Məhkəmə qərarları › İş №2-1(118)-315/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-315/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-315/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi qulluqçuların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi qulluqçuların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu şəhid polkovnik - leytenant X5 N saylı hərbi hissənin kəşfiyyat qrupunun komandiri vəzifəsində xidmət etməşdir. Xidmət etdiyi 23 il müddətində Dövlətimizə qüsursuz xidmət göstərmişdir. Xidmət zamanı Türkiyə Respublikasının Silahlı Qüvvələrinin bir çox təlim - məşq kurslarında iştirak etmişdir və bir çox təltiflərə layiq görülmüşdür. 2020-ci ildə ermənistan ordusunun Azərbaycan Respublikasının ərazisinə hücumu zamanı ərazi bütövlüyümüzün müdafiəsi uğurunda gedən 44 günlük şiddətli döyüşlər zamanı Suqovuşan uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Bundan sonra Dövlətimiz tərəfindən bir çox adlarla təltif edilmişdir. Lakin bütün bunlara baxmayaraq ona qanunvericilikdə nəzərdə tutulmuş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi qaydalarına cavabdeh tərəfindən məhəl qoyulmur və müxtəlif bəhanələr gətirərək kompensasiya verməkdən yayınırlar. Bu məsələ ilə əlaqədar dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də heç bir nəticə olmamış və tövsiyə etmişlər ki, məhkəməyə müraciət etmək məqsədə müvafiqdir. Buna görə də o, Müdafiə Nazirliyindən imtina cavabı aldıqdan sonra bunların hərəkətlərindən və ya ( hərəkətsizliyindən ) bezərək öz hüquqlarının və maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri: Şifahi məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının mərhum övladı X2 tutduğu N nömrəli hərbi hissənin komandiri vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilməmişdir. Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığa digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalarına uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyildir. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 15 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mərhum övladı X2 tutduğu “079 nömrəl hərbi hissənin komandiri” vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilmədiyindən Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığa digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalarına uyğun olaraq onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən tərtib edilmiş 60 saylı, 30 may 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, polkovnik-leytenant X5 həqiqətən xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək qismən səfərbərlikdə N saylı hərbi hissədə Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir, AR SQ BQR-nin 069 saylı, xx.xx.2004-cü il tarixli əmri ilə “Kəşfiyyat və REM İxtisası” üzrə 1-ci məharət dərəcəsi verilmişdir, AR MN-nin 01157 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən “HXH” Əsasnamənin 167-ci maddəsinin “a” bəndinə (həlak olduğu üçün) müvafiq olaraq xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış hesab edilmiş, xx.xx.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur, ölüm döyüş əməliyyatlarında iştirak edərkən xidməti vəzifəsinin icrası ilə bağlıdır, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri X6 dəfn olunmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin 1891 saylı, 29 iyul 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, 2-ci Qarabağ müharibəsində döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarət nəticəsində həlak olmuş mayor X5 03 aprel 2001-ci il tarixindən 24 oktyabr 2013-cü il tarixinədək N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat-diversiya fəaliyyətində iştirak etməmişdir. Xidmət etdiyi dövrdə aşağıda qeyd edilən vəzifələrdə xidmət etmişdir; - Azərbaycan Respublikası Müdafiə nazirinin 24 mart 2001-ci il tarixli 00137 nömrəli əmri ilə xüsusi təyinatlı qrup komandirinin müavini; - Azərbaycan Respublikası Müdafiə nazirinin 12 yanvar 2003-cü il tarixli 006 nömrəli əmri ilə xüsusi təyinatlı qrup komandiri vəzifəsinə təyin edilib; - Azərbaycan Respublikası Müdafiə nazirinin 31 dekabr 2010- cu İl tarixli 00610 nömrəli əmri ilə xüsusi təyinatlı taborun gərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilib; - Azərbaycan Respublikası Müdafiə nazirinin 07 noyabr 2012- ci il tarixli 00351 nömrəli əmri ilə xüsusi təyinatlı tabor komandiri vəzifəsinə təyin edilib; - Azərbaycan Respublikası Müdafiə nazirinin 24 oktyabr 2013-cü il tarixli 00453 nömrəli əmri ilə şəxsi heyət baş idarəsinin kadrlar idarəsi rəisinin sərəncamına göndərilib. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 12 dekabr 2023-cü il tarixli məkubunda qeyd edilmişdir ki, şəhid polkovnik-leytenant X4 SHXÇDX-nin Binəqədi rayon İdarəsinə təhvil verilmiş MN-0042133 nömrəli “Zabitin şəxsi vəsiqəsi” xx.xx.2020-ci il tarixdə 38 saylı aktla (sıra sayı 17) məhv edilmişdir. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 28 yanvar 2005-ci il tarixli, 186 saylı Fərmanının 1-ci bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci bəndinə görə kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Qanunun 1.2-ci bəndinə görə kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Qanunun 1.3-cü bəndinə görə əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrıayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Qanunun 6-cı maddısinə görə: 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Qanunun 14.1-ci maddəsinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Qanu nun 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Qanunun 14.5-ci maddəsinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti vəsiqə verilir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi qanunvericilikdə kəşfiyyat və əks-kəşdiyyat subtektlərinin siyahısı imperativ olaraq təsbit edilmişdir. Məhkəmə tərəfindən mərhum, şəhid X1 və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısına daxil olub-olmaması, onun vəfat etdiyi dövrdə sonuncu tuduğu vəzifəsinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısına daxil olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyatı üzrə sorğular verilmişir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin 1891 saylı, 29 iyul 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, 2-ci Qarabağ müharibəsində döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarət nəticəsində həlak olmuş mayor X5 03 aprel 2001-ci il tarixindən 24 oktyabr 2013-cü il tarixinədək N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat-diversiya fəaliyyətində iştirak etməmişdir. Xidmət etdiyi dövrdə aşağıda qeyd edilən vəzifələrdə xidmət etmişdir; Azərbaycan Respublikası Müdafiə nazirinin 24 mart 2001-ci il tarixli 00137 nömrəli əmri ilə xüsusi təyinatlı qrup komandirinin müavini; Azərbaycan Respublikası Müdafiə nazirinin 12 yanvar 2003-cü il tarixli 006 nömrəli əmri ilə xüsusi təyinatlı qrup komandiri vəzifəsinə təyin edilib; Azərbaycan Respublikası Müdafiə nazirinin 31 dekabr 2010-cu İl tarixli 00610 nömrəli əmri ilə xüsusi təyinatlı taborun gərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilib; Azərbaycan Respublikası Müdafiə nazirinin 07 noyabr 2012- ci il tarixli 00351 nömrəli əmri ilə xüsusi təyinatlı tabor komandiri vəzifəsinə təyin edilib; Azərbaycan Respublikası Müdafiə nazirinin 24 oktyabr 2013-cü il tarixli 00453 nömrəli əmri ilə şəxsi heyət baş idarəsinin kadrlar idarəsi rəisinin sərəncamına göndərilib. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəhid X2 yerinə yetirdiyi vəzifə kəşfiyyat və əks-kəşdiyyat subtektlərinin sırasına daxil deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh Hərbi qulluqçuların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmətdə olduğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi qulluqçuların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi qulluqçuların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar