Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-319/2020 13.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçıya 1992-ci il N-cü illərdə erməni millətçi dəstələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etmiş şəxs kimi “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinincavabdehin üzərinə qoyulması”barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin sentyabrın 5-də Mingəçevir şəhər Hərbi Komissarlığından Milli Orduya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Hərbi xidmətə çağırılıb. Həmin vaxtı, xx xxxxxx 2006-cı il tarixli arayışdan göründüyü kimi 69 nömrəli texniki peşə məktəbinin M.O.Rəsulzadə küçəsi 86/1-də yerləşən yataqxanasının 14-cü otağına xx xxxx 1992-ci ildən 1994-cii ilin iyun ayına kimi müvəqqəti pasport qeydiyyatında olub. Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən verilən arayışdan görünür ki, o, həqiqətən də Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli 77 nömrəli fərmanına əsasən xx xxxxxxxx 1992-ci il tarixdə həqiqi hərbi qulluğa çağırılıb. O, Hərbi Komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağırıldıqdan sonra N saylı hərbi hissənin tərkibində Sarıbaba dağı tərəfdə, Kosalar kəndi ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Daha sonra ordan qayıdıb gəlmiş N saylı hərbi hissənin tərkibində Laçın, Fərəcan kəndi tərəfdə döyüş bölgəsində hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Daha sonra Qubadlı zonası tərəfdə gedən döyüşlərə qatılmışdır. Horadiz tərəfə gəlib çatanda o, hərbi hissədən xəstəliklə əlaqədar olaraq buraxılıb. Kəskin hava şəraitində döyüşməyinin nəticəsi olaraq o, bərk xəstələnib (soyuqlayıb). Uzun müddət o, kəskin soyuqdəymədən (vərəmdən) əziyyət çəkib. Davamı olaraq da bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Mərkəzi Xəstəxanası Mingəçevir şəhər Rayonlararası Vərəm Dispanseri tərəfindən verilən arayışdan görünür ki, o, xx xxxxxx 1996- cı il tarixdən xx xxxxxxxx 1996cı il tarixə qədər "iki tərəfli infiltirativ ağciyər vərəmi" diaqnozu ilə müalicədə olub. O, bütün bu sənədlərlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı olaraq müraciət etsə də, ona imtina məktubu ilə bildirilmişdir ki, onun həmin ərazilərdə döyüşməyini təsdiq edən sənədlər təqdim edilməmişdir. Qeyd edir ki, həmin arayışlar üçün də müraciət edib və ona bildirilib ki, arxivdə məlumata rast gəlinməmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçının uçot kartında onun xx.xx.1992-ci ildə səfərbər olunması, N və N №-li hərbi hissələrdə xidmət etməsi, N-cü ilin dekabrında səhhəti ilə əlaqədar evinə buraxılması və bir daha hərbi hissəyə qayıtmaması, haqqında hərbi prokurorluğun qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsinə dair qeyd vardır. Azərbaycan Respublikası Müdafiə NazirliyiAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparmış hərbi hissələrin şəxsi heyətinin siyahısında olmuş hərbi qulluqçuların döyüşlərdə iştirak etməsi faktını inkar etmir. Lakin, cavabdehin döyüş əməliyyatlarında iştirak etmiş o hərbi qulluqçulara münasibətdə müharibə veteranı adı və vəsiqəsi verməsi öhdəliyi yaranmışdır ki, həmin şəxslər hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış olsun. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən buraxılmadığına görə iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsassızdır və təmin edilməməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N və N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı bu halların təkzibi, qanuni əsaslarla təxris olunması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-319/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-319/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver