Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3189/2025 19.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə (Açar sözlər: bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukraynanın S.Kuznets adına X2 Universiteti tərəfindən verilmiş B23 №180628 nömrəli, xx.xx.2023-cü il tarixli bakalavr Diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsi və Ukraynanın S.Kuznets adına X2 Universiteti tərəfindən verilmiş B23 №180628 nömrəli, xx.xx.2023-cü il tarixli bakalavr Diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.2001-ci ildə anadan olmuş və orta təhsilini başa vurduqdan sonra 2018-ci ildə Ukraynanın S.Kuznetç adına X2 Universitetinə keçirilən qəbul imtihanlarında iştirak etməklə həmin ali təhsil ocağının «maliyyə kredit» fakültəsinə qiyabi bölmə üzrə qəbul olunmuş və 2023-cü ildə bu ali tədris müəssisəsinin müvəffəqiyyətlə bitirməklə ona B23 «180628 nömrəli xx.xx.2023-cü il tarixli bakalavr pilləsi üzrə Diplom verilmişdir. İxtisası üzrə Azərbaycan Respublikasında işlə təmin olunmaq məqsədi ilə tələb olunan müvafiq sənədləri də toplamaqla cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü ildə qəbul etdiyi Qərarla onun xarici ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina elmiş və bunu onunla əsaslandırmışdır ki, guya onun təhsil aldığı müddətdə təhsil aldığı dövlətin ərazisində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş normativ müddət üzrə həmin dövlətin ərazisində olmamağı müəyyən edilmiş və bu səbəbdən də imtina üçün əsaslar yaranmışdır. Cavabdehin bu imtinası tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.28-ci bəndinə əsasən, Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə, bakalavr - bakalavriatı bilirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir.Həmin Qanunun 1.0.8-ci maddəsinə görə, bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyala keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə, distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə, əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Həmin Qanunun 13.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyala keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndində deyilir ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa);- xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda,lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 saylı qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili" Qaydalarının 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində əyani, qiyabi, distant (məsafədən) təhsilalma formaları müəyyən edilmiş, Qaydaların 7-1-ci bəndində nəzərdə tutulmuşdur ki, evdə təhsil alan uşaqların ümumi təhsilinin distant formada təşkili qaydaları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Oxuduğu ali təhsil müəssisəsi tərəfindən verilmiş diploma əlavədə onun bütün proqram üzrə təhsildə iştirakı və imtahan nəticələri öz təsdiqini tapmış və buna görə də ona diplom verilmişdir, o, universitetə qəbul olunduqdan sonra 2018 və 2019-cu illərdə ildə 2 dəfə olmaqla təşkil edilmiş dərslərdə semestr imtahanlarında iştirak etmiş və bu illərdə həmin dövlətdə olmağı ona məxsus vətəndaş pasportunda olan qeydlərlə də təsdiq olunur. Lakin 2020-ci ildə başlanan pandemiya səbəbindən yollar bağlanmış və bu səbəbdən də Aərbaycan Respublikası hüdudlarından kənara çıxana bilməmiş və bütün təhvil müəssisələrində olduğu kimi dərslər onlayn qaydada təşkil olunmuşdur. Hətta Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində 2020-2021-ci illərdə əyani təhsil belə pandemiya ilə bağlı onlayn qaydada təşkil olunmuş və bu hal bəzi ali təhsil müəssisələrində 2022-ci ilədək davam etmişdir. 2022-ci il fevral ayının 23-də Ukraynada hərbi vəziyyətlə bağlı dərslər yenə də onlayn qaydada aparılmış və imtahanları da onlayn qaydada vermişdir. Onun bilik və bacarığı məqbul hesab olunaraq ali təhsil müəssisəsini bitirməyi ilə bağlı diplom verilmişdir. Cavabdeh tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına əlahiddə olaraq deyil, tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəmə imkanlarm baxımından qiymət verməli idi. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan əlavə, həmçinin konkret müddət ərzində şəxsin tədris yükünü yerinə yetirməsi və mənimsəməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalı idi.Mənə münasibətdə təhsil aldığım məktəbin imtahan komissiyası mənim biliyimi qiymətləndirməklə mənə bakalavr diplomunu təqdim etmişdir. Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ləlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 1.28-ci bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydalarf'nın 1.1-ci bəndinə görə, bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və dövlət standartları əsasında ali təhsilin bakalavriat səviyyəsində təhsilin məzmunu və təşkili qaydalarını tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə görə, bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bilirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzun elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani, qiyabi, distant və sərbəst (eksternal) təhsilalma formaları müəyyən edilir. Distant və eksternal formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələr əsasında həyala keçirilir. Cavabdehin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etməsi üçün səbəb ola bilən mənfi rəy yalnız "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində sadalanan hallarda verilə bilər. Cavabdehin istinad etdiyi hal isə həmin bənddə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarf'nın 1.6-cı bəndinin üçüncü abzasında isə deyilir ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Qaydaların və Sazişin qeyd olunan normalarını da pozmuşdur. İddiaçının pasportunda təhsil aldığı illər ərzində dəfələrlə Azərbaycana giriş-çıxışı barədə qeydlər vurulmuş və onun təhsil müddətində təhsil aldığı dövlətin ərazisində olmağını həmin universitet yetərli hesab edərək bu diplomu vermişdir. Təhsil aldığı müddətdə pandemiya səbəbindən yolların bağlanması və daha sonra Ukraynada baş vermiş hərbi əməliyyatlar sonrakı illərdə həmin dövlətə girişinə maneə yaratmış, lakin buna baxmayaraq təhsildən və tədris proqramından geri qalmamaq üçün oxumuş, imtahanları da müvəffəqiyyətlə vermişdir. Lakin cavabdeh orqan bu halları iddiaçının təhsil aldığı müddətdə pandemiyadan və müharibədən yaranan üzürlü səbəbləri nəzərə almamış və diplomu tanımaqdan imtina etmişdir. Halbuki onunla eyni vaxtda bu məktəbdə oxuyan, eyni əsaslarla gedib-gələn bir çox tələbənin diplomu cavabdeh orqan tərəfindən tanınmışdır,lakin ona münasibətdə ayrı seçkiliyə yol verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən ona verilmiş xx.xx.2023 -cü il tarixli, B23 № 180628 nömrəli diplom üzrə əldə etdiyi “Maliyyə iqtisadiyyatı” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarf’na (bundan sonra-Qaydarlar) uyğun olaraq aparılmışdır. Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hərsemestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalan”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericlikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir. Halbuki bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir) Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: 18-19-17 gün 19-20 -11 gün + pandemiya dövrü 20-21 - Getməyib (Pandemiya dövrü) 21-22 - Getməyib (Pandemiya dövrü) 22-23 - Getməyib Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki: “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər”. Eyni qərarın 29-cü bəndində qeyd olunmuşdur ki: “Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2377/2023 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: “Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cü il tarixli, 2-1(102)-1306/2024 saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: " Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. ” "Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalandırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Yekun olaraq qeyd etmək istərdik ki, Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1- ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 15 oktyabr 2024-cü il tarixli NA00033359 saylı qərarı ilə iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetinin əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanlığının xx.xx.2024-cü il tarixli 38/1594 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində “Maliyyə, bank işi və sığorta" ixtisası, ‘‘Maliyyə və kredit" təhsil proqramı üzrə qiyabi təhsil formasında təhsil almışdır. Qiyabi formada normativ təhsil müddəti 4 il 10 aydır. 2019/2020 tədris ilində Ukrayna Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 211 saylı “COVİD- 19 koronovirusun Ukrayna ərazisində yayılmasının qarşısının alınması haqqında" Qətnaməsinə əsasən imtahan sessiyasını xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə vermişdir. Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/9- 154 saylı məktubunun, S.Kuznets adına XMİU rektorunun xx.xx.2020-ci il tarixli 46 saylı əmrinin icrası üçün və distant texnologiyalardan istifadə edərək tədris nəticələrinin və ali təhsilin keyfiyyətinin qiymətləndirilməsinin təşkili haqqında Əsasnaməyə uyğun olaraq 2019/2020 tədris ilinin imtahan sessiyası onlayn keçirilmişdir. Diplom işinin müdafiəsinin nəticələrinə əsasən 17 saylı İmtahan Komissiyası (xx.xx.2023 il tarixli 2 saylı protokol) tərəfindən İddiaçı maliyyə, bank işi və sığorta bakalavrı dərəcəsi verilmiş, xx.xx.2023 il tarixində B23 № 180628 bakalavr diplomu və ona 756378 saylı əlavə verilmişdir. B23 180628 saylı X3 əsasən 2023-cü ildə Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin tam kursunu bitirmiş (2018-ci ildə Simon Kuznets adma Xarkov Milli İqtisadiyyat Universitetinə daxil olub) və Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən akkreditə olunmuş "Maliyyə və Kredit” tədris proqramı, "Menecment və İdarəçilik" təhsil sahəsinin "Maliyyə, bank işi və sığorta” proqramı üzrə Bakalavr dərəcəsinə layiq görülmüşdür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 14 mart 2025-ci il tarixli 3-38-33/2-930/2025 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 2018-2024-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə xx.xx.2018 Çıxış Ukrayna xx.xx.2018 Giriş Ukrayna xx.xx.2019 Çıxış Ukrayna xx.xx.2019 Giriş Rusiya xx.xx.2019 Çıxış Ukrayna xx.xx.2019 Giriş Ukrayna Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia məcburetmə haqqında iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddia müddətinə əməl edilmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Ukraynanın S.Kuznets adına X2 Universiteti tərəfindən verilmiş B23 №180628 nömrəli, xx.xx.2023-cü il tarixli bakalavr Diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən ona verilmiş xx.xx.2023 -cü il tarixli, B23 № 180628 nömrəli diplom üzrə əldə etdiyi “Maliyyə iqtisadiyyatı” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” Bənd 3.2. Tədrisin təşkili ... 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: ... 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: ... 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində “Maliyyə, bank işi və sığorta" ixtisası, ‘‘Maliyyə və kredit" təhsil proqramı üzrə qiyabi təhsil formasında təhsil almışdır. Qiyabi formada normativ təhsil müddəti 4 il 10 aydır. Qiyabi təhsil alan tələbə istiqamətverici sessiyada iştirak etmədikdə imtahan sessiyasına müstəqil hazırlaşmağa və distant məsləhət almağa imkan verən Universitet tərəfindən hazırlanmış fərdi tədris sistemlərindən istifadə etməklə növbəti imtahan sessiyası üçün tapşırıqların alınması nəzərdə tutulub, həmçinin istiqamətverici və imtahan sessiyalarının birləşdirilməsinə icazə verilir. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 kursun və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müddətə 2 kursun istiqamətverici sessiyalarında iştirak etmişdir. Universitet administrasiyasının icazəsi ilə o, aşağıdakı cədvəl üzrə imtahan sessiyalarını vermişdir: Kurs İmtahan sessiyasının verilməsi 1 kurs xx.xx.2019-xx.xx.2019 2019/2020 tədris ilində Ukrayna Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 211 saylı “COVİD- 19 koronovirusun Ukrayna ərazisində yayılmasının qarşısının alınması haqqında" Qətnaməsinə əsasən imtahan sessiyasını xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə vermişdir. Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/9- 154 saylı məktubunun, S.Kuznets adına XMİU rektorunun xx.xx.2020-ci il tarixli 46 saylı əmrinin icrası üçün və distant texnologiyalardan istifadə edərək tədris nəticələrinin və ali təhsilin keyfiyyətinin qiymətləndirilməsinin təşkili haqqında Əsasnaməyə uyğun olaraq 2019/2020 tədris ilinin imtahan sessiyası onlayn keçirilmişdir. Karantinin uzadılması əlaqədar olaraq, Ukrayna Nazirlər Kabinetinin 09 sentyabr 2020-ci il tarixli 1236 saylı "SARS-CoV-2 koronovirusun yaratdığı COVİD-19 kəskin respirator xəstəliyinin Ukrayna ərazisində yayılmasının qarşısının alınması üçün karantin tətbiq edilməsi və məhdudlaşdırım epidemiya əleyhinə tədbirlərin tətbiqi haqqında" Qətnaməsi ilə və S.Kuznets adma XMİU-də distant texnologiyalardan istifadə edərək tədris nəticələrinin və ali təhsilin keyfiyyətinin qiymətləndirilməsinin təşkili haqqında Əsasnaməyə uyğun olaraq 2020/2021 ilin istiqamətverici və imtahan sessiyaları onlayn keçirilmişdir (xx.xx.2020-xx.xx.2020 və xx.xx.2021-xx.xx.2021). Ukraynada hərbi vəziyyətin tətbiqi nəticəsində imtahan sessiyası S.Kuznets adına XMİU Elmi Şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş Hərbi vəziyyət şəraitində S.Kuznets adına XMİU-də istiqamətverici və imtahan sessiyalarının keçirilməsi Qaydasına uyğun olaraq distant texnologiyalardan istifadə edilməklə keçirilib (xx.xx.2022xx.xx.2022). Ukraynada hərbi vəziyyətin uzadılması ilə əlaqədar olaraq istiqamətverici və imtahan sessiyası S.Kuznets adına XMİU Elmi Şurasının xx.xx.2022 il tarixli qərarı ilə təsdiq edilmiş hərbi vəziyyət şəraitində S.Kuznets adına XMİU-də istiqamətverici və imtahan sessiyalarının keçirilməsi Qaydasına uyğun olaraq distant texnologiyalardan istifadə edilməklə keçirilib (xx.xx.2022 - xx.xx.2022 və xx.xx.2023 - xx.xx.2023). Həmçinin diplom işinin müdafiəsi distant texnologiyalardan istifadə edilməklə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə keçirilmişdir. Diplom işinin müdafiəsinin nəticələrinə əsasən 17 saylı İmtahan Komissiyası (xx.xx.2023 il tarixli 2 saylı protokol) tərəfindən İddiaçı maliyyə, bank işi və sığorta bakalavrı dərəcəsi verilmiş, xx.xx.2023 il tarixində B23 № 180628 bakalavr diplomu və ona 756378 saylı əlavə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 14 mart 2025-ci il tarixli 3-38-33/2-930/2025 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 2018-2024-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə xx.xx.2018 Çıxış Ukrayna xx.xx.2018 Giriş Ukrayna xx.xx.2019 Çıxış Ukrayna xx.xx.2019 Giriş Rusiya xx.xx.2019 Çıxış Ukrayna xx.xx.2019 Giriş Ukrayna Beləliklə, cavabdehin qeyd etdiyi əsaslar məhkəmə araşdırması ilə təsdiq edilməmişdir, Belə ki, iddiaçı 2018-ci il üzrə 17 gün, 2019-cu il üzrə İ semestr 20 gün (ümumvətəndaş pasportunun surətinə əsasən Ukrayna ərazisindən çıxış xx.xx.2019), 2019-cu il üzrə İİ semestr 10 gün təhsil aldığı xarici ölkədə olmuşdur. Pandemiya ilə əlaqədar və Ukraynada hərbi vəziyyətin tətbiqi və hərbi vəziyyətin uzadılması ilə əlaqədar olaraq istiqamərverici və imtahan sessiyaları, həmçinin diplom işinin müdafiəsi distant texnologiyalarından istifadə edilməklə keçirilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası oxşar işlər üzrə xx.xx.2024-cü il tarixli, 2- 1(102)-1783/2024 saylı qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.” “Təhsil haqqında” Qanunda Azərbaycan Respublikasında qəbul edilən təhsilalma formaları müəyyən edilmişdir. Bunlar əyani, qiyabi, distant (məsafətdən), sərbəst (eksternat) formalar olmaqla 4 növdən ibarətdir. Qanunun da mənasından göründüyü kimi qiyabi və distant (məsafədən) təhsil fərqləndirilmişdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Bu səbədən iddiaçıya münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalıdır. Ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması anlamına gəlmir. Mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsi qanunvericilik tərəfindən qadağan edilməmişdir. Beləliklə, diplom üzrə ixtisasın tanınmamasına əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin orqanın diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia növlərinə aid edildiyindən cavabdehin qərarının ləğv edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Ukraynanın S.Kuznets adına X2 Universiteti tərəfindən verilmiş B23 №180628 nömrəli, xx.xx.2023-cü il tarixli bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-3189/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3189/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver