Məhkəmə qərarları › İş №2-1(118)-3149/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3149/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3149/2025 05.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış və plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə olunmuş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Yanvar 2002-ci il tarixli, 10639 nömrəli, İddiaçı adına tərtib edilmiş Saray qəsəbəsi, 1-ci küçə ünavnda yerləşən, “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda torpaq sahəsinin ölçüsü sənəd üzrə 1.000 kv.m, əslində 1.050 kv.m olaraq, torpaq sahəsinin planı (miqyas 1:500) göstərilmişdir.

2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 25 sentyabr 2020-ci il qeydiyyat tarixli, **********4 qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən **********64-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, əmlakın altında yerləşən 0,017320 ha topaq sahəsi dövlət mülkiyyətində olaraq, İddiaçı istifadəsindədir.

3. Abşeron Rayonu Dövlət Arxivinin 17 oktyabr 2024-cü il tarixli, 3-48-RA/2-H- 17xx-xx-1645/24 nömrəli arxiv çıxarışından görünür ki, Saray qəsəbəsi üzrə nümayəndəsinin 5 aprel 1994-cü il tarixli, 29 nömrəli sərəncamı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 nömrəli sərəncamı ilə Saray qəsəbə İcra nümayəndəliyinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsində X3 (1-ci küçə, 15 nömrəli sahə) 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə mənzil tikməyə icazə verilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 18 oktyabr 2024-cü il tarixli, 32/332/2-7-0038-8/24 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı İddiaçı adına torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin hazırkı müraciətinə əlavə edilmədiyi, həmçinin 29 mart 2020-ci il tarixli, 571mıcSUM/20-EM saylı Əsas Kredit müqaviləsinə əsasən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində yüklülük olduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

5. 4 noyabr 2024-cü il tarixli, İH/4911 nömrəli və 23 yanvar 2025-ci il tarixli, OUT-00563-025 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş məktublarından görünür ki, "xxxx" X6 Səhmdar Cəmiyyəti və İddiaçı arasında bağlanılmış 29 sentyabr 2020-ci il tarixli “İpoteka müqaviləsi”nə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********64-10301 saylı reyestr, qeydiyyat nömrəsi **********, 25 sentyabr 2020-ci il tarixdə qeydə alınmış “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına ipoteka kimi çıxış edən Abşeron rayonu, Saray qəsəbəsi, 1-ci küçə, 15 nömrəli fərdi yaşayış evini ipotekaya ilə yüklü edilmişdir.

6. Torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara dair sənədlər: - “Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 7 oktyabr 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, Nümayəndə xüsusi mülkiyyətindədir. - “Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 16 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanda 0,05 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, X2 xüsusi mülkiyyətindədir. - “Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 1 fevral 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanda terləşən fərdi yaşayış evi və 0,05851 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, Kərimova Hicran İbrahim qızının xüsusi mülkiyyətindədir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. 10 fevral 2025-ci il tarixli İddiaçı adına tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin ölçüsü texniki göstəricilər üzrə 0,105 ha, faktiki 0,1008 ha olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, torpaq sahəsi üzərində kommunal xəttləri keçmir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpağa dair plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi iddiaçının istifadəsindədir. Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 nömrəli sərəncamı ilə Saray qəsəbə İcra nümayəndəliyinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsində adları qeyd olunan vətəndaşlara hər bir ailə üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə mənzil tikməyə icazə verilmişdir. Həmin vaxtdan iddiaçı fərdi yaşayış evi tikdirib, yaşayırıq. Həmin fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrin 25 sentyabr 2020-ci il tarixli, 16200194/4 qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 oktyabr 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq imtina verilmiş, imtinanın əsası kimi aşağıdakı səbəblər göstərilmişdir. İddiaçının adına torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin hazırkı müraciətə əlavə edilmədiyi, həmçinin 29 sentyabr 2020-ci il tarixli, 571 micSUM/20-EM saylı Əsas Kredit müqaviləsinə əsasən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin üzərində yüklülük olduğu müəyyən edilmişdir. Lakin iddiaçı bu fikirlə razı deyil. Belə ki, fərdi yaşayış evinin çıxarışı var, torpaq sahəsinin çıxarışı yoxdur. Burdan da belə bir nəticəyə gəlmək olur ki, onların bir-birinə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən də torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsini düzgün hesab etmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

10. İddia tələbinin maddi hüquqi əsası kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı protokolun 1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33.1,33.2, 33.4-cü maddələrinə istinad olunmuşdur.

11. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 nömrəli sərəncamı əsasında ayrılmış ünvan 6 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyata alınaraq, torpağa dair çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 5 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

12. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

14. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquq müəyyənedici sənədlərin iddiaçı tərəfindən müraciət ərizəsinə əlavə edilmədiyi, lakin arxiv əsalarında 0,10 ha torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 5 aprel 1994-cü il tarixli, 29 nömrəli sərəncamdan çıxarışının aşkarlandığı və sərəncamdan çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə istinadın arxivinin müraciətə əlavə olunmadığı, 29 sentyabr 2020-ci il tarixli, 571micSUM/20-EM saylı Əsas Kredit müqaviəsinə əsasən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində yüklülüyün olduğu müəyyən olunmuşdur.

16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 68, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.7, 9, 11.1, 15, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli, 1655 nömrəli və 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanlarına istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazı müdafiə etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

25. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-).

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

M a d d ə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.” “Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

“Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

31. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

32. Yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

33. Belə ki, iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçıya məxsus olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Həmçinin, torpaq sahəsinə dair bələdiyyə qərarı qəbul edilərək, evin altında yerləşən və hazırda mübahisə predmeti olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmasına baxmayaraq, hazıradək onun mülkiyyət hüquqları əsassız olaraq qeydiyyata alınmamışdır.

34. Cavabdehin etirazı isə onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 5 aprel 1994-cü il tarixli, 29 nömrəli sərəncamdan çıxarışının aşkarlandığı və sərəncamdan çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə istinadın arxivinin müraciətə əlavə olunmadığı və 29 sentyabr 2020-ci il tarixli, 571micSUM/20-EM saylı Əsas Kredit müqaviəsinə əsasən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində yüklülüyün olduğu müəyyən olunmuşdur

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya məxsus **********64-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair 25 sentyabr 2020-ci il qeydiyyat tarixli, **********4 qeydiyyat nömrəli çıxarışa əsasən dövlət mülkiyyətində olaraq, iddiaçının istifadəsindədir. Həmçinin, fərdi yaşayış evinə dair texniki pasport tərtib olunmuş, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1.000 kv.m, faktiki 1.050 kv.m olaraq göstərilmişdir. Eyni zamanda müəyyən edilir ki, "xxxx" Kommersiya Bankı ASC və iddiaçı arasında bağlanılmış 29 sentyabr 2020-ci il tarixli “İpoteka müqaviləsi”nə əsasən **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 25 sentyabr 2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçının adına ipoteka kimi çıxış edən Abşeron rayonu, Saray qəsəbəsi, 1-ci küçə, 15 nömrəli fərdi yaşayış evini ipotekaya ilə yüklü edilmişdir. Həmin evin altında yerləşən və hazırda mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsinə Bank tərəfindən etiraz edilməmişdir.

36. Cavabdeh tərəfindən təqdim olunmuş məlumata əsasən torpaq sahəsinin ölçüsü texniki göstəricilər üzrə 0,105 ha, faktiki 0,1008 ha olduğu, fərdi evin kommunikasiya xətlərinin mühafizəsində yerləşmədiyi müəyyən olunur.

37. Yuxarıda sadalanlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində yüklülüyün olub-olmamasından asılı olmayaraq, iddiaçı mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququna malikdir.

38. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddiaçının müaciətinin icrasından imtina dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

39. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

41. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

42. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§1- 7), qanunvericiliyin normalarını (§24-30), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 nömrəli sərəncamı əsasında ayrılmış ünvan 6 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyata alınaraq, torpağa dair çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar