Məhkəmə qərarları › İş №2-1(118)-3152/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3152/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3152/2024 03.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, ev 6, 159 saylı mənzilin yenidən onun adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Kimyasənaye” İB-də işləmiş, işlədiyi dövrdə 1987-ci ildə order əsasında ona qeyd etdiyi, yəni Sumqayıt şəhəri 41-ci məhəllə, 18 saylı Yataqxananın 159 saylı otağı ona yaşamaq üçün verilmişdir. İddiaçı həmin vaxtdan bu günədək fasiləsiz bu ünvanda yaşayır, həmçinin qeydiyyatı da bu ünvanadır. Həmin mənzil ona rəsmi order əsasında verilmişdi. Lakin sonradan cavabdehin balansında olan 12 saylı MİS tərəfindən bütün mənzillərin orderləri vətəndaşlardan alındı. Sonrakı dövrlərdə həmin orderlər bəzi vətəndaşlara qaytarılsa da ona qaytarılmaqdan imtina olunur. Dəfələrlə 12 saylı MİS-ə müraciət etsə də müraciətinə baxılmır.Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək mənzilin yenidən onun adına rəsmiləşdirilməsini istəsə də, müraciətinə imtina cavabı verildi. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 18 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli, 153 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir.Həmin yataqxananın 159-cu otağı “Kimyasənaye” İB tərəfindən 1987-ci ildə İddiaçı ayrılmışdır.İddiaçı xx.xx.2023-cü il tarixində 12 saylı MKS-ə gələrək 5ci mikrorayon, ev 39/6b, mənzil 2 ünvanında öz həyat yoldaşı ilə birgə yaşaması barədə arayış təqdim edərək 1 il müddətinə sözügedən ünvanda yaşamayacağı haqqında ərizə yazmış, gəlini X3 və nəvələri X2, X1 yaşayacağını bildirmişdir.Daha sonra 12 saylı MKS tərəfindən onun gəlini və nəvələrinin həmin ünvanda yaşadıqları haqqında akt tərtib edilmiş, ancaq onlar bir müddət o ünvanda yaşadıqdan sonra Rusiyaya köçmüşlər. 3-4 ay sonra İddiaçı yenidən 12 saylı MKS-ə yaxınlaşaraq sözügedən yataxanada yaşaması ilə bağlı arayış istəmiş, lakin 12 saylı MKS tərəfindən bunun mümkünsüz olduğu vətəndaşa bildirilmişdir.Belə ki, sözügedən yataqxana xüsusi təyinatlı olmaqla vətəndaşa işlədiyi müəssisə tərəfindən ancaq həmin idarədə işlədiyi müddət ərzində verilir. İşdən çıxdıqda yataqxananı dövlətə təhvil verməlidir. Lakin bəzi vətəndaşların yaşayış yeri olmadığına görə onlar həmin yataqxanadan çıxarılmayıblar.Yuxarıda göstərilənləri əsas götürərək İddiaçı 5-ci mikrorayon, ev 39/6b, mənzil 2 ünvanında adına özəl mənzil olduğu üçün həmin yataqxananın 159 saylı otağının onun adına sənədləşdirilməsi imkan xaricindədir.Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 5-6-7/2-M-41/2023 nömrəli imtina məktubu, Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etiraz ərizəsi, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, MSK tərəfindən verilmiş ailə tərkibi haqqında arayış, Sumqayıt Dövlət Arxivi tərəfindən verilmiş 3-48-DA-10F/2-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub, Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-nin xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtıdan yaranmış olur. Sumqayıt Şəhər İcra Hakimiyyəti iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin baılansında olduğuna görə və qeyd olunan ərazi üzrə müvafiq mənzillərin vətəndaşlara verilməsi səlahiyyəti Sumqayıt Şəhər İcra Hakimiyyətinə aiddir. Belə olduğu tədqirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 5-6-7/2- M-41/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat ümumilikdə iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt Şəhərinin idarəçiliyi hüdudları daxilində yerləşdiyinə görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının bildirdiyinə görə xx.xx.1973-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Kimyasənaye” İB-də işləmiş, işlədiyi dövrdə müəssisə tərəfindən 1987-ci ildə order əsasında Sumqayıt şəhəri 41-ci məhəllə, 18 saylı Yataqxananın 159 saylı otağı yaşamaq üçün ona ayrılmışdır. İddiaçı həmin mənzili onun adına rəsmiləşirilməsini cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Hal-hazırda qeyd olunan xüsusi təyinatlı mənzil Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır. Mübahisəli mənzilin həqiqətən də iddiaçıya ayrılmasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq təşkilatlara sorğular göndərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, sözügedən mənzilə dair order mövcud deyildir. Eyni zamanda Sumqayıt Dövlət Arxivi tərəfindən verilmiş 3-48-DA-10F/2-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan da müəyyən olunur ki, məlumat əldə edilməsi zəruri olan müvafiq qərarın, orderin tarixi, nömrəsi təqdim ediləcəyi təqdirdə sorğunun cavablandırılmasının mümkün olması bildirilmişdir. Göründüyü kimi, mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənəd olan sözügedən orderin mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçının tələbinin təmin edilməsi qanuvericiliyə əsasən mümkün deyildir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları aşağıdakılardan ibarətdir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində kirayə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, kirayədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kirayədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə yaşayış sahəsini kirayə müqaviləsi yalnız kirayəçinin, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Kirayəçinin ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış kirayə müqaviləsi üzrə ilk kirayəçi əvəzinə özünün kirayəçi hesab edilməsini kirayəçi və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Kirayəçi öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, ev 6, 159 saylı mənzilin yenidən onun adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar