Məhkəmə qərarları › İş №2-1(118)-3179/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3179/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3179/2022 12.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdehnə qarşı “Şabran rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(031)-82/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar icra işi üzrə icraatın dayandırılmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı iddia qaldıraraq “Şabran rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(031)-82/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar icra işi üzrə icraatın dayandırılmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X5 iddiaçının mərhum atası X1 qarşı Şabran rayonu Maytablı kəndində yerləşən torpaq sahəsindən istifadəyə hər hansı bir formada maneçilik törətməyin aradan qaldırılması barədə məhkəməyə iddia ərizəsi vermiş və Şabran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(031)-82/2018 saylı qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Cavabdehnə göndərilmişdir. İddiaçı mübahisə predmeti olan bu torpaq sahəsinin ona icarəyə verilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda o, atasının vəfatı ilə əlaqədar Şabran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasının dayandırılması ilə əlaqədar Cavabdehnə müraciət etmişdir. Lakin əfsuslar olsun ki, dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh orqan tərəfindən iddiaçıya heç bir rəsmi cavab verilməmiş və icra işi üzrə icraat dayandırılmamışdır. Əksinə, bu iş üzrə xx.xx.2022-ci il tarixinə icra hərəkətlərinin yerinə yetirilməsi təyin edilmişdir. Bununla da cavabdeh tərəfindən “İcra haqqında” AR Qanununun 17-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Qanunun tələbinə görə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Yəni, “İcra haqqında” AR Qanununun bu norması konkret olaraq yeni iddianın verilməsi ilə əlaqədar icra işi üzrə icraatın dayandırılmasının məcburi olduğunu göstərmişdir. Hal-hazırda iddiaçının verdiyi iddia ərizəsi mübahisə predmeti olan torpaq sahəsinin adıma rəsmiləşdirilməsi barədədir. Yəni icra işinin predmeti olan torpaq sahəsi ilə birbaşa əlaqədardır. Ona görə də hesab edir ki, iddiaçının inzibati Məhkəməyə verdiyi iddia ərizəsinə baxılıb qurtarana qədər hal-hazırki icra işi üzrə icraat dayandırılmalıdır. Eyni zamanda “icra haqqında” AR Qanununun 17-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquqi varisliyə yol verirsə, borclu öldükdə ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Mərhum atası xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Hal-hazırda rəsmi olaraq onun vərəsəsi elan edilməmişdir. Ona görə də bu baxımdan da hal-hazırki iş üzrə icraat dayandırılmalı olduğu halda, icraçı tərəfindən dayandırılmamışdır. “İcra haqqında" AR Qanununun 87-ci maddəsinə görə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarından görsənir ki, iddiaçı Cavabdeh məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən narazıdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar