Məhkəmə qərarları › İş №2-1(118)-319/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-319/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-319/2022 12.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qanuni istifadəsində olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən 66 kv.m torpaq sahəsinin özəlləşdirilərək 63,36 manata ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq “qanuni istifadəsində olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən 66 kv.m torpaq sahəsinin özəlləşdirilərək 63,36 manata ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət Notariat Kontorunda 25 fevral 1998-ci ildə З-m-66 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən o, X1 P.Ağayevə məxsus, Quba şəhəri, 29-cu məhəllədə, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini almışdır. Sonradan o, Quba rayon Birinci Dövlət Notariat Kontorunda 29 dekabr 1999-cu ildə 3-m-l52 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən X1 P.Ağayevə məxsus, Quba şəhəri, 29-cu məhəllədə, 42 kv.metr torpaq sahəsində yerləşən, əvvəlki yarımçıq mağaza tikintisi ilə yanaşı olan yarımçıq mağaza tikintisini də almışdır.Quba şəhər bələdiyyəsi sədrinin 25.05.2000-ci il tarixli, 25 saylı sərəncamı ilə ona aldığı yarımçıq mağaza tikintisinin yerində mağaza tikintisinə icazə verilmiş və Quba bələdiyyəsi tərəfindən tikintinin layihəsi təsdiq olunmuşdur. Həmçinin bələdiyyə tərəfindən tikinti aparılmalı ərazi göstərilməklə, Quba şəhərinin baş planından çıxarış təsdiq olunmuşdur. Sonradan o tikintini tam başa çatdırmaqla mağaza binası tikmişdir. Göstərilən mağazaya 1999-cu ildən hal-hazıra kimi sahiblik edir və faktiki olaraq mülkiyyətçi kimi hüquqlarını həyata keçirir. Mağazanın yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi qanun əsasında onun tərəfindən alınmaqla, o mağazanın tikintisini başa çatdırmışdır. Həmçinin bildirir ki, göstərilən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş mağazanın yerləşməsi və quruluşu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar ərizəyə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Torpaq islahatı aparılarkən mağaza binasının yerləşdiyi torpaq sahəsi müvafiq bölgü nəticəsində dövlət mülkiyyəti fonduna daxil olunmuşdur. Hal-hazırda qeyri-yaşayış binasının yerləşdiyi 66 kv.metr torpaq sahəsi onun qanuni İstifadəsində olmaqla dövlət mülkiyyətindədir. Ərizəsinə yuxarıda göstərilən sənədlərin surətlərini əlavə edərək, 06.09.2021-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və istifadəsində olan 66 kv.metr torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəsində bildirmişdir ki, ƏMDX tərəfindən müvafiq sənədlər və torpağın dəyərinin ödənilməsi barədə hesab təqdim olunan kimi torpağın dəyərinin dərhal Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsinə təminat verir. Lakin ƏMDX 16.09.2021-ci il tarixli, **********84 saylı məktubla torpaq sahəsinin ona satılmasından imtina etmiş, imtinanın səbəbi kimi göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il, 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnaməyə uyğun olaraq, tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasportu, torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və ayrıc aktı təqdim olunduqdan sonra müraciətdə qeyd edilən məsələyə baxıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba şəhəri, 29-cu məhəllədə yerləşən 66 kv.metr torpaq sahəsinin 63,36 manata iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edirlər ki, iddia rədd edilməlidir. İddiaçı 06.09.2021-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlər müraciətə əlavə edilmədiyindən, Əmlak Məsələləri Dövlət Xidmətinin 16.09.2021-ci il tarixli, **********84 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab verilərək zəruri sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi aşağıdakı sənədləri təqdim edir: ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 80 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Buna baxmayaraq, iddiaçı qanunvericiliklə tələb edilən yuxarıda qeyd edilən sənədləri müraciətinə əlavə etməmişdir. Həmçinin iddiaçının yuxanda qeyd olunan torpaq sahəsinin dəyərinin iddia tələbində göstərilən qiymətlərə uyğun hesablanmasına dair tələbi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin normaya əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilən yeni norma qanunvericiliyə əsasən 05.10.2016-cı il tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunmalıdır. Beləliklə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin özəlləşdirilməsindən imtina edilməmiş, yalnız qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edildikdən sonra iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. İddianın rədd edilməsini xahiş edirik. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Quba şəhər bələdiyyəsinin 25 saylı, 25 may 2000-ci il tarixli sərəncamından görünür ki, İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin 22-ci məhəlləsi ərazisindəki boş istifadəsiz ərazidən binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərti ilə 56 kvadrat metr sahədə mağaza tikintisinə icazə verilmişdir. - X2 ilə İddiaçı arasında bağlanmış 25 fevral 1998-ci il tarixli 3-m-66 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədən görünür ki, X2 tərəfindən XDS İK-nın 08.09.1992-ci il tarixli qərarı ilə ona ayrılmış Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 24 kv.m torpaq sahəsində yerləşən yararsız tikili İddiaçı satılması barədə müqavilə bağlanılmışdır. - X2 ilə İddiaçı arasında bağlanmış 25 dekabr 1999-cu il tarixli 3-m-152 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X2 tərəfindən XDS İK-nın 08.09.1992-ci il tarixli qərarı ilə ona ayrılmış Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 42 kv.m torpaq sahəsində yerləşən yararsız tikili İddiaçı satılması barədə müqavilə bağlanılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasportu, torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və ayrıc aktı təqdim edildikdən sonra müraciətdə qeyd etdiyiniz məsələyə baxıla bilər. - Məhkəməyə 10 mart tarixdə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məktubundan görünür ki, dövlət notariat ofisində 25 fevral 1998-ci il tarixdə 3M-66 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmiş, arxivdə saxlanılan 3M-152 reyestr nömrəli müqavilənin 12 noyabr 1999-cu il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. - Məhkəməyə 28 fevral 2022-ci il tarixdə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, Quba şəhəri, 29-cu məhəllədə, 24 kv.m torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X2 ilə İddiaçı arasında bağlanmış 25 fevral 1998-ci il tarixli 3-m-66 reyestr nömrəsi ilə təsdiq edilmiş və 25 dekabr 1999-cu il tarixli 3-m-152 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən X2 tərəfindən Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 24 kv.m torpaq sahəsində yerləşən yararsız tikili və 42 kv.m torpaq sahəsində yerləşən yararsız tikili İddiaçı satılmışdır. Quba şəhər bələdiyyəsinin 25 saylı, 25 may 2000-ci il tarixli sərəncamı ilə İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin 22-ci məhəlləsi ərazisindəki boş istifadəsiz ərazidən binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərti ilə 56 kvadrat metr sahədə mağaza tikintisinə icazə verilmişdir. İddiaçı sözügedən torpaq sahələrinin ona satılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 16 sentyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdi. Cavabdeh tərəfindən imtinanın əsası kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlt reyestrindən çıxarış, texniki pasportu, torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və ayrıc aktının inzibati orqana təqdim edilməməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının qeyd olunan torpaq sahələrini almasına əsas olan notarial qaydada təsdiq edilmiş müqavilələr məhkəmənin müvafiq sorğuları əsasında aşkar edilməmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 04 mart 2022-ci il tarixli məktubunda dövlət notariat ofisində 25 fevral 1998-ci il tarixdə 3M-66 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyi və arxivdə saxlanılan 3M-152 reyestr nömrəli müqavilənin 12 noyabr 1999-cu il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyinin müəyyən edildiyi qeyd edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmi Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Qeyd olunan əsasnamənin 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Sözügedən Əsasnamənin 12-ci maddəsinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsinə aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd olunan Əsasnamənin tələblərindən göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçisinin həmin torpaq sahəsini almaqda üstünlük hüquqları vardır. Bu zaman qeyd olunan obyektlərin altında yerləşən torpaq sahələrinin mülkiyyətçiləri müraciət əsasında və ya həmin torpaq sahəsini almağa niyyətləri olduğu halda qanunvericilikdə müəyyən edilmiş sənədləri təqdim etməklə həmin torpaq sahəsini birbaşa satın ala bilərlər. Lakin digər hallarda, yəni torpaq sahəsi üzərində yerləşən müəssisə və obyektin mülkiyyətçisi olmayan hər hansı bir şəxs tərəfindən torpaq sahəsi qeyd olunan əsasnamənin tələblərinə uyğun olaraq açıq hərrac vasitəsilə alına bilər. Hazırki işdə iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ona satılmasını tələb etsə də, həmin torpaq sahəsi üzərində yerləşən tikilinin onun mülkiyyətində olmasını təsdiq edən sənədləri nə inzibati icraat zamanı cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sənədlər isə torpaq sahəsinin ona satılması ilə bağlı müqavilələr və Quba şəhər bələdiyyəsinin ona şəhərin 22-ci məhəlləsi ərazisindəki boş istifadəsiz ərazidən binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərti ilə 56 kvadrat metr sahədə mağaza tikintisinə icazə verilməsinə dair sərəncamından ibarətdir. Qanunvericilikdə bələdiyyələrə onlara məxsus torpaq sahələrinə dair sərəncam vermək, həmin torpaq sahələrindən istifadə etmək, onlara sahiblik etmək hüquqlar verilsə də, dövlət mülkiyyətində, eyni zamanda ümumiyyətlə hər hansı bir mülkiyyət növündə olan torpaq sahələri üzərində yerləşən tikililərin tikintisinə icazə verilməsinə dair səlahiyyət verilməmişdir. Belə olan halda həmin sərəncam iddiaçıya sözügedən tikilinin altında yerləşən torpaq sahəsinin birbaşa ona satılmasına üstünlük hüququ vermir. Eyni zamanda sözügedən torpaq sahələrinə dair bağlanmış müqavilələrin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Beləliklə cavabdeh inzibati orqan tərəfindən sözügedən torpaq sahəsinin birbaşa iddiaçıya satılmasından imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Dövlət mülkiyyətində olan torpaq sahələrinin digər şəxslərə, yəni həmin torpaq sahəsi üzərində müəssisə və obyektin mülkiyyətçisi olmayan şəxslərə satışı açıq hərrac vasitəsilə həyata keçirilə bilər. Göründüyü kimi qanunvericiliklə həmin torpaq sahələrinin açıq hərracdan satışı ilə bağlı cavabdeh orqana diskresion səlahiyyətlər verilmişdir və məhkəmə araşdırması zamanı cavabdeh orqanın bu diskresion səlahiyyətlərinin hüdudlarından kənara çıxdığı müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qanuni istifadəsində olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən 66 kv.m torpaq sahəsinin özəlləşdirilərək 63,36 manata ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qanuni istifadəsində olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən 66 kv.m torpaq sahəsinin özəlləşdirilərək 63,36 manata ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar