Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-318/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov, ev 1A-da yaşayan ) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı 65 yaşı tamam olduğuna görə 02.07.2021-ci il tarixindən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığlılan pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 65 yaşı tamam olduğuna görə 02.07.2021-ci il tarixindən hesablanaraq əmək pensiyasını təyin edilməsi və yığlılan pensiya məbləğinin hesablanaraq ödənilməsi üçün lazım olnan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 12.11.2021-ci il tarixli qərardadı ilə DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının cavabdeh qismində prosesual iştirakına xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialı cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasına əsasən o, 19.11.1991-ci il - 18.02.2003-ci illər dövündə Goranboy rayonu Dəlimmədli kəndində müxtəlif vəzifələrdə çalışmışdır. Həmin 10 ildən artıq əmək fəaliyyəti ümumi iş stajına daxildir. Lakin Əmək və İhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı həmin illər ərzindəki iş stajını təsdiq etmək üçün digər sənədləri, o cümlədən əmrləri və s. təqdim edilməsini tələb edir. O, əmək kitabçasında da göstərilən ümumi 10 ildən artıq stajını təsdiq edən sənədi həmin müəssisələrdən tələb etsə də, ona bildirilmişdir ki, arxiv sənədləri saxlanılmadığı üçün həmin dövrlərin araşdırılması imkan xaricindədir. Buna görə cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izah etdi ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşma çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulum 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 18 il 00 ay 23 gün təşkil edir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan: - AA № 03800427 seriaylı şəxsiyyət vəqisəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. - İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, 10.05.1983-cü ildə əmək fəaliyyətinə başlamış, 18.02.2003-cü ilədək müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən 19.11.1991-ci il tarixdən 23.12.1992-ci il tarixədək Dəlimmmədli qəsəbə kommunal müəssisələri kombinatında, 05.03.1993-cü il tarixdən 25.07.1996-cı il tarixədək Dəliməmmədli qəsəbə kooptədarük sənaye müəssisəsində, 02.07.1996-cı il tarixdən 01.09.1998-ci il tarixədək Yuxarı Sarov kəndli fermer təsərrüfatında, 01.09.1998-ci il tarixdən 01.08.2000-ci il tarixədək “Sarvan” sahibkar müəssisəsində, 12.08.2000-ci il tarixdən 17.07.2002-ci il tarixədək Sarovlu kənd məktəbində, 17.07.2002-ci il tarixdən 18.02.2003-cü il tarixədək Goranboy rayon İcra Hakimiyyəti Dəliməmmədli qəsəbə nümayəndəliyində işləmişdir. - Goranboy rayon Dövlət Arxivinin DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 22.11.2021-ci il tarixli 85 saylı arxiv arayışndan görünür ki, ”Dəliməmmədli qəsəbə Kooptədarük sənaye müəssisəsi”nin “Yuxarı Sarov kəndli fermer təsərrfatı” –nın və “Sarvan sahibkar müəssisəsi”nin şəxsi heyət üzrə arxiv sənədləri mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilməmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 25.11.2021-ci il tarixli məktubundan görünür ki, elektron uçot-məlumat bazasına əsasən”Dəliməmmədli qəsəbə Kooptədarük sənaye müəssisəsi” “Yuxarı Sarov kəndli fermer təsərrfatı” və “Sarvan sahibkar müəssisəsi” barədə hüquqi şəxs kimi vergi orqanlarında hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə məlumatın, həmçinin kağız daşıyıcısında olan arxiv sənədlərində adı qeyd edilən müəssisələrə aid sənədlərin olmadığı müəyyən edilmişdir. -Goranboy rayon Kooperativ Cəmiyyəti və DSMF-nin 17 saylı regional ərazi filialının əməkdaşları tərəfindən tərtib edilmiş 23.12.2021-ci il tarixli aktdan görünür ki, Goranboy rayon Kooperativ Cəmiyyətində saxlanılan Goranboy Aqrokoperativinin əmrlər kitabına əsasən İddiaçı 25.07.1996-cı il 10 saylı əmrlə işdən azad edildiyi qeyd edilmişdir. İddiaçı işə girməsi ilə bağlı heç bir əmr aşkar edilməmişdir. -Goranboy rayon İcra Hakimiyyəti başçısının 16.07.2002-ci il tarixli 65 saylı əmrindən görünür ki, İddiaçı Goranboy rayon Dəliməmmədli şəhərində nümayəndəsi təyin edilmişdir. -Goranboy rayon İcra Hakimiyyəti başçısının 18.02.2003-ci il tarixli 18 saylı əmrindən görünür ki, İddiaçı Goranboy rayon Dəliməmmədli şəhərində nümayəndəsi vəzifəsindən azad edilmişdir. -DSMF-nin 17 saylı Regional ərazi filialının 17.12.2021-ci il tarixli aktından görünür ki, İddiaçı 19.11.1991-ci il tarixdən 23.12.1992-ci il tarixədək həmin idarədə baş mühasib işləmişdir. -DSMF-nin 1 saylı Regional Ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 25.07.2021-ci il tarixli **********2 saylı məktubdan görünür ki, iddiaçının 19.11.1991-ci il tarixdən 23.12.1992-ci il tarixədək Dəlimmmədli qəsəbə kommunal müəssisələri kombinatında, 05.03.1993-cü il tarixdən 25.07.1996-cı il tarixədək Dəliməmmədli qəsəbə kooptədarük sənaye müəssisəsində, 02.07.1996-cı il tarixdən 01.09.1998-ci il tarixədək Yuxarı Sarov kəndli fermer təsərrüfatında, 01.09.1998-ci il tarixdən 01.08.2000-ci il tarixədək “Sarvan” sahibkar müəssisəsində, 12.08.2000-ci il tarixdən 17.07.2002-ci il tarixədək Sarovlu kənd məktəbində, 17.07.2002-ci il tarixdən 18.02.2003-cü il tarixədək Goranboy rayon İcra Hakimiyyəti Dəliməmmədli qəsəbə nümayəndəliyində işlədiyi dövrlərin yoxlanılması zərurəti yaranmışdır. Göstərilən dövrlərin iş stajı yoxlanıldıqdan sonra pensiya hüququna baxılacaqdır. -Cavabdeh orqan tərəfindən iddiaçıya verilən 27.08.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 18 il 00 ay 23 gün təşkil edir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmənin sorğusuna ƏMDK tərəfindən verilmiş 12.01.2022-ci il tarixli **********39 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Müraciətdə adıçəkilən müəssisələr haqqında dövlət əmlakının Registrində heç bir məlumat qeydə alınmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 19.11.1991-ci il tarixdən 23.12.1992-ci il tarixədək Dəlimmmədli qəsəbə kommunal müəssisələri kombinatında, 05.03.1993-cü il tarixdən 25.07.1996-cı il tarixədək Dəliməmmədli qəsəbə kooptədarük sənaye müəssisəsində, 02.07.1996-cı il tarixdən 01.09.1998-ci il tarixədək Yuxarı Sarov kəndli fermer təsərrüfatında, 01.09.1998-ci il tarixdən 01.08.2000-ci il tarixədək “Sarvan” sahibkar müəssisəsində, 12.08.2000-ci il tarixdən 17.07.2002-ci il tarixədək Sarovlu kənd məktəbində, 17.07.2002-ci il tarixdən 18.02.2003-cü il tarixədək Goranboy rayon İcra Hakimiyyəti Dəliməmmədli qəsəbə nümayəndəliyində işlədiyi dövrdəki iş stajını mübahisələndirir. Belə ki, cavabdeh iddiaçının həmin dövrdə işə qəbul edilib və azad edilməsi, həmçinin əmək haqqı cədvəllərinin aşkar edilməməsi əsası ilə həmin dövrü sosial sığorta stajına qəbul etməkdən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mübahisəli dövrlərdə istinad olunan müəssisələrdə işləməsini təsdiq edən sübut kimi əmək kitabçasını təqdim etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının 19.11.1991-ci il tarixdən 23.12.1992-ci il tarixədək Dəlimmmədli qəsəbə kommunal müəssisələri kombinatında işləməsi, 25.07.1996-cı il tarixdə Dəliməmmədli qəsəbə kooptədarük sənaye müəssisəsindən işdən azad edilməsi və 17.07.2002-ci il tarixdən 18.02.2003-cü il tarixədək Goranboy rayon İcra Hakimiyyəti Dəliməmmədli qəsəbə nümayəndəliyində işləməsi təsdiq edilsə də, 02.07.1996-cı il tarixdən 01.09.1998-ci il tarixədək Yuxarı Sarov kəndli fermer təsərrüfatında, 01.09.1998-ci il tarixdən 01.08.2000-ci il tarixədək “Sarvan” sahibkar müəssisəsində, 12.08.2000-ci il tarixdən 17.07.2002-ci il tarixədək Sarovlu kənd məktəbində işləməsini təsdiq edən əmrlər və əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Əmrlərin aşkar edildiyi müəssisələrdə işlədiyi dövr isə cəmi 5 il 24 gün təşkil edir ki, bu hal mübahisələndirilməyən dövrlə cəmləndikdə 25 il təşkil etmir. Bundan başqa 12 saylı Ərazi Vergilər İdarəsinə verilmiş sorğu nəticəsində məlum olmuşdur ki, ”Dəliməmmədli qəsəbə Kooptədarük sənaye müəssisəsi” “Yuxarı Sarov kəndli fermer təsərrfatı” və “Sarvan sahibkar müəssisəsi ümumiyyətlə hüquqi şəxs kimi qeydə alınmamışdır. Həmin dövrdə qeydiyyatdan keçməyən müəssisədə vətəndaşın işləməsi faktı şübhə doğurur. Məhkəmə hesab edir ki, iddiaçının ”Dəliməmmədli qəsəbə Kooptədarük sənaye müəssisəsi” “Yuxarı Sarov kəndli fermer təsərrfatı” və “Sarvan sahibkar müəssisəsində işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-318/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-318/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver