Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3186/2025 13.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən iddiaçının əlilliyinin müəyyənləşdirilməməsinin qanunsuz hesab edilməsi və əlilliyinin düzgün müəyyənləşdirilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı 2018-ci ildən ümumi xəstəlik nəticəsində 1 və İİ Qarabağ müharibəsi İİ qrup əlili olmuşdir. Ambulator kartadan çıxarışdan və xəstəliyinə dair sənədlərdən və epikrizdən görünür ki, ÜİX Gərginlik stenokardiyası 3 F.S, artrerial hipertenziya 2-ci dərəcə risk 4, şəkərli diabet 2 tip orta ağır forma, Nevrasteniya. Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f/s. Durğunluq ürək çatışmamazlığı. Xroniki ürək çatışmamazlığı İİİ mərhələ. İşemik kardiomiopatiya. Miokardm aşağı divarının təkrar infarktı Ürək anevrizjnası. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [f-yij, arterial hipertenziya İİİ dərəcə əlavə risk İV. Şüşəyəbənzər cisimin digər bulanmaları. Şüşəvari cisimin bulanmaları, insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip. Diabetik angiopatiya. Diabetik polinevropatiya. Diabetik retinopatiya. Generalize edilmiş həyəcan pozuntuları, yayılmış həyəcan nevrozu. Xroniki səthi qastrit. Böyrək daşları. Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyusı, Qaraciyərin piy ' distrofıyası. Digər dəmir defısitli anemiyalar. Dəmir defısitli anemiyalar, Digər xroniki pankreatitlər. Xroniki pankreatit. Lakin 2023-cü ilin dekabr ayına qədər əlilliyin verilməsi davam etmiş, sonradan əlilliyin verilməsi dayandırılmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da müayinəyə dair məlumatın verilməsinə dair arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “əlilliyin qiymətləndirilməsi Qaydasf’na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişi əsasında qiymətləndirilir. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və dəyişikliklər nəticəsində əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq xx.xx.2022-cü il tarixli 187 nömrəli Qərarı təsdiq edilmişdir. (Bundan sonra-Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi - Sosial Ekspertiza Komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi - Sosial Ekspertiza və Reailitasiya Agentliyinin (bundan sonra- Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Növbəti müayinəyə göndərilmiş lakin, cavabdeh idarə əlilliyi müvafiq qaydada müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh idarə müayinələr aparılması üçün lazımi mərkəzlərə və tibbi müəssisələrə göndəriş verilməmişdir. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində mənə əlillik verilməsindən imtina edilməsi cavabı qeydə alınmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək müddətin ötürülməsini onunla izah etmişdir ki, yenidən göndəriş verilməsi üçün xəstəxanaya müraciət etmiş, lakin ona imtina edildikdən sonra yenidən məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddia mümkünsüz iddiadır. Çünki iddiaçı cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinadan 30 gün müddətində məhkəmə müraciət etməmiş və müddəti ötürmüşdür. Bundan başqa Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx ) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 01612 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Şəkərli diabet İİ (ikinci) tip, orta ağır forma, subkompensasiya mərhələsi. Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, İİ (ikinci) funksional sinif. Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Hər iki gözün diabetik angiopatiyası. İkitərəfli nefrolitiaz. İ (birinci) dərəcəli alimentarkonstitusional piylənmə (BÇİ-29,66).” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Burun tənəffüsünün pozulmaması ilə burun arakəsməsinin əyriliyi.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürəyindəki narahatlıqdan, yüksək arterial təzyiqdən şikayətlənmiş, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Gündə üç dəfə qarın nahiyəsinə insulin vurduğunu, arterial təzyiqə qarşı qəbul etdiyi dərmanların adını bilmədiyini qeyd etmişdir. Müayinə zamanı vətəndaşın arterial təzyiqi 210/110 mm cv.st., ürək tonları aydın olmuşdur. Arterial təzyiqin bu qədər yüksək olması təzyiqi yüksəltmək üçün dərman qəbuluna, həmçinin qarın nahiyəsinə baxış zamanı insulin istifadə etməsinə şübhə yaratmışdır. Başın sol təpə nahiyəsində çapıq izlənilmiş, hər iki topuq və ayaqarxası nahiyədə periferik arteriyalar üzərində nəbz normal hiss edilmişdir. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “ÜİX. Gərginlik stenokardiyası. XÜÇ-1 F.S. Arterial hipertenziya, 2 dərəcə risk 4. Şəkərli diabet, 2 tip, orta ağır forma. Nevrasteniya.” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu, hər iki ön tibial arteriya-grade 2 angiopatiyası. Bifazik axımlar” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Müayinə zamanı tək-tək ekstrasistoliyalar (çoxlu sayda) qeydə alındı. Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=65%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min-MÇ qeyd edilir.” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis OD=0.7. Vis OS=0.7. OU-Şüşəbənzər cisimdə tək- tək bulanmalar. Göz dibi: Patoloji əlamətlər yoxdur.” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək müddətin ötürüldüyünü, iddianın mümkünsüz olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə məcburetmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı eyni iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etsə də, məhkəmə iclası zamanı iddia ərizəsinin geri götürülməsi barədə ərizə təqdim etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılaraq, icraata xitam verilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə iddiaçı eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bundan sonra əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən həyata keçirilir və onun nəticəsində əlilliyin müəyyən olunmasına dair qərar qəbul edilir. Belə ki, iddiaçıya əlilliyin bərpası ilə bağlı müraciətinə baxılması üçün ilkin olaraq tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş olmalıdır. Bundan sonra isə iddiaçı cavabdeh inzibati orqanın qərar və hərəkətlərindən narazı qalarsa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə imkanlarından istifadə etməsi istisna edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova