Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-315/2022 24.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Xırdalan şəhəri ərazisinə yerləşən və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 03 iyun 2004-cü il tarixli, JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.07 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Ağayev X6 rayonu Xırdalan şəhəri ərazisinə yerləşən və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 03 iyun 2004-cü il tarixli, JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.07 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 26 noyabr 2020-ci il tarixli, **********23 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı ilə Abşeron rayonunun Xırdalan şəhərində sahəsi 0,12 ha olan torpaq sahəsi fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsi kimi iddiaçının mülkiyyətinə verilmişdir. Adı çəkilən qərar əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 03 iyun 2004-cü il tarixli,JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. 2010-cu ildə o, sözügedən Şəhadətnaməni mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Çıxarışla əvəz etmək qərarına gəlmiş və bu məqsədlə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə, ona bildirilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0,07 ha hissəsi neft kəmərinin mühafizə zolağına düşdüyündən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı aparıla bilməz. Bu səbəbdən ondan torpaq sahəsinin azaldılmasına dair notarial qaydada təsdiq olunmuş ərizə tələb edilmiş, əks təqdirdə qalan 0,05 ha torpaq sahəsinə dair də Çıxarışın verilməyəcəyi bildirilmişdir. Bu səbəbdən o, mülkiyyətimdə olan torpaq sahəsinin azaldılması barədə ərizə yazmaq məcburiyyətində qalmış və bundan sonra 0,05 ha torpaq sahəsinə dair Mülkiyyət Çıxarışı təqdim olunmuşdur. Bununla belə torpaq sahəsi əvvəlki ölçüdə, yəni 0,12 ha olmaqla onun faktiki istifadəsində qalmış, sözügedən 0,05 ha torpaq sahəsi də sonradan 2018-ci ildə tərəfindən özgəninkiləşdirilmiş, qalan 0,07 ha torpaq sahəsi isə bugünədək istifadəsindədir. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, 2010-cu İldə "Torpağın mülkiyyətinə verilməsinə dair” JN-655A,KOD 30801006 saylı,03 iyun 2004-cü il tarixli Şəhadətnaməni "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a dəyişdirərkən o cavabdeh tərəfindən aldadılaraq mülkiyyətinin bir hissəsindən faktiki olaraq məhrum edilmişdir. Belə ki,üzərində mülkiyyət hüququ yaranmış torpağının bir hissəindən neft kəmərinin keçməsi mənim həmin torpaq sahəsi hissəsi üzərində mülkiyyətindən məhrum edilməsi üçün əsas ola bilməzdi və bu hal həmin hissədə də torpaq sahəsinə dair mülkiyyət Çıxarışının verilməsindən imtina edilməsi üçün səbəb ola bilməzdi. Belə olan halda torpağın 0,12 ha hissəsinin hamısına dair Çıxariş verilməli idi, sadəcə olaraq onun mülkiyyətində olan torpaq sahəsinin neft kəmərinin keçdiyi hissəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhdudiyyətlərlə istifadə etməyi müəyyən oluna bilərdi. Əvəzində isə o, aldadılaraq torpağın bir hissəsinin azaldılmasına dair ərizə yazmağa vadar edilərək faktiki olaraq mülkiyyətinin bir hissəsindən məhrum edilmişdir. Buna görə də ona qarşı edilmiş qanunsuzluğun aradan qaldırılmasını və faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsi üzərində də mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsini tələb etmək qərarına gələrək bununla əlaqədar cavabdehə yazılı şəkildə müraciət etmişdir. Lakin onun müraciətinə Cavabdeh tərəfindən müraciətindən bir neçə ay sonra, yəni 21 sentyabr 2021-cİ il tarixdə **********00 saylı məktubla cavab verilərək sözügedən 0,07 ha torpaq sahəsinin 576 kvadrat metrinin neft boru kəmərinin mühafizə zonasında yerləşdiyi səbəbindən ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin iddiaçının hələ 2004-cü ildə üzərində mülkiyyət hüququ yaranmış torpaq sahəsinin mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almaqdan imtinası qanunaziddir və hər hansı hüquqi əsasa söykənməmişdir. Həmçinin, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə uyğun gəlmir, belə ki, həmin maddədə göstərilmiş imtina əsasları bu halda mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə iddiaçının mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 03 İyun 2004-cü il tarixli,JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mülkiyyəti kimi sənədləşdirilmişdir. Bu səbəbdən cavabdehin mübahisələndirilən 0,07 ha torpaq üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almaqdan və müvafiq mülkiyyət çıxarışını verməkdən imtinasını ədalətsiz və qanunazidd sayaraq pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı" işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit" xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-cİ Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı İl iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri- yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri- dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi İstisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 3-cü hissəsində qeyd olunmuşdur ki,zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla,ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər.Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 4-cü hissəsinə əsasən təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ—torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur...Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir...Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 1.24-cü bəndində müəyyən edilmişdir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərindəki hüquqlardan məhrum edilmrrlər.Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin Qaydaların 1.25-ci bəndində isə müəyyəne dilmişdir ki,təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasıntn (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd olunmuşdur ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.5-ci maddəsində müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə minənədək müvafiq İcra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdehin hərəkətləri qanunazidd və əsassızdır. Yuxarıda göstərilənlərdən də aydın olur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,07 ha hissəsindən könüllü şəkildə imtina etməmiş, cavabdehin nümayəndələri tərəfindən aldadılaraq həmin torpaq sahəsinin sahəsinin mülkiyyət çıxarışında azaldılmasına razılıq vermişdir. Belə ki, cavabdehin tərəfindən həmin razılıq ərizəsi olmadan ona qalan torpağın da hüquq müəyyənedici sənədinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Nəticədə o, öz qanuni torpağının bir hissəsindən məhrum edilmiş və hal-hazırda da cavabdeh özünün yol verdiyi səhvi düzəltməkdən imtina edir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mülkiyyətinə verilmiş mübahisələndirilən 0,07 ha torpaq sahəsinin qarşısında olan və magistral boru kəmərinə daha da yaxınlıqda yerləşən sahəsi 400 kvadrat metr olan başqa torpaq sahəsi 2013-cü ildə cavabdeh tərəfindən ********** qeydiyyat nömrəsi altında vətəndaş X1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır ki, bu hal da cavabdehin müraciətinə verdiyi imtinanın əsassızlığını bir daha sübuta yetirir. Bu səbəbdən hesab edir ki, cavabdehin mübahisələndirilən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri verməkdən imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməli və mənim pozulmuş hüququm bərpa olunmalıdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların İnzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uygun hərəkət etməyə borcludur. Azərbaycan Respulikası İnzibatı-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və İddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, JN-655A, KOD 30801006 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə İddiaçı 0,12 ha torpaq sahəsi ayrılmışdır. Aparılan araşdırma zamanı 0,12 ha torpaq sahəsinin 0,07 ha hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Odur ki, İddiaçı xx.xx.2020ci il tarixli 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququndan imtina ərizəsi əsasında yerdə qalan 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarh şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məhkəmənin sorğusuna və iddiaya münasibətində bildirmişdir ki, kəmərlər müvafiq aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla 2011-2012-ci illərdə tikilib istifadəyə verilmişdir. Kəmərlərinin layihələndirilməsinə verilən mühəndis texniki göstərişlər sənədindən göründüyü kimi razılaşdırılmış qurumlar sırasında Abşeron rayon və Sumqayıt şəhər İcra Hakimiyyətləri də vardır. İddiaçıya Abşeron rayonu Aqrar İslahat Komissiyası tərəfindən ayrıldığı və həmin sənəd əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən şəhadətnamə verildiyini, həmin icra hakimiyyəti qurumları razılaşmalar zamanı nəzərə almalı və mülki qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülməli idi. Bununla yanaşı, iddiaçı sözügedən torpaq sahəsinin mülkiyyətində olduğunu iddia etdiyi halda, həmin torpaq sahəsində uzun müddət ərzində kəmər tikildiyindən xəbərsiz olmuş, buna etiraz etməmiş və qanunvericiliyə uyğun müvafiq zəruri tədbirlər görməmişdir. Qeyd olunanlara, eləcə də qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən hesab edirlər ki, iş üzrə Cavabdehin torpaq sahəsinin sözügedən kəmərlərin mühafizə zonasına düşən hissəsinə münasibətdə qeydiyyatdan imtinası əsaslı olmuşdur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki:
1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu Xırdalan şəhəri ərazisinə yerləşən və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 03 iyun 2004-cü il tarixli, JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.07 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, JN-655A, KOD 30801006 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə İddiaçı 0,12 ha torpaq sahəsi ayrılmışdır. Aparılan araşdırma zamanı 0,12 ha torpaq sahəsinin 0,07 ha hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Odur ki, İddiaçı xx.xx.2020-ci il tarixli 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququndan imtina ərizəsi əsasında yerdə qalan 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iddiaya münasibətində bildirmişdir ki, kəmərlər müvafiq aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla 2011-2012-ci illərdə tikilib istifadəyə verilmişdir. Kəmərlərinin layihələndirilməsinə verilən mühəndis texniki göstərişlər sənədindən göründüyü kimi razılaşdırılmış qurumlar sırasında Abşeron rayon və Sumqayıt şəhər İcra Hakimiyyətləri də vardır. İddiaçıya Abşeron rayonu Aqrar İslahat Komissiyası tərəfindən ayrıldığı və həmin sənəd əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən şəhadətnamə verildiyini, həmin icra hakimiyyəti qurumları razılaşmalar zamanı nəzərə almalı və mülki qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülməli idi. Bununla yanaşı, iddiaçı sözügedən torpaq sahəsinin mülkiyyətində olduğunu iddia etdiyi halda, həmin torpaq sahəsində uzun müddət ərzində kəmər tikildiyindən xəbərsiz olmuş, buna etiraz etməmiş və qanunvericiliyə uyğun müvafiq zəruri tədbirlər görməmişdir. Üçüncü şəxs cavabdeh orqanın imtinasını əsaslı hesab etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, JN-655A, KOD 30801006 torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997ci il tarixli 249 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında İddiaçı mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən JN:655A nömrəli şəhadətnamədə (Abşeron rayonu Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 249 saylı qərarı ilə verilmişdir) qeyd olunan 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. xx.xx.2010-cu il tarixdə JN:655A nömrəli şəhadətnamədə əsasında İddiaçı adına 0.05 ha torpaq sahəsinə (Vətəndaşın ərizəsinə əsasən 0.12 ha torpaq sahəsindən 0.07 ha hissəsi neft kəmərinin mühafizə zolağına düşdüyü üçün imtina edilmişdir) daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair ********** qeydiyyat və **********38 reyestr nömrəli çıxarış verilmişdir. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə/9-1360 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.05 ha torpaq sahəsi X3 adına özgəninkiləşdirilmişdir. xx.xx.2011-ci il tarixdə X3 adına 0.05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair ********** qeydiyyat və **********38 reyestr nömrəli çıxarış verilmişdir. Abşeron rayonu notaruisu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/3323 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.05 ha torpaq sahəsindən 0.015 ha hissəsi X5 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.035 ha torpaq sahəsinə X3 adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair ********** qeydiyyat və **********96 reyestr nömrəli çıxarış verilmişdir. Hal-hazırda mülkiyyətindədir. JN-655A KOD 30801006 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayonu Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 249 saylı qərarı arxiv əsaslarında aşkar edilmədiyi üçün təsdiq olunmuş surətinin verilməsi mümkün olmamışdır. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********76 saylı məktubu) Belə ki, iş materiallarından və işin hallarından göründüyü kimi iddiaçıya torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə 0.12 ha olmaqla ayrılmış, JN-655A, KOD 30801006 torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilmişdir. Neft boru kəmərləri isə sonradan-2011-2012-ci illərdə çəkilmişdir. Göründüyü kimi torpaq sahəsində neft-boru kəmərlərinin tikilməsi həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına səbəb ola bilərdi. Lakin məhkəmə hesab edir ki, daşınmaz əmlakların dövlət ehtiyacları üçün geri alınması halında müvafiq kompensasiyanın verilməsi təminatı olduğu üçün, bu hal iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən : 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu Xırdalan şəhəri ərazisinə yerləşən və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 03 iyun 2004-cü il tarixli, JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.07 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev