Məhkəmə qərarları › İş №2-1(118)-316/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-316/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-316/2024 12.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,80 ha torpaq sahəsinin üzərində icarə hüququnun qeydə alınmasını və çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,80 ha torpaq sahəsi ilə bağlı onunla Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi arasında 09 dekabr 2004-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarəyə götürdüyü torpaq sahəsi barədə kənd bələdiyyəsi müvafiq qərar və plan cizgi kimi sənədləri iddiaçıya təqdim etmişdir. Sözügedən müqavilənin 2.1-ci maddəsinə əsasən torpaq sahəsi iddiçıaya 99 il müddətinə icarəyə verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsinin üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hiiquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin idarənin rəisi Məmmədov Nazim müraciətə baxsa da, mübahisəli torpaq sahəsinin örüş və biçənək topraq növünə aid olduğuna görə fiziki və hüquqi şəxslərə on ildən on beş ilədək verilə bildiyini bildirmişdir. Bu səbəbdən qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyinə görə ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Cavadeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Ərazi idarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər, İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icrarə müddəti bitdiyinə görə, ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan: - Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarından görünür ki, 0,80 ha torpaq sahəsinin İddiaçı kənd təsərrüfatı məqsədilə icarəyə verilməsi qərara alınmışdır. - xx.xx.2004-cü il tarixli Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarə müqavilələrindən görünür ki, həmin müqavilənin predmetini Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0,80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsllarını istehsal etmək məqsədi ilə icarəyə verilməsi təşkil edir. Müqavilə 99 il müddətinə bağlanılmışdır. - DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, idarə Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin mülkiyyətindən 0,80 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə etiraz etmir. - DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,80 ha torpaq sahəsi barəsindədir. - Məhkəmə sorğusuna əsasən Şamaxı rayonu Məlhəm bələdiyyəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarının və həmin qərarla bağlı mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı Qərarı ilə iddiaçı X2 icarəyə verilmiş, naturada mövcud olan 0,80 ha torpaq sahəsini iddiaçı göstərdi və koordinatları müəyyən edilmiş, iddiaçı X1 naturada göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş (kollu) torpaqlarıdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İşin hallarından müəyyən edilir ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 19 saylı qərarı ilə 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Bundan sonra tətəflər arasında torpaq icarə müqaviləsi bağlanılmış və müqailənin müddəti 99 il müəyyən edilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. İddiaçı icarə hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh Torpaq Məcəlləsinin 16-cı maddəsinə istinad edərək örüş təyinatlı torpaq sahəsinin yalnız 15 ilədək icarəyə verilə biləcəyini və həmin müddətin (15 il) isə artıq bitdiyini bildirmiş və iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı Qərarı ilə iddiaçı X2 icarəyə verilmiş, naturada mövcud olan 0,80 ha torpaq sahəsi naturada mövcuddur, koordinatları bəllidir, iddiaçı X1 naturada göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş (kollu) torpaqlarıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsininin 4-cü bəndinə görə (24 fevral 2023-cü ilədək qüvvədə olmuş) Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Azərbaycan Respublikası 24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə edilmiş dəyişikliyə əsasən: M a d d ə 1 6 . Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Göründüyü kimi hazırda üvvədə olan torpaq qanunvericiliyinə görə örüş sahələri ilə bağlı icarə müqaviləsinin bağlanılması ilə bağlı hər hansı müddət məhdudiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır ki, bu hal iddiaçının vəziyyətini yaxşılaşdırır və cavabdehin imtina cavabında göstərilən dəlili aradan qaldırır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar