Məhkəmə qərarları › İş №2-1(118)-3131/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3131/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3131/2025 05.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. V-ЖГ seriyalı, 302179 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki,Mərdəliyev Altay Əmirşah oğlu və X2 2 noyabr 1989-cu il tarixdə nikahlarını bağlamışlar.

2. Azərbaycan SSR Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 12 iyun 1990-cı il tarixli, 576/571 nömrəli orderindən göünür ki, 4-cü mikrorayon, ev 16/25, mənzil 7 ünvanda yerləşən mənzil Mərdəliyev Altay Əmir oğlu və onun ailə üzvləri “Bağırova Pərvanə, Mərdəliyeva Rəvanə, Mərdəliyev Oktay” adlı şəxslərə verilmişdir.

3. AZ-İİ seriyalı, 361263 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Mərdəliyev Altay Əmirşah oğlu 25 iyul 2023-cü il tarixdə ölmüşdür.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 4 noyabr 2023-cü il tarixli, 1162 nömrəli məktubundan görünür ki, 25 iyul 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşamış Mərdəliyev Altay Əmirşah oğlu ölmüşdür. 4 noyabr 2023-cü il tarixli ərizə əsasında 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində vərəslik işi açılmış və . İddiaçı vərəsələr dairəsinə daxil edilmişdir. Mərdəliyev Altay Əmirşah oğlundan miras qalmış əmlaklara dair şəhadətnamə 6 ay müddət başa çatdıqda veriləcəkdir. İddiaçı, Mərdəliyev Altay Əmirşah oğlunun hüquqi varisidir.

5. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının 19 avqust 2024-cü il tarixli, 5-6/1-M-334-091/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ailə üzvlərilə birgə 1990-cı ildən qeydiyyatda olmaqla yaşadığı yaşayış sahəsi 28,0 kv.m ibarət 2 otaqlı Sumqayıt şəhəri, 4-cü mikrorayon, 16/25, mənzil 7-yə dair Mərdəliyev Altay Əmirşah oğlunun adına 12 iyun 1990-cı il tarixdə 576/571 saylı order verilmişdir. Göstərilən sənəddə “orderin verilməsinə əsas” qrafasında Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 24 aprel 1990-cı il tarixli, 12 saylı protokolu qeyd edilsə də, həmin mənzilin Mərdəliyev Altay Əmirşah oğluna verilməsi ilə bağlı protokolda hər hansı qeyd aparılmamışdır. Eyni zamanda, sözügedən mənzilə dair Mərdəliyev Altay Əmirşah oğlunun adına olan 12 iyun 1990-cı il tarixdə 576/571 saylı orderin kötüyü və orderin verilməsinə əsas olmuş sənədlər həmin protokolun cildlənmiş kitabında aşkar edilmişdir. Göstərilən uyğunsuzluq səbəbindən sözügedən mənzilin adına rəsmiləşdirilməsi mümkün olmamışdır.

6. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 4 oktyabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-876-2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nin 24 aprel 1990-cı il tarixli, 12 saylı iclas protokolunda sorğu edilən vətəndaş Mərdəliyev Altay Əmirşah oğlunun adına mənzil verilməsi barədə məlumat yoxdur. 24 aprel 1990-cı il tarixdən 3 iyul 1990-cı il tərixədək (12 saylı iclas protokolundan 21 saylı iclas protokolunadək) baxılmış, vətəndaş Mərdəliyev Altay Əmirşah oğlunun adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, sorğu edilən mənzil (4-cü m/n, bina16/25, mənzil 7) Sumqayıt şəhər XDS İK-nin 24 aprel 1990-cı il tarixli, 12 saylı iclas protokolunun əlavə olunmuş materiallarında vətəndaş X7 adına ayrılmışdır.

7. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Sahəsinin 10 sentyabr 2024cü il tarixli, 76 nömrəli arayışından görünür ki, İddiaçı Allhaverdi qızı və onun ailə üzvləri X9, Mərdəliyev Oktay Altay oğlu 4-cü mikrorayon, ev 16/25, mənzil 7 ünvanda qeydiyyatdadırlar. Həmin ünvanın sahibi mərhum Mərdəliyev Altay Əmirxan oğlu olaraq göstərilmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 26 sentyabr 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, X9, İddiaçı Allhaverdi qızı və Mərdəliyev Oktay Altay oğlu ünvan 3 ünvanda qeydiyyatdadırlar.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 oktyabr 2024-cü il tarixli, 3-21-3-31/2-4045/2024 nömrəli məktubundan görünür ki, təqdim edilən sənədlərin araşdırılması zamanı mənzilə dair Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyun 1990-cı il tarixli, 576/581 nömrəli orderdə İddiaçı ata adının qeyd olumadığı müəyyən olunmuşdur. Bundan əlavə, Dövlət Arxivinin Sumqayıt Filialının 4 oktyabr 2023-cü il tarixli, 3-48- DA-10F/2-876-2023 nömrəli məktubunda 12 iyun 1990-cı il tarixli, 576/581 nömrəli orderin verilməsinə əsas olan Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin 24 aprel 1990-cı il tarixli, 12 saylı iclas protkoluna əlavə olunmuş materiallarda sözügedən mənzilin vətəndaş Mərdəliyev Altay Əmirşah oğlunun adına deyil, X7 adına ayrıldığı qeyd olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(060)-1469/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş 12 iyun 1990-cı il tarixli, 576/571 nömrəli orderdə ailə üzvləri siyahısında olan “Bağırova Pərvanə” qeydinin AZE seriyalı, ********* saylı şəxsiyyət vəsiqəsinin sahibi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

11. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 5 mart 2025-ci il tarixli, 3-48-DA-10F/2-43/2025 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nin 24 aprel 1990-cı il tarixə dair 12 saylı iclas protokoluna baxılmış, vətəndaş İddiaçı adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır.

12. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 mart 2025-ci il tarixli, 5-6-7/2-293/2025 nömrəli məktubu ilə Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Sahəsinin aşağıdakı arayışları göndərilmişdir: - 10 mart 2025-ci il tarixli, 151 nömrəli arayışdan görünür ki, X10 4-cü mikrorayon, ev 16/25, mənzil 7 ünvanda yaşamır. - 10 mart 2025-ci il tarixli, 152 nömrəli arayışdan görünür ki, Mərdəliyev Altay Əmirşah oğlu 4-cü mikrorayon, ev 16/25, mənzil 7 ünvanda yaşamış, 25 iyul 2023-cü il tarixdə vəfat etmişdir. - 10 mart 2025-ci il tarixli, 153 nömrəli arayışdan görünür ki, İddiaçı 4-cü mikrorayon, ev 16/25, mənzil 7 ünvanda yaşayır.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 12 mart 2024-cü il tarixli, 18/2-7174/25 nömrəli məktubundan görünür ki, 19 noyabr 1963-cü il təvəllüdlü X10 keçmiş SSRİ pasportu ilə 24 iyun 1990cı il tarixdən hazıradək Sumqayıt şəhəri, 3-cü mikrorayon, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

14. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının 28 aprel 2025-ci il tarixli, 5-6/2-1000/2025 nömrəli məktubundan görünür ki, 24 aprel 1990-cı il tarixli, 12 saylı protokolda göstərilən mənzilin X4 verilməsi ilə bağlı hər hansı qeyd aparılmadığı halda mənzilə dair onun adına olan 12 iyun 1990-cı il tarixli, 576/571 saylı orderin kötüyü və orderin verilməsinə əsas olmuş sənədlər barədə məlumat şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, cildlənmiş kitabın böyük həcmli olduğu, digər şəxslərə aid sənədlərin həmin kitaba tikildiyi və onlar barədə məlumatlar mövcud olduğundan məxfiliyin qorunması zəruriliyi nəzərə alınaraq cildlənmiş kitabın göndərilməsi mümkün olmamışdır. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan SSR Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 12 iyun 1990-cı il tarixli, 576/571 nömrəli orderi (§2); - orderin verilməsinə əsas olmuş sənədlərin surəti.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

15. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri Mərdəliyev Altay Əmirşah oğluna 12 iyun 1990-cı il tarixdə 576/571 nömrəli Order (24 aprel 1990cı il, 12 saylı protokol) əsasında verilmiş Sumqayıt şəhər, 4-cü mikrorayon, ev 16/25-də yerləşən, 7 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsi, müvafiq çıxarışın verilməsi və dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi işin hallarına (§1-10) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçının əri Mərdəliyev Altay Əmirşah oğluna 12 saylı Mənzil İstismar Sahəsində işlədiyi dövrdə yəni, 12 iyun 1990-cı il tarixdə, 576/571 nömrəli Order (24 aprel 1990-cı il, 12 saylı protokol) əsasında Sumqayıt şəhər Xalq Deputatlar İcraiyyə Komitəsi tərəfindən iki otaqlı mənzil verilmişdir. İddiaçı da həmin dövrdən hal-hazıra qədər yəni, 34 ildir ki, öz mənzilində qeydiyyata düşmüş və ailə üzvləri ilə yaşayır. 25 iyul 2023-cü il tarixdə Mərdəliyev Altay Əmirşah oğlu vəfat etmişdir. Hal-hazırda iddiaçı yaşadığı mənzili öz adına rəsmiləşdirib, özəlləşdirə bilmir. Belə ki, bu barədə cavabdeh təşkilata müraciət etdikdən sonra onlar imtina verərək məktubda göstərmişdilər ki, Dövlət Arxivində mənzilin mərhum həyat yoldaşı Mərdəliyev Altay Əmirşah oğluna verilməsi barədə məlumat aşkar edilməmişdir. Bundan sonra iddiaçı Sumqayıt Şəhəri İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin cavabından aşkar edilir ki, 1990-cı ildə verilmiş orderin kötüyü və orderin verilməsinə əsas olmuş sənədlər onlarda saxlanılır. Mənzilin iddiaçının adına özəlləşməsinə maneçilik törədilən digər hallar da aradan qaldırılmışdır. 4 oktyabr 2024-cü il tarixdə mərhum Mərdəliyev Altay Əmirşah oğlunun vərəsəsi kimi cavabdehə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25 ünvanında yerləşən 7 saylı mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Müraciətinə imtina cavabı verilmişdir.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 15, 21.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 32.1, 33.1-ci maddələrinə istinad olunmuşdur.

18. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

20. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, X8 20 iyun 1990-cı il tarixdə hazırda mübahisələndirilən mənzildən qeydiyyatdan çıxmış və ona başqa mənzil təqdim edilmiş.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi imtinanın dəlillərini müdafiə etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

M a d d ə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.

M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. ... Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.

M a d d ə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.

M a d d ə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-).

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

35. Məhkəmə tərəflərin mövqelərini, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

36. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

37. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhər Xalq Deputatlar İcraiyyə Komitəsinin müvafiq qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə mübahisələndirilən mənzil verilmiş, hal-hazırda həmin mənzildə qeydiyyatda olmaqla, yaşayırlar. Sumqayıt Şəhəri İcra Hakimiyyətinin müvafiq orderin mövcud olduğu təsdiq edilsə də, cavabdeh tərəfindən mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alıpnmasından imtina edilmişdir.

38. Cavabdehin imtina dəlilləri isə ondan ibarətdir ki, təqdim edilən orderdə orderdə iddiaçının ata adının qeyd olumadığı müəyyən edilmiş, orderin verilməsinə əsas olan Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin 24 aprel 1990-cı il tarixli, 12 saylı iclas protkoluna əlavə olunmuş materiallarda sözügedən mənzilin vətəndaş Mərdəliyev Altay Əmirşah oğlunun adına deyil, X7 adına ayrıldığı qeyd olunmuşdur.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə və iddianın məzmununa əsaslanaraq məhkəmə müəyyən edir ki, hazırkı iddia tələbi iddiaçının mərhum əri Mərdəliyev Altay Əmirşah oğluna 12 iyun 1990-cı il tarixdə 576/571 nömrəli order əsasında verilmiş Sumqayıt şəhər, 4-cü mikrorayon, ev 16/25-də yerləşən, 7 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 12 iyun 1990-cı il tarixli, 576/571 nömrəli orderi əsasında Sumqaqyıt şəhəri, 4-cü mikrorayon, ev 16/25, mənzil 7 iddiaçının mərhum əri Mərdəliyev Altay Əmir oğlu və onun ailə üzvlərinə verilmişdir. Qeyd edilən mənzil həmin vaxtdan iddiaçının və onun ailə üzvlərinin sahibliyində və istifadəsindədir.

42. İddiaçı tərəfindən təqdim edilmiş, həmçinin məhkəmənin sorğusu nəticəsində Sumqayıt Şəhəri İcra Hakimiyyətinin arxiv sənədləri ilə istinad edilən Azərbaycan SSR Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 12 iyun 1990-cı il tarixli, 576/571 nömrəli orderin mövcud olduğu və ünvan 3 ünvanda yerləşən mübahisələndirilən mənzilin iddiaçının mərhum əri Mərdəliyev Altay Əmir oğlu və onun ailə üzvlərinə verilməsi öz təsdiqini tapmışdır.

43. Məhkəmə qeyd edir ki, müvafiq arxiv məlumatlarında mübahisələndirilən mənzilin X7 adına ayrıldığı aşkar olunsa da, məhkəmə araşdırılması nəticəsində həmin şəxsin 24 iyun 1990-cı il tarixdən hazıradək Sumqayıt şəhəri, 3-cü mikrorayon, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir.

44. Cavabdehin digər imtina dəlili ilə qeyd edilməlidir ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(060)-1469/2025 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş 12 iyun 1990-cı il tarixli, 576/571 nömrəli orderdə ailə üzvləri siyahısında olan “Bağırova Pərvanə” qeydinin iddiaçıya məxsus olması faktı müəyyən edilmiş, beləliklə də, qeyd edilən nöqsan aradan qaldırılmışdır.

45. İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müddəaları tətbiq oluna bilər.

46. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

48. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh orqanın iddiaçının müraciətinə münasibətdə təqdim etdiyi imtinanı əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

49. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2- 1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.

28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?

29. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

31. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

32. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.

33. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.”

50. Məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbin əsaslılığını sübuta yetirə bilmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

51. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

52. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir.

53. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9.11-ci bəndinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir.

54. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir.

55. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, ünvan 3 üzərində iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin Mərhum Mərdəliyev Altay Əmirşah oğluna 12 iyun 1990-cı il tarixdə 576/571 nömrəli order əsasında verilmiş Sumqayıt şəhər, 4-cü mikrorayon, ev 16/25-də yerləşən, 7 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar