Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3155/2023 05.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qusar rayonu Balaqusar bələdiyyəsinə qarşı “Qusar rayon Balaqusar kəndi ərazisində yerləşən 0.03 ha torpağın satılması öhdəliyinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdeh Qusar rayonu Balaqusar bələdiyyəsinə qarşı “Qusar rayon Balaqusar kəndi ərazisində yerləşən 0.03 ha torpağın satılması öhdəliyinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Qusar Rayonu Balaqusar kəndində yaşayır və həmin kənd ərazisində atası Ağabəy Şahmirzəyev 15 mart 2017-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra onun Qusar Rayonu Balaqusar kəndində 0.5 ha həyətyanı torpaq sahəsi həmin torpaqda yerləşən yaşayış evi və atasına məxsus həmin torpaq sahəsinə bitişik 0.15 ha zəbt kimi bələdiyyə torpağı mövcuddur. Atası sağikən ona razılıq vermişdir ki, onun həyətyanı sahəsinə bitişik 0.15 ha zəbt torpaq sahəsinin 0.03 ha hissəsinin 30 kv.metr ərazisində o, fəaliyyət göstərir və vergi orqanlarında qeydiyyata alınaraq, torpaq sahəsi üçün müəyyən edilmiş vergiləri ödəyir. O, dəfələrlə cavabdeh təşkilata və digər orqanlara müraciət edərək, ona məxsus mağazanın yerləşdiyi hissəyə aid 0.03 ha zəbt torpağı qanuni əsaslarla - yəni alqı-satqı yolu ilə ona satmasını təklif və tələb etmişdir. Lakin üçüncü şəxs - qardaşı Nail Şahmirzəyev maneçilik törətdiyi üçün ona həmin torpağın satılması üçün qərar qəbul edə bilmədikləri bildirilərək, ona tələb etdiyi 0.03 ha torpağın satılmasından imtina etmişdir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Qusar Rayon Balaqusar Bələdiyyəsinin 18 noyabr 2022ci il tarixli məktubundan aşkar olur ki, o, 0.03 ha bələdiyyəyə aid torpağın ona satılması üçün müraciət etmişdir və cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə torpağın satılmasından imtina edərək, məsələsini onunla razılaşmaya gəlməyən üçüncü şəxs qardaşı N.Şahmirzəyevlə həll etməsini tövsiyyə etmişdir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2003-cü il tarixli aktdan aşkar olur ki, mübahisə predmenti olan 0.03 ha torpaq sahəsində onun istifadəsində 30 kv.metr olan tikinti vardır. O, mübahisə ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət etmişdir və qeyd olunan təşkilat ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Mərhum atasının həyətyanı sahəsinə bitişik 0.15 ha zəbt torpaq bələdiyyə mülkiyyətinə aiddir, üçünücü şəxs - qardaşı N.Şahmirzəyevə həmin torpağın 0.12 hissəsinin satılmasına onun etirazı olmayıb, ona obyektin yerləşdiyi zolaqda olan 0.03 ha torpağın hər hansı qaydada bələdiyyə tərəfindən satılmasını istəyir və həmin 0.03 ha torpaq ona satılarsa, o, mülkiyyətini təsdiq edən çıxarış alıb, həmin torpaqda yerləşən obyektində sənədlərini toplayıb qanuna uyğun öz adına rəsmiləşdirə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1- ci maddəsinə əsasən bələdiyyənin ərazisində daima yaşayan və eyni zamanda ən azı beş il müddətinə yaşayış yeri üzrə qeydiyyatda olan Azırbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əladə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədi, təyinatı həmin ərazinin yerquruluşu və təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planladırılması və tikinti layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu əsasnamənin 10-cu bəndində nəzərdə tutulan hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğa barədə qərar qəbul edir. Qeyd etdiyi əsaslarda göstərilən bütün parametlərə onun tələb etdiyi torpaq sahəsi uyğun gəlir və digər tərəfdən həmin ərazidə iddiaçının obyekti kimi obyektlər fəaliyyət göstərir. Hesab edir ki, cavabdeh 0.03 ha torpağın ona satılması üçün qərar qəbul etməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə İddiaçı hər hansı üstünlük hüququ yoxdur, torpaq sahəsi heç vaxt həmin şəxsin qanuni istifadəsində olmamış, bununla bağlı bələdiyyə ilə həmin şəxs arasında hər hansı müqavilə və ya digər razılaşma mövcud olmamışdır. Belə olan halda, iddiaçının bələdiyyədən torpaq sahəsini məcburi satın almaq hüququ yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı özünün iddia ərizəsində də qeyd etdiyi kimi satılmasını tələb etdiyi 0.03 ha torpaq sahəsini zəbt etmiş, qanunsuz olaraq istifadə edir. Zəbt etdiyi torpaq sahəsində özbaşına tikinti vardır. Həmin tikinti də Qusar rayonu Balaqusar bələdiyyəsinin iradəsinə zidd olaraq inşa olunmuş, qanunsuz olaraq orada mağaza kimi fəaliyyət göstərilir. Bundan başqa, iddiaçının tələb etdiyi 0.03 ha torpaq sahəsi onun mərhum atasının həyətyanı torpaq sahəsi ilə həmsərhəddir və həmin torpaq sahəsi ilə bağlı onunla öz qardaşı Nail Şahmirzəyev arasında uzun müddətdir ki, mübahisə mövcuddur. Bu səbəbdən də, torpaq sahəsinin İddiaçı satılması mümkün deyildir
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Qusar rayonu Balaqusar bələdiyyəsinin iddiaçıya ünvanladığı 18 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı onun üzərində sahəsi 30 kv.metr olan qeyri-yaşayış obeytkinin olduğunu və istifadə etdiyini bildirdiyi Qusar rayonu, Balaqusar kəndi ərazisində yerləşən 0.3 ha torpaq sahəsinin cavabdeh tərəfindən ona satılmasını tələb edir. İddiaçı eyni tələblə də cavabdehə müraciət etmiş, cavabdeh özünün 18 noyabr 2022-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qanunun 6.1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qanunun 6.2-ci bəndinə Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 6.5-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanunun haqqında 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qanununun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı da istisna hallarda nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Hazırki işdə iddiaçı onun üzərində sahəsi 30 kv.metr olan qeyri-yaşayış obeytkinin olduğunu və istifadə etdiyini bildirdiyi Qusar rayonu, Balaqusar kəndi ərazisində yerləşən 0.3 ha torpaq sahəsinin cavabdeh tərəfindən ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Hansı ki qanunvericilikdə fiziki şəxslərə torpaq sahəsinin ayrılmasının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi birbaşa olaraq göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsində qeyri-yaşayış obyekti mövcuddur, o cümlədən həmin torpaq sahəsinə dair əmlak vergisi İddiaçı tərəfindən ödənilir, lakin həmin torpaq sahəsi iddiaçının istifadəsində olmasına baxmayaraq sözügedən torpaq sahəsinə və ya onun müəyyən hissəsinə dair hərhansı hüquqmüəyyənedici sənədin mövcudluğu aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarını açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsini istisna edəcək hal hazırkı işdə müəyyən olunmamışdır. Ona görədə məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Qusar rayonu Balaqusar bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı təqdirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynəlxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəslərinin vətəndaşların mülkiyyətinə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki işdə də cavabdehin torpaq sahəsini mülkiyyətə ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qusar rayonu Balaqusar bələdiyyəsinə qarşı “Qusar rayon Balaqusar kəndi ərazisində yerləşən 0.03 ha torpağın satılması öhdəliyinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Qusar rayonu Balaqusar bələdiyyəsinə qarşı “Qusar rayon Balaqusar kəndi ərazisində yerləşən 0.03 ha torpağın satılması öhdəliyinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva