Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3143/2024 25.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mənzil növbəsinə götürülmə) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair iddiası üzrə inzibati işə 25 noyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AZ-İİ seriyalı, 425941 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı və X7 17 mart 2001-ci il tarixdə nikahlarını bağlamışlar.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 dekabr 2023-cü il tarixli “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 5 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Ərazi İdarəsinin 12 aprel 2021ci il tarixli, 3344 nömrəli “Daşınmaz əmlkaın dövlət reyestrindən arayış”dan görünür ki, İddiaçı və X2 adına paylı mülkiyyət olaraq ünvan 5i ərazisində JN-424A və JN- 824 sənədlər üzrə torpaq sahələri qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Ərazi İdarəsinin 12 aprel 2021ci il tarixli, 3344 nömrəli “Daşınmaz əmlkaın dövlət reyestrindən arayış”dan görünür ki, X1 Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.
5. Azərbaycan Respublikasının Qazax Rayon İcra Hakimiyyətinin başçısının 28 aprel 2021-ci il tarixli, 9-21/190 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan Qazax rayonu Yuxarı Salahlı kənd sakini, İİİ qrup Qarabağ Müharibəsi əlili İddiaçı Qazax RİH başçısının ünvanına yazdığı 13 aprel 2021-ci il tarixli, S-40-063 nömrəli müraciəti nəzərə alınaraq RİH başçısı aparatında İİİ qrup Qarabağ Müharibəsi əlili kimi 19 aprel 2021-ci il tarixdən 207-ci sırada mənzil uçotuna alınması qərara alınmışdır.
6. Azərbaycan Respublikasının Qazax Rayon İcra Hakimiyyətinin başçısının 30 oktyabr 2023-cü il tarixli, 9-23/267 nömrəli sərəncamı ilə İddiaçı Qazax Rayon İcra Hakimiyyətində İİİ dərəcəli Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotundan çıxarılması, Qazax Rayon İcra Hakimiyyətində İİİ dərəcəli Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçot sənədlərinin Sumqayıt Şəhər icra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır.
7. Sumayıt Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 15 dekabr 2023-cü il tarixli, 5-6/1-S-139/5-068/2-t/1/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, o, 3 dərəcəli Vətən müharibəsi əlili kimi Qazax rayon İcra Hakimiyyəti Başçısının 28 aprel 2021-ci il tarixli, 9-21/190 saylı sərəncamı ilə mənzil uçotuna alınmış, 30 oktyabr 2023-cü il tarixli, 9-23/267 saylı sərəncamla mənzil uçotundan ərizəsi əsasında çıxarılmışdır. Sonradan qohumuna məxsus ünvan 4-ə qeydiyyata düşmüşdür. Bildirilir ki, qüvvədə olan Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq və Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər. Köçürülmə yolu ilə mənzil uçotuna götürülmə 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır. Mənzil uçotunun yaşayış yeri üzrə köçürülməsini Sumqayıt şəhər icra Hakimiyyəti ilə razılaşdırmadan həyata keçirilməklə müvafiq qanun normasını pozmuşunuz. Qeyd edilən səbəblərdən xahişinin müsbət həlli mümkün olmamışdır.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
8. Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin İcra Aparatının 19 fevral 2024-cü il tarixli, 413 nömrəli məktubundan görünür ki, xx xxxx 1991-ci il təvəllüdlü X4 Sumqayıt bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində hər hansı məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş 20 fevral 2024-cü il tarixli, 18/2-4720/2024 saylı məktubundan görünür ki, İddiaçı ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti və həmin ünvanda qeydiyyatda olan şəxslərin adlı siyahısı qoşma ilə göndərilmişdir: - ünvan 4 ünvanda qeydiyyatda olan şəxslərin adlı siyahısından görünür ki, həmin ünvanda X10, İddiaçı, X6, X5 qeydiyyatdadırlar; - 3 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, X10 8-ci mikrorayon, ev 5/18, mənzil 11 ünvanına İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 avqust 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən X8 xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payın sahibidir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 fevral 2024-cü il tarixli, 3-21-3- 31/2-689/2024 nömrəli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən ünvan 5i ünvanında yerləşən 2,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı 6 nəfər ilə ümumbirgə mülkiyyət hüququ 29 noyabr 1997-ci il tarixidə JN-824 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə qeydiyyata alınmışdır. ünvan 5i ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı 6 nəfər ilə ümumbirgə mülkiyyət hüququ 11 oktyabr 2000-ci il tarixdə JN-424A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş JN-824 (kod: ********) nömrəli dövlət aktının, JN- 424A (kod: ********) nömrəli şəhadətnamənin və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 5/18 ünvanında yerləşən 11 nömrəli mənzilə dair 13 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətiləri qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 avqust 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış; - JN 824 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”; - JN-424A, KOD 50100108 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyat və yaşayış yerini dəyişməsi ilə əlaqədar və Qazax RİH-nin başçısının müvafiq sərəncamının və məktubunun əsasında Sumqayıt ŞİH-də 13 aprel 2021-ci il tarixdən etibarən həmin S-40-68 nömrə ilə və ya yeni nömrə ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçota alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, iş yeri ilə əlaqədar daimi olaraq ailəliklə Sumqayıt şəhərinə köçmüş, qohumunun mənzilində, yəni ünvan 4-də sadəcə daimi qeydiyyata düşmüşdür, lakin uzun müddətdir ki, Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayırlar. Həyat yoldaşı işsizdi, az miqdarda aldığı zəhmət haqqı isə kirayə haqqını ödəməyə və dolanışığına bəs eləmir deyə xeyli çətinliklər çəkirlər, himayəsində azyaşlı qızı var. Cavabdehin imtinasını əsassız hesab edir.
13. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.1, 2.2.1, 2.2.2, 13, 33.1, 33.2, 73.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 12.1, 12.2, 12.3, 12.4, 14.2, 14.3-cü maddələrinə istinad olunmuşdur.
14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilmiş dəlillərə (§7) əsaslanaraq, iddianın təmin edilməməsini xahiş etmişdir.
Tərəflərin iştirakı və izahatları:
17. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
24. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
25. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. ...
29. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir; Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ...
30. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir.
31. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunu:
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilsin. Maddə 2. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minsin. Maddə 3. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilsin. Maddə 5. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.
Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. Nə qədər ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılmasının yeni qaydası təsdiq edilməmişdir, deməli, uçotun aparılması üçün “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar” tətbiq edilməlidir.
32. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”:
1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.
2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.
4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.
6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər;
Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
c) Məhkəmənin mövqeyi:
34. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunubolunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırda ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla, kirayə götürülmüş mənzildə arvadı və bir övladı ilə yaşayır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İİİ dərəcəli əlilliyi vardır. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Məhkəmə tərəfindən göndərilmiş sorğuya münasibətdə bildirilmişdir ki, iddiaçıya Sumqayıt bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində torpaq sahəsi ayrılmamışdır (§ 1-10).
36. ünvan 4 ünvanında yerləşən 28,08 kv.m ümumi sahəsindən ibarət əmlak tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda iddiaçı ilə yanaşı, X10, X6, X5 qeydiyyatdadırlar.
37. Deməli, iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunur.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
40. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir.
41. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(102)-917/2022 saylı Qərarında qeyd olunmuşdur ki, “28. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 29. Belə ki, iddiaçının faktiki yaşayış yeri Qazax şəhəridir, Bakı şəhərində isə o,tələbə olduğundan kirayə müqaviləsi üzrə qeydiyyata düşmüşdür. 30. Bununla belə qeyd edilməlidir ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. 31. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz.”
43. Məhkəmə, tərəflərin iddia tələbinə dair mövqelərini iş materialına əlavə edilmiş sənədlər, mövcud qanunvericiliyin normaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan qərarında qeyd olunanları əsas götürərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
NƏTİCƏVİ HİSSƏ
44. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı (əlili) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova