938,64 manat məbləğində vəsait isə dövlət büdcəsinə vergi orqanının qanunsuz hərəkətləri nəticəsində cəmiyyətin ƏDV sub-uçot hesabından heç bir qanuni əsaslar olmadan silinmişdir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
4. Məhkəmənin 3 mart 2025-ci il tarixli, 2-1(118)-3123/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz edilmişdir.
5. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilimiş 2013-cü ilin noyabr-dekabr, 2014-cü ilin fevral-dekabr, 2015-ci ilin mart ayları üçün əlavə dəyər vergisi və 2013-cü ilin mənfəət vergisi bəyannamələri üzrə ümumilikdə 7.804.600,41 manat kameral qaydada vergi hesablanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2-1(102)-643/18 saylı qərarına əsasən hesablanmış vergi 12 aprel 2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Həmçinin cəmiyyətdə 29 dekabr 2019-cu il tarixli, **********195520 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və 11 iyun 2020-ci il tarixli, **********137139 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən 3.120.558,94 manat vergi, 1.155.896,53 manat maliyyə sanksiyası hesablanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(102)- 2486/2022 nömrəli qərarına əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 31 mart 2023-cü il tarixli, **********169919 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” qərarla hesablanmış vergi və maliyyə sanksiyası 31 mart 2023cü il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Qeyd edilən vergi yoxlamalarının ləğv edilməsi nəticəsində vergi ödəyicisinin bank və ƏDV depozit hesabından tutulmuş ödənişlər şəxsi hesab vərəqəsinin artıq ödəmə sütununa bərpa edilmişdir. Şəxsi hesab vərəqəsinin 16 may 2025-ci il tarixli göstəricisinə əsasən iddiaçının artıq ödəməsi vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrə əsasən yaranmış vergi öhdəliklərinə aid edildikdən sonra 373.361,92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, etiraz dəlillərini müdafiə etmiş, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
10. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
11. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
12. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
14. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaraq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.
15. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
16. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
19. İddiaçı tərəfin mövqeyi ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən hesablanmış borc məbləği məhkəmə qərarı əsasında ləğv edilmiş, lakin cavabdeh məhkəmədə mübahisələndirildiyi bütün dövr ərzində iddiaçının ƏDV sub-uçot hesabından müxtəlif vaxtlarda vəsaitlərin dövlət büdcəsinə silinməsini hayata keçirərək ümumilikdə 4.446.938,64 manat vəsaitini qanunsuz olaraq dövlət büdcəsinə silmişdir.
20. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi məbləğin hesablanması qaydası müəyyən edilməmişdir, həmçinin məbləğin 2013-2015-ci il dövrlərinə aid olduğundan, vergi qanunvericiliyə əsasən borcun mübahisələndirmə müddətini ötmüşdür.
21. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya 2013-cü ilin noyabr, 2014-cü ilin fevral-dekabr, 2015-ci ilin mart hesabat dövrləri üzrə cavabdeh orqan tərəfindən iddiaçıya ümumilikdə 7.804.600,41 manat məbləğində vergi borcu hesablanmış, iddiaçı tərəfindən məhkəmə icraat qaydasında mübahisələndirilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2016-ci il tarixli, 2-1(85)-845/2016 saylı qərarı ilə iddiaçının iddia ərizəsi təmin edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Daha sonra cavabdeh orqan tərəfindən 11 iyun 2020-ci il tarixdə qərar qəbul edilərək, 3.120.047,7 manat vergilərin azadılması, 1.156.575,53 manat maliyyə sanksiyası tətbiq olunmuş, həmin qərar iddiaçı tərəfindən mübahisələndirilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 6 may 2022-ci il tarixli, 2-1(118)-38/2022 nömrəli qərarı ilə iddiaçının iddia ərizəsi təmin edilmiş və qanuni qüvvəyə minmişdir.
22. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında 2013-cü ilin noyabr-dekabr, 2014-cü ilin fevral-dekabr, 2015-ci ilin mart ayları üçün əlavə dəyər vergisi və 2013-cü ilin mənfəət vergisi bəyannamələri üzrə ümumilikdə 7.804.600,41 manat kameral qaydada hesablanmış vergi 12 aprel 2018-ci il tarixdə, 11 iyun 2020-ci il tarixdə hesablanmış 3.120.558,94 manat vergi, 1.155.896,53 manat maliyyə sanksiyası isə 31 mart 2023-cü il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır.
23. Hazırda isə iddiaçı qeyd edilən vergi öhdəliklər üzrə cavabdeh tərəfindən ƏDV subuçot hesabından müxtəlif vaxtlarda vəsaitlərin dövlət büdcəsinə silinməsini hayata keçirərək, ümumilikdə 4.446.938,64 manat vəsaitinin qanunsuz olaraq dövlət büdcəsinə silindiyini iddia edir.
24. Məhkəmə bildirir ki, iddiaçı tərəf hazırkı iddia tələbini qaldıraraq, ümumilikdə 4.446.938,64 manat vəsaitinin dövlət büdcəsinə silindiyini bildirsə də, həmin məbləğin hansı qaydada hesablanması, dəqiq olaraq hansı dövrləri əhatə etdiyini əsaslandırmamış, məbləği təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
25. Bundan əlavə, VM-in 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (həmin Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.
26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddia ərizəsinin məzmununa və cavabdeh orqanın təqdim etdiyi məlumata əsasən müəyyən edildiyi kimi, hazırkı iddia tələbinin əsasında olan vergi borcu üzrə məbləğin bir hissəsi 2013-cü ilin noyabr-dekabr, 2014-cü ilin fevral-dekabr, 2015-ci ilin mart ayları üçün əlavə dəyər vergisi və 2013-cü ilin mənfəət vergisinə dair hesabat dövrlərinə aid olduğundan, iddiaçı vergi qanunvericiliklə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması üçün nəzərdə tutulmuş 5 il müddətini ötmüşdür.
27. Həmçinin, müəyyən edilən hallara əsasən məhkəmə qeyd edir ki, vergi ödəyicisinin ƏDV depozit hesabından silindiyini iddia etdiyi 4.446.938,64 manat məbləği iddia ərizəsinə və tələbinə əsasən mübahisələndirilən kameral və səyyar vergi yoxlamaları ilə hesablanan vergilərə aid olmuşdur ki, həmin yoxlama nəticələrinə də qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə vergi ödəyicisinin lehinə qiymət verilmiş və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 12 aprel 2018-ci il və 31 mart 2023-cü il tarixlərdə müvafiq azalmalar aparılmışdır.
28. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.
29. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir.
30. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.
31. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qərarlarının cavabdeh orqan tərəfindən düzgün olaraq icra edilməməsini iddia edirsə, bu barədə qərarların icrasını düzgün hesab etmədiyi müvafiq məhkəmə qərarını çıxaran birinci instansiya məhkəməsinə icra icraatı qaydasında ərizə ilə müraciət etməlidir.
32. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia olun borc məbləğinin hesablaması qaydası qeyri-müəyyən olduğu, borcun mübahisələndirilməsi üçün müddətin ötürüldüyü, həmçinin iddia predmetinin digər məhkəmə icraatında baxılmış işin icrası ilə əlaqədar olduğundan iddia tələbi mümkün hesab edilməməlidir.
33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
NƏTİCƏVİ HİSSƏ
34. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova