Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3124/2022 24.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65, mənzil 176 ) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdehndə xx.xx.1980-ci ildə tərtib edilmiş 59 nömrəli doğum haqqqında akt qeydində adının “Qızılgül”dən “Qönçə”yə dəyişdirilməsi öhdəliyinin cavabdein üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdehndə xx.xx.1980-ci ildə tərtib edilmiş 59 nömrəli doğum haqqqında akt qeydində adının “Qızılgül”dən “Qönçə”yə dəyişdirilməsi öhdəliyinin cavabdein üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1980-ci ildə Zəngilan rayonunda anadan olmuş və valideynləri ona «Qönçə» adını qoymuş, bununla bağlı Cavabdeh (keçmiş VVAQ) tərəfindən onun adına 29 oktyabr 1980-ci il tarixli Vİl-JQ 293386 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. O, bu şəhadətnamə əsasında orta məktəbə getmiş, ali məktəbə qəbul olunmuş, şəxsiyyət vəsiqəsi almış və bütün sənədlərdə onun adı «Qönçə» kimi qeyd olunmuş, hamı onu «Qönçə» adı ilə tanımışdır. Bundan başqa o, ailə həyatı qurmuş, 2 övladı vardır, onun nikah haqqında şəhadətnaməsibdə və uşaqlarının doğum haqqında şəhadətnamələrində də adı «Qönçə» kimi qeyd olunmuşdur. Lakin bu yaxınlarda o, Cavabdehndən doğum haqqında akt qeydləri kitabından çıxarış almaq istədikdə ona məlum olmuşdur ki, ona verilmiş doğum haqqında şəhadətnamədə adının «Qönçə» kimi qeyd edilməsinə baxmayaraq həmin kitabda xx.xx.1980-ci ildə aparılmış qeyddə adı «Qızılgül» kimi qeyd olunmuşdur. Cavabdeh iddiaçının adına verdiyi doğum haqqında şəhadətnamədə adını düzgün olaraq «Qönçə» kimi yazdığı halda nə o, nə də valideynləri cavabdehdə saxlanıllan akt qeydləri kitabında belə bir yanlışlığa yol verildiyini bilə bilməzdi. O, bunu bildikdən sonra cavabdehə müraciət edərək həmin yanlışlığın aradan qaldırılmasını və akt qeydlərində düzəliş edilməklə adının doğum haqqında şəhadətnamədə olduğu kimi «Qönçə» kimi qeyd edilməsini xahiş etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bu düzəlişi etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdiş Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, diplomda, nikah haqqında şəhadətnamədə, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda iddiaçının adının “Qönçə” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bundan başqa iddiaçının övladlarına aid doğum haqqında şəhadətnamələrdə ana qrafasında iddiaçının adının “Qönçə” kimi qeyd olunduğu müəyyən edildi. Məhkəmənin sorğusuna əsasən Cavabdehndən alınmış xx.xx.1980-ci ildə tərtib edilmiş 59 nömrəli doğum haqqqında akt qeydinin surətindən görünür ki, uşağın adı qrafasında “Qızılgül” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli 05/Q-96/14 saylı məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X2: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ilkin verilmiş doğum haqqında şəhadətnaməsində və sonradan verilmiş bütün şəxsi sənədlərində adı “Qönçə” kimi qeyd edilmişdir. Lakin doğim akt qeydində adı “Qızılgül” kimi qeyd edilmişdir. Hazırda həmin ziddiyyət iddiaçının sənədləşmə işlərində maneə yaradır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və gələcəkdə iddiaçının doğum haqqında akt qeydi ilə digər şəxsi sənədləri arasında ziddiyyət yaranmadığı üçün doğum haqqında akt qeydində iddiaçının adında düzəliş edilərək onun əsasında müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdehndə xx.xx.1980-ci ildə tərtib edilmiş 59 nömrəli doğum haqqqında akt qeydində İddiaçı adının “Qızılgül” adından “Qönçə” adına dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova