Məhkəmə qərarları › İş №2-1(118)-316/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-316/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-316/2025 12.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndələri X3 və X1 (baş mütəxəssis) iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZE seriyalı, ******** nömrəli “Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi”ndən görünür ki, İddiaçı 1 iyul 1959-cu il traixdə doğulmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 aprel 2022-ci il tarixli, **********5 nömrəli İddiaçı göndərilmiş “Pensiya məbləğinin hesablanması haqqında” məktubundan görünür ki, əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 27.385,59 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, 27.385,59 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 100 (27.385,59:100 (65 il - 62 il 8 ay = 28 ay+(144 ay-72 ay)=273,86 manat) aya bölünərək əmək pensiyanızın sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 517,16 (243,30+273,36) manat müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (421,79 manat) həmin artım qədər (273,86 manat) azaldılmışdır. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 517,16 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 147,93 (421,79-273,86) manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2022ci il tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 66,51 manat maddi yardım ödənilir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 iyun 2023-cü il tarixli, 3-17-1/2-H-140671/2023 nömrəli İddiaçı göndərilmiş “Pensiya məbləğinin hesablanması haqqında” məktubundan görünür ki, 1 mart 2001-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 665,09 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 421,79 manat. Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı 22 fevral 2022-ci il tarixdəki müraciətilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.385,59 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Nəticədə əmək pensiyasının sığorta hissəsi 513,33 manat, qulluq stajına görə əmək pensiyasına əlavə isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 151,76 manat müəyyən edilmişdir. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də topladığı pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. X5 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab olunmamışdır. Əmək pensiyasının yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda və ya işləyən əmək pensiyaçısı kimi pensiyanın topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 731,60 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 839,14 manata artırılaraq ödənilir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 12 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-209467/2023 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - 13 dekabr 1972-ci il tarixli, ИТ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti. - 14 aprel 2022-ci il tarixli, **********5 nömrəli İddiaçı göndərilmiş “Pensiya məbləğinin hesablanması haqqında” məktub. - 21 iyul 2022-ci il tarixli, **********7 nömrəli İddiaçı göndərilmiş “Pensiya məbləğinin hesablanması haqqında” məktub. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17 mart 2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, İddiaçı 2 mart 2001-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 665,09 manat, yenidən hesablanmış pensiya məbləği 665,09 manat, təminat xərcliyinin cəmi 701,65 manat məbləğində olaraq göstərilmişdir. -20 iyun 2023-cü il tarixli, 3-17-1/2-H-140671/2023 nömrəli İddiaçı göndərilmiş “Pensiya məbləğinin hesablanması haqqında” məktub.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidməti məktubundan görünür ki, İddiaçı Mərkəzi Filial tərəfindən 1 mart 2001-ci il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı əmək pensiyasının hesablanması üçün 22 fevral 2022-ci il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Müvafiq araşdırma zamanı şəxsin vəzifə maaşının düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar, verilmiş sorğuya cavab olaraq təqdim edilmiş məlumatlara əsasən adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanaraq 691,07 manat müəyyən edilmiş və keçmiş üç il müddət üçün hesablanmışdır. İddiaçı əmək pensiyası təyin edildikdən sonra onun Mərkəzi Filiala 22 fevral 2022-ci il tarixli müraciəti nəzərə alınmaqla 1 mart 2022-ci il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı 27.451 manat təşkil etmişdir. Həmin 27.451 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 100 aya bölünməklə (27.451:100 ay (65 il-62 il 8 ay=28 ay+72 ay (144 ay-72 ay))=274,51 manat) həmin tarixədək müəyyən olunmuş pensiyasının (691,07 manat) üzərinə əlavə edilərək onun əmək pensiyası həmin tarixdən 965,58 (691,07+274,51) manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 26.4-cü maddəsinə əsasən 1 yanvar 2023-cü il tarixdən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixdən ümumi əmək pensiyalarının Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilməsi ilə əlaqədar onun pensiyası 1.319,71 manat məbləğində müəyyən edilərək ona ödənilir. Qeyd olunanlara əsasən adıçəkilən şəxsin əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8.706,18 manat fərq məbləği cari ilin may ayından etibarən hissə-hissə (hər ay 229,11 manat) pensiyasının (1.319,71 manat) üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 may 2025-ci il tarixli, 3-17-1/2-120945/2025 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İddiaçı dair tərtib edilmiş 99977 nömrəli “Pensiyaçının uçot vərəqəsi”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 9 aprel 2024cü il tarixli, 3-17-1/3-7-4238/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, İddiaçı 2 mart 2001-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 933,12 manat, yenidən hesablanmış pensiya məbləği 1.319,71 manat, təminat xərcliyinin cəmi 731,05 manat məbləğində olaraq göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 mart 2025-ci il tarixli, 3-17-1/3-3-5718/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, İddiaçı 2 mart 2001-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 1.426,61 manat, yenidən hesablanmış pensiya məbləği 1.528,08 manat, təminat xərcliyinin cəmi 731,05 manat məbləğində olaraq göstərilmişdir.

b)Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin hallarına (§1-3) onunla əsaslandırılmışdır ki, iddiaçı 1 iyul 1959-cu il tarixdə ünvan 3ində anadan olmuşdur. Hazırda ünvan 3i ünvanında pasport qeydiyyatında olmaqla ünvan 4tiki yaşayır. Müharibə veteranıdır. Hazırkı iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən “pensiya məbləğinin hesablanması haqqında” müraciətinə imtina etməsi ilə bağlıdır. Belə ki, 24 may 2023-cü il tarixdə cavabdeh təşkilata pensiya məbləğinin hesablanması ilə bağlı müraciət etmiş, cavabdehin 20 iyun 2023-cü il tarixli məktubu ilə müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, pensiya məbləği düzgün hesablanmamışdır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 37.3.1, 37.3.2, 37.3.2-1, prosessual hüquqi əsası kimi isə İPM-in 2.1-ci maddələrinə istinad olunmuşdur.

10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması” barədə 17 mart 2022-ci il tarixli, **********5 saylı qərarını ləğv etməklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı qarşı tərəfin nümayəndəsi tərəfindən cavabdehin “Əmək pensiyasının yenidən hesablanması” barədə 17 mart 2022-ci il tarixli, **********5 saylı qərarını təqdim etmiş və həmin qərarda iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması qaydasından da görünür ki, bu hesablama düzgün aparılmamış, sığorta kapitalında toplanan vəsait pensiya artımına əsas verdiyi halda cavabdeh iddiaçıya 2022-ci il tarixdən 665,09 manat pensiya təyin etməklə kifayətlənmişdir. İddiaçıya qərarın surəti verilməmiş, yalnız qarşı tərəf qərarın surətini məhkəmə prosesində təqdim etdiyi üçün o, belə bir qərarın qəbul edilməsindən məlumatlı olmuşdur. Halbuki 2005-ci ildən pensiya təyin edilmiş və bu illər ərzində həmin pensiya artmaqla, 2022-ci ildə artıq 665 manat olmuşdur, eyni zamanda iddiaçı pensiyaya çıxdıqdan sonra əmək fəaliyyəti ilə məşğul olduğu üçün iddiaçının şəxsi hesabında toplanan sığorta kapitalı pensiyasının yenidən hesablanan zaman (2022-ci ildə) təxminən 27.000 manat təşkil etmişdir. Cavabdeh orqanın yanaşmasından belə aydın olur ki, iddiaçının pensiyaya çıxdıqdan sonra (2005-ci ildən) işlədiyi və hər ay əmək haqqından tutulan sosial sığorta ayırmalarının və toplanan sosial sığorta kapitalının pensiya artımına hər hansı bir təsiri yoxdur, belə hesab edir ki, bu cavabdeh orqan tərəfindən iddiaçıya qarşı edilmiş haqsızlıqdır, cavabdeh orqanın pensiyanın yenidən hesablanması barədə qərarını tamamilə qanunsuz hesab edir.

12. İddiaçı bir daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 14 mart 2025-ci il tarixli, 3-17-1/3 3- 5718/2025 saylı qərarın ləğv edilməsi və iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 11 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

15. Cavabdeh iddia ərizəsinə etiraz və etiraza əlavə təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 1 mart 2001-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla, əmək pensiyası 665,09 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi - 421,79 manat. Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı 22 fevral 2022-ci il tarixdəki müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.385,59 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1, 29.2, 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Nəticədə əmək pensiyasının sığorta hissəsi 513,33 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 151,76 manat müəyyən edilmişdir. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də topladığı pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 731,60 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 839,14 manata artırılaraq ödənilməkdədir.

17. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 26.4, 29.2, 37.3.1, 37.3.2-1, 45, prosessual hüquqi əsası kimi isə İPM-in 47.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımiqaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin digər səlahiyyətli nümayəndəsi X2 etirazın dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iddiaçı ilk dəfə fevral 2022-ci il tarixdə pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmiş, həmin vaxtda mövcud olan qanunvericiliyə əsasən pensiya məbləği hesablanmış, növbəti müraciəti 31 yanvar 2024-cü il tarixdə edilmiş, pensiya məbləği təzə qaydalar əsasında birinci müraciətin tarixindən hesablanmış, işləyən pensiyaçısı olduğu üçün, 6 illik müddət də hesablanmışdır. 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2022-ci il tarixədək olan pensiya kapitalı 27.450 manat təşkil etmişdir. İddiaçının e-sosial elektron məlumat bazasında olan kapital ümumi, yəni 2025-ci ilədək göstərilmişdir. Pensiya məbləği cavabdeh orqan tərəfindən 2022-ci ildə olan kapitala əsasən hesablanmış, ondan sonra 4 dəfə indeksasiya olunmuşdur: 1 mart 2022-ci il – 31 dekabr 2022-ci il tarixədək 10% maddi yardım + 14,7%, 2024-cü ildə 11,2%, 2025-də 8,1% hesablanıb, indeksasiya olunmuşdur. İddiaçı 6 yanvar 2025-ci il tarixdə işdən çıxmışdır. Yeni pensiya məbləği hesablanarkən, əvvəlki 2022-ci ilə kimi hesablanmış və mövcud olan kapital götürülmür. Belə ki, iddiaçının 1 mart 2022-ci il tarixədək yığdığı pensiya kapitalı 37.000 manat təşkil etmişdir. Daha sonra işdən çıxdığı, yəni 6 yanvar 2025-ci il tarixədək yenidən hesablanma olmuş və 7.305 manat pensiya kapitalı hesablanmışdır. Ümumilikdə isə 44.000 manatdan artıq məbləğdə pensiya kapitalı mövcuddur. Hesablama qaydasına əsasən, iddiaçının pensiya almaq hüququ 1 mart 2022-ci il tarixdə yaranmış, həmin tarixdən iddiaçının 1959-cu il təvəllüdü çıxılmış, qalan ayların sayından vətəndaşın yaşına uyğun olaraq 62 il 8 ay çıxılmışdır. Sonda iddiaçının işlədiyi ayların sayı ümumilikdə 100 ay müəyyən olunmuşdur. Daha sonra, kapital 100-ə bölünmüş, 274 manat məbləği müəyyən edilərək, 2022-də hesablanmış 691 manatın üzərinə əlavə edilmişdir. Sonuncu dəfə əlavələrlə birlikdə ümumi pensiya məbləği 1.528 manat olaraq təyin edilmişdir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı izahat verərək, iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əmək müqaviləsinə 2025-ci il tarixdə xitam verilmiş, lakin qalan pensiya kapitalı, yəni 14.771 manata 102 manat aylıq pensiya məbləği müəyyən olunmuşdur. Qeyd etmişdir ki, uzun müddət Daxili İşlər orqanlarında xidmət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması şəxslərin müraciəti əsasında həyata keçirilir. Ona məxsus ümumi sığorta stajının məbləğinin hal-hazırda 42.222 manat təşkil etdiyini bildirmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X3 etirazı müdafiə etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

26. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

27. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-) 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (-)

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən və dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

32. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-) 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; (-)

Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: ... bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır: ... sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; ... sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; ... sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir; qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir; Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. ...

33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-)

34. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

35. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi:

36. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

38. İddiaçı tələbinin əsası kimi bildirir ki, 24 may 2023-cü il tarixdə cavabdeh təşkilata pensiya məbləğinin hesablanması ilə bağlı müraciət etmiş, cavabdeh müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və pensiya məbləğinin hesablaması düzgün aparılmamış, sığorta kapitalında toplanan vəsait pensiya artımına əsas verdiyi halda cavabdeh iddiaçıya 2022-ci il tarixdən 665,09 manat pensiya təyin etməklə kifayətlənmişdir. Belə ki, 2005-ci ildən pensiya təyin edilmiş və bu illər ərzində həmin pensiya artmaqla, 2022-ci ildə artıq 665 manat olmuşdur, eyni zamanda iddiaçı pensiyaya çıxdıqdan sonra əmək fəaliyyəti ilə məşğul olduğu üçün iddiaçının şəxsi hesabında toplanan sığorta kapitalı pensiyasının yenidən hesablanan zaman (2022-ci ildə) təxminən 27.000 manat təşkil etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın yanaşmasından iddiaçının pensiyaya çıxdıqdan sonra işlədiyi və hər ay əmək haqqından tutulan sosial sığorta ayırmalarının və toplanan sosial sığorta kapitalının pensiya artımına hər hansı bir təsirinin olmadığı müəyyən olunur.

39. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək bildirir ki, iddiaçıya 1 mart 2001-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla, əmək pensiyasının sığorta hissəsi - 243,30 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi - 421,79 manat, ümumilikdə 665,09 manat məbləğində ödənilmişdir. Pensiyasının yenidən hesablanması ilə bağlı 22 fevral 2022-ci il tarixdəki müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.385,59 manat pensiya sığorta kapitalı əsasında qanunvericiliyə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Nəticədə əmək pensiyasının sığorta hissəsi 513,33 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 151,76 manat müəyyən edilmişdir. Belə ki, müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur.

40. Məhkəmə İPM-in 11, 12, 15-ci maddələrinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyini və təqdim etdikləri sənədləri araşdıraraq müvafiq sorğular da göndərməklə araşdırmışdır.

41. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, §63; McMichael Birləşmiş Krallığa qarşı, §80; Vermeulen Belçikaya qarşı, §33; Lobo Portuqaliyaya qarşı, §31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən sonuncu qəbul edilmiş və qüvvədə olan 14 mart 2025-ci il tarixli, 3- 17-1/3-3-5718/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ilə 2 mart 2001-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 1.426,61 manat, yenidən hesablanmış pensiya məbləği 1.528,08 manat, təminat xərcliyinin cəmi 731,05 manat məbləğində müəyyən edilmişdir.

43. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, əmək pensiyası təyin edildikdən sonra onun Mərkəzi Filiala 22 fevral 2022-ci il tarixli müraciəti nəzərə alınmaqla 1 mart 2022-ci il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı 27.451 manat təşkil etmişdir. Həmin 27.451 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 100 aya bölünməklə (27.451:100 ay (65 il-62 il 8 ay=28 ay+72 ay (144 ay-72 ay))=274,51 manat) həmin tarixədək müəyyən olunmuş pensiyasının (691,07 manat) üzərinə əlavə edilərək onun əmək pensiyası həmin tarixdən 965,58 (691,07+274,51) manat məbləğində hesablanmışdır.

44. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya münasibətdə aparılmış hesablamanın mötəbərliyinin müəyyən edilməsi məqsədilə, məhkəmə iclasında cavabdeh orqanın mütəxəssisinin iştirakını təmin etmişdir.

45. Mütəxəssis tərəfindən verilmiş məlumatlara əsasən, iddiaçı ilk dəfə fevral 2022-ci il tarixdə pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmiş, həmin vaxtda mövcud olan qanunvericiliyə əsasən pensiya məbləği hesablanmış, növbəti müraciəti 31 yanvar 2024-cü il tarixdə edilmiş, pensiya məbləği təzə qaydalar əsasında birinci müraciətin tarixindən hesablanmış, işləyən pensiyaçısı olduğu üçün, 6 illik müddət də hesablanmışdır. 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2022-ci il tarixədək olan pensiya kapitalı 27.450 manat təşkil etmişdir. İddiaçının e-sosial elektron məlumat bazasında olan kapital ümumi, yəni 2025-ci ilədək göstərilmişdir. Pensiya məbləği cavabdeh orqan tərəfindən 2022-ci ildə olan kapitala əsasən hesablanmış, ondan sonra 4 dəfə indeksasiya olunmuşdur: 1 mart 2022-ci il – 31 dekabr 2022-ci il tarixədək 10% maddi yardım + 14,7%, 2024-cü ildə 11,2%, 2025-də 8,1% hesablanıb, indeksasiya olunmuşdur. İddiaçı 6 yanvar 2025-ci il tarixdə işdən çıxmışdır. Yeni pensiya məbləği hesablanarkən, əvvəlki 2022-ci ilə kimi hesablanmış və mövcud olan kapital götürülmür. Belə ki, iddiaçının 1 mart 2022-ci il tarixədək yığdığı pensiya kapitalı 37.000 manat təşkil etmişdir. Daha sonra işdən çıxdığı, yəni 6 yanvar 2025-ci il tarixədək yenidən hesablanma olmuş və 7.305 manat pensiya kapitalı hesablanmışdır. Ümumilikdə isə 44.000 manatdan artıq məbləğdə pensiya kapitalı mövcuddur. Hesablama qaydasına əsasən, iddiaçının pensiya almaq hüququ 1 mart 2022-ci il tarixdə yaranmış, həmin tarixdən iddiaçının 1959-cu il təvəllüdü çıxılmış, qalan ayların sayından vətəndaşın yaşına uyğun olaraq 62 il 8 ay çıxılmışdır. Sonda iddiaçının işlədiyi ayların sayı ümumilikdə 100 ay müəyyən olunmuşdur. Daha sonra, kapital 100-ə bölünmüş, 274 manat məbləği müəyyən edilərək, 2022-də hesablanmış 691 manatın üzərinə əlavə edilmişdir. Sonuncu dəfə əlavələrlə birlikdə ümumi pensiya məbləği 1.528 manat olaraq təyin edilmişdir.

46. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya dair 14 mart 2025-ci il tarixli, 3-17- 1/3-3-5718/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qəbul edilərək, pensiya məbləğinin hesablanması düzgün aparılmış, beləliklə də, hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

47. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 14 mart 2025-ci il tarixli, 3-17-1/3 3-5718/2025 saylı qərarın ləğv edilməsi və iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar