Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3127/2024 26.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz şəhər Bələdiyyəsinə qarşı "anasına məxsus Xaçmaz şəhəri ərazisində yerləşən 500kv.m. torpaq sahəsinin mülkiyyət hüququnun (anasının adına və yaxud birbaşa onun adına) qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması, bu mümkün olmadıqda digər cavabdehin,yəni Xaçmaz şəhər Bələdiyyəsinin yenidən sənədləşmə zamanı lazım olan bütün məbləğinin (xərclərin) onlardan tutularaq ona ödənilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhər bələdiyyəsindən xx.xx.2005-ci il tarixində anası X1 adına 5 sot torpaq sahəsi müvafiq sənədləri olmaqla alınmışdır, (anasının yaşadığı ev yanmış, evdə qalan əşyalar və sənədlər yanaraq kül olmuşdur). Həmin torpaq sahəsinin 2007-ci ildən 2023-cü ilədək torpaq vergisini (anasının adına) ödəmişdir, üzərində ev və yardımçı tikililər inşa etmiş və torpağı kubik daşı ilə hasarlamışdır. Lakin həmin torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin bu məsələ ilə əlaqədar həmin idarə bildirmişdir ki, Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarın qüvvədə olması barədə arayış təqdim edilməmişdir. Həmin sənədi almaq üçün dəfələrlə DT və XK-nin Xaçmaz rayon Şöbəsinin varisi kimi DƏDX və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz bələdiyyəsinə müraciət etməyinə baxmayaraq, həmin sənədləri onların arxivindən əldə edə bilməmişdir. Bildirmişlər ki, bizə bu sənədlərin arxivi daxil olmamışdır. Bu uyğunsuzluqları aradan qaldırmaq üçün Xaçmaz şəhər bələdiyyəsinə dəfələrlə müraciət etmiş, lakin məsələ öz müsbət həllini tapmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilməsi mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı anasına məxsus Xaçmaz şəhəri ərazisində yerləşən 500 kv.m. torpaq sahəsinin mülkiyyət hüququnun (anasının adına və yaxud birbaşa onun adına) qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması, bu mümkün olmadıqda digər cavabdehin,yəni Xaçmaz şəhər Bələdiyyəsinin yenidən sənədləşmə zamanı lazım olan bütün məbləğinin (xərclərin) onlardan tutularaq ona ödənilməsini istəyir. Lakin iddiaçı tərəfindən onun mərhum X1 vərəsəsi olmasını sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Bundan əlavə iddiaçı tələbinin ikinci hissəsində Xaçmaz şəhər Bələdiyyəsinin yenidən sənədləşmə zamanı lazım olan bütün məbləğinin (xərclərin) onlardan tutularaq ona ödənilməsini istəsə də həmin tələblə cavabdeh orqana müraciəti müəyyən olunmur. Məhkəmə qeyd edir ki, tələbin bu hissəsi qeyri-müəyyəndir və tələbin birinci hissəsi ilə bir iddia predmetini təşkil edə bilməz. Bundan əlavə iddia ərizəsi iddiaçı tərəfindən imza edilməmişdir. Beləliklə iddia ərizəsinin məhz İddiaçı tərəfindən verilməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mərhum X1 vərəsəsi olmasını sübut edən sənədləri təqdim edəcəyi halda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhəri ərazisində yerləşən 500 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsinə” dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-3127/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3127/2024
26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver