Məhkəmə qərarları › İş №2-1(118)-3130/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3130/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3130/2023 03.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dəvəçi (indiki Şabran) rayon Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 35 saylı qərarı əsasında iddiaçıya Şabran rayonu Ağalıq kəndinin yaşayış məntəqə ərazisindən fərdi mənzil tikintisi məqsədilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəvəçi (indiki Şabran) rayon Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 35 saylı qərarı əsasında iddiaçıya Şabran rayonu Ağalıq kəndinin yaşayış məntəqə ərazisindən fərdi mənzil tikintisi məqsədilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı Qərarı ilə iddiaçıya Şabran rayonu Ağalıq kəndinin yaşayış məntəqə ərazisindən fərdi mənzil tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsi satılmışdır. xx.xx.2022-ci il tarixində iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün cavabdeh orqana müraciət etmişdir. Müraciətinə cavab olaraq, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0,10 ha torpaq sahəsi üçün Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt, satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyasında təsdiqlənmiş yerquluşu sxemi və Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı qərarının qüvvədə olması barədə arayışın ərizəyə əlavə olunmadığı, habelə ərizəyə əlavə olunmuş Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci İİ tarixil 35 saylı qərarında və müvafiq rəylərdə hüquq sahibinin adı və ata adı səhv yazıldığına görə ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır və iddiaçının məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı qərarında və müvafiq rəylərdə hüquq sahibinin adı və ata adı səhv yazıldığına görə, iddiaçı Şabran Rayon Məhkəmasinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-274/2023 saylı Qətnaməsi ilə, Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı iclas protokolunun, Azərbaycan Respublikası Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2007ci il tarixli, 355/34 saylı rəyinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli, 2030 saylı rəyinin iddiaçıya məxsus olması faktı müəyyən edilmişdir. İddiaçı hal-hazırda Dəvəçi rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı Qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktı, satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyasında təsdiqlənmiş yerquluşu sxemini və Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı Qərarının qüvvədə olması barədə arayışı əldə edə bilmədiyinə görə məhkəmə qaydasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyin cavabdehin üzərinə qoyulması ilə bağlı müraciət edərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 03 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh orqan iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,10 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin tam təqdim olunmaması müəyyən edilmişdir. Belə ki, Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt, satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemi və Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı qərarının qüvvədə olması barədə arayış ərizəyə əlavə olunmamışdır. Həmçinin, ərizəyə əlavə olunmuş Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı qərarında və müvafiq rəylərdə hüquq sahibinin adı və ata adı səhv yazılmışdır. Bu səhvin aradan qaldırılması isə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyniməzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərdən bələdiyyə qərarının qüvvədə olması barədə arayış, habelə yerquruluşu sxemi idarəyə təqdim olunmuşdur. Yalnız alqı-satqı aktı yoxdur. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • Dəvəçi rayon Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı iclas protokolunun qərarından çıxarışa əsasən iddiaçıya bələdiyyənin alqı-satqı predmeti olan Ağalıq kəndinin yaşayış məntəqəsinin ərazisindən fərdi mənzil tikintisi məqsədilə 0,10 ha torpaq sahəsi satılmışdır. • xx.xx.2007-ci il tarixli, 36 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən bələdiyyənin hesabına müvafiq məbləğ ödənilmişdir. • Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı təsdiq edilmişdir. • İşdə olan Dəvəçi rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən 1000 kv metr torpaq sahəsinin iddiaçıya ayrılması məqsədə müvafiq hesab edilmiş və rəy verilmişdir. • İş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 2(031)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı iclas protokolunun, Azərbaycan Respublikası Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2007-ci il tarixli, 355/34 saylı rəyinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli, 2030 saylı rəyinin iddiaçı – İddiaçı məxsus olması faktı qət edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçı bələdiyyənin qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqularının qeydə alınması ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqandan xx.xx.2023-cü il tarixli məktubla imtina cavabını almışdır.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Dəvəçi (indiki Şabran) rayon Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin planı təsdiq edilmiş və Dəvəçi rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair müsbət rəy verilmişdir. İddiaçı ona ayrılmış 0,10 ha torpaq sahəsi üzrində yaranmış mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmiş, lakin cavabdeh təşkilat aşağıdakı səbəblərdən iddiaçının iddiasını təmin etməkdən imtina etmişdir: 1) hüquqmüəyyənedici sənədlərin tam təqdim olunmaması - Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt, satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemi və Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı qərarının qüvvədə olması barədə arayışın ərizəyə əlavə olunmaması; 2) ərizəyə əlavə olunmuş Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci iİ tarixli 35 saylı qərarında və müvafiq rəylərdə hüquq sahibinin adı və ata adı səhv yazılması. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdehin birinci imtinasını əsassız hesab edərək, qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.2-maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2) və s. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar xüsusi mülkiyyətə verilə bilər (7.1.1). Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına (7.3.1.); fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə (7.3.2); sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə (7.3.3) verilir. İşdən göründüyü kimi bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsini Dəvəçi rayonunun Ağalıq bələdiyyəsinin 30 may 2007-ci il tarixli qərarı əsasında əldə etmiş, həmin torpaq sahəsinə dair qərarda nəzərdə tutulmuş ödənişi bələdiyyənin hesabına köçürmüş, Dəvəçi rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən torpağın ayrılması üçün müsbət rəy verilmişdir. Eyni zamanda cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi bələdiyyə qərarının qüvvədə olması barədə arayış, habelə 0,10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemi idarəyə təqdim olunmuş, yalnız alqı-satqı aktı mövcud olmamışdır. Alqı-satqı aktının tərtib olunmaması iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı müvafiq ödənişi bələdiyyənin bank hesabına köçürərək öz üzərinə düşən vəzifəni icra etmişdir. Aktın tərtibi isə dövlət orqanının səlahiyyətinə aid edildiyindən cavabdehin bu səpkidəki imtinası əsassız hesab edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Digər imtina - Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci İİ tarixil 35 saylı qərarında və müvafiq rəylərdə hüquq sahibinin adı və ata adı səhv yazılmasına münasibətdə məhkəmə qeyd edir ki, işdə olan Şabran Rayon Məhkəməsinin 2(031)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Dəvəçi (indiki Şabran) rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 35 saylı iclas protokolunun, Azərbaycan Respublikası Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2007ci il tarixli, 355/34 saylı rəyinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli, 2030 saylı rəyinin iddiaçıya – İddiaçı məxsus olması faktı qət edilmişdir. Cavabdehin nümayəndəsinin izahatından da müəyyən olunduğu kimi həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəyə minərək müvafiq sənədlərdəki uyğunsuzluqlar aradan qaldırılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı Dəvəçi (indiki Şabran) rayon Ağalıq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 35 saylı qərarı əsasında İddiaçı Şabran rayonu Ağalıq kəndinin yaşayış məntəqə ərazisindən fərdi mənzil tikintisi məqsədilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar