Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3191/2025 26.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: hərracın və onun hüquqi nəticələrinin etibarsızlığı) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərracın və onun hüquqi nəticələrinin etibarsızlığı” tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 20 fevral 2007-ci il tarixli, 298 nömrəli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, icarədar Sumqayıt şəhər bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli, 67 nömrəli qərarına əsasən Sumqayıt şəhər X6 3 iyun 1992-ci il tarixli, 88 saylı sərəncamı əsasında Sumqayıt səhəri, 5-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 900 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə vermiş, icarəçi İddiaçı firması onu qəbul etmişdir. İcarə müqaviləsi 1 yanvar 2007-ci il tarixdən 31 dekabr 2009-cu il tarixədək bağlanılmışdır.
2. 24 iyul 2007-ci il tarixli, BRÇ seriyalı, 019370 nömrəli qəbzdən görünür ki, İddiaçı firması tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına 675 manat məbləğində 2001-2006-cı il dövrü üçün icarə haqqı ödənilmişdir.
3. 24 iyul 2007-ci il tarixli, BRÇ seriyalı, 019371 nömrəli qəbzdən görünür ki, İddiaçı firması tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına 561,60 manat məbləğində 2007- 2009-ci il dövrü üçün icarə haqqı ödənilmişdir.
4. 13 may 2010-cu il tarixli, 069719 nömrəli qəbzdən görünür ki, İddiaçı firması tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına 561,60 manat məbləğində 2010-2012-ci il dövrü üçün icarə haqqı ödənilmişdir.
5. 19 sentyabr 2017-ci il tarixli, 01 nömrəli “Hərrac protokolu”ndan görünür ki, İXMİMnin 133 saylı yanacaq doldurma məntəqəsinə (faydalı sahə 24,5 kv.m, torpaq sahəsi 987 kv.m) dair keçirilmiş hərracın qalibi X3r.
6. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin Sumqayıt şəhəri, 5-ci mikrorayon, 133 saylı, may 1996-cı il tarixli Bakı şəhəri Avtomobillərə Yanacaq doldurma idarəsinə dair texniki pasport.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 mart 2023-cü il tarixli, 3-21-3/2-3075/2023 nömrəli məktubundan görünür ki, müraciətdə qeyd olunan Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsi (keçmiş 5-ci mikrorayon, S.Vurğun küçəsi) ünvanında yerləşən Nika firmasına məxsus 133 saylı Yanacaqdoldurma məntəqəsinin özəlləşdiriİməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərman ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq 21 oktyabr 2016-cı il tarixdə qərar qəbul edilmiş, 19 sentyabr 2017-ci il tarixdə keçirilmiş hərracda hərracın qalibi tərəfindən satın alınmışdır. Odur ki, Xidmətin arxivində olan 133 saylı Yanacaqdoldurma məntəqəsinin alıcısı ilə bağlanılmış 19 sentyabr 2017-ci il tarixli, 3622 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 19 sentyabr 2017-ci il tarixli, 01 nömrəli hərrac protokolunun təsdiq olunmuş surətləri təqdim edilmişdir.
8. Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin 23 dekabr 1994-cü il tarixli, 159 nömrəli əmri.
9. İddiaçı firmasının 6 sentyabr 1996-cı il tarixli, 09/12-22 nömrəli Dövlət Yanacaq Komitəsinə göndərilmiş məktub.
10. 23 dekabr 1994-cü il tarixli İddiaçı firması və Dövlət Yanacaq Komitəsi arasında bağlanılmış “Təhvil-qəbul” Aktı.
11. Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin 27 dekabr 1994-cü il tarixli, 162 nömrəli əmri.
12. İddiaçı firmasının 12 avqust 1996-cı il tarixli, 08/1112-17 nömrəli Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinə göndərdiyi məktubu.
13. Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin 5 sentyabr 1996-cı il tarixli, 02-10/625 nömrəli İddiaçı firmasına göndərilmiş məktubu.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2025-ci il tarixli, 3-21-3/2-3073/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - 19 sentyabr 2017-ci il tarixli, 01 nömrəli “Hərrac protokolu” (§5); - 19 sentyabr 2017-ci il tarixli, 3622 nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini alıcı X1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi şöbəsi tərəfindən 19 sentyabr 2017-ci il tarixdə keçirilən hərracda 1 nömrəli protokola əsasən satın-aldığı 133 saylı yanacaq-doldurma məntəqəsi (ümumi faydalı sahəsi – 24,5 kv.m) və 987 kv.m torpaq sahəsini təşkil edir. Satıcı satır, alıcı isə həmin müqavilədə göstərilən şərtlərlə Sumqayıt səhəri, Nəsimi parkı, Şərq hissəsi ünvanında yerləşən 133 saylı yanacaq-doldurma məntəqəsi və torpaq sahəsini hərracdan satış qiyməti ilə 50.000 satın-alır.
15. Dövlət Arxivinin Sumqayıt Filialının 4 mart 2025-ci il tarixli, 3-48-DA-10F/2-37/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İB-yə dair texniki pasport və İddiaçı firması ilə Sumqayıt şəhər bələdiyyəsi arasında bağlanmış 298 və 299 saylı, 20 fevral 2007-ci il tarixli torpaq icarə müqaviləsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 2007-ci ilə dair iclas protokollarına baxılmış, sorğu olunan məsələ barədə məlumat aşkarlanmamışdır.
16. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 15 dekabr 2025-ci il tarixli, 5-6/2-3041/2025 nömrəli məktubundan görünür ki, İddiaçı firmasına məxsus yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə həmin müəssisənin müraciətinə dair sənəd Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin arxivində aşkar olunmamışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
17. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 19 sentyabr 2017-ci il tarixdə keçirilən hərracın (19 sentyabr 2017-ci il tarixli, 01 saylı hərrac protokolu) etibarsızlığı və hərracın hüquqi nəticələrinin etibarsızlığı barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi işin hallarına (§1-13) istinad edilərək onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X5 3 iyun 1992-ci il tarixli, 88 nömrəli sərəncamına əsasən iddiaçıya ünvan 5 ünvanında yanacaqdoldurma məntəqəsi tikmək üçün 900 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində öz vəsaiti ilə 3 kolonkalı yanacaqdoldurma məntəqəsi, 2 otaqlı dispetçer otağı və 4 ədəd avtomobillərə texniki qulluq boksları tikdirilmişdir. Bundan sonra yanacaqdoldurma məntəqəsi kimi fəaliyyətə başlamaq üçün yanacaq almaq məqsədilə Dövlət Yanacaq Komitəsinə müraciət edilmişdir. Dövlət Yanacaq Komitəsindən bildirilmişdir ki, iddiaçı MMC özəl firma olduğuna görə yanacaqdoldurma məntəqəsi Yanacaq Doldurma Komitəsinin balansına salınacağı təqdirdə yanacaq ayrılması mümkün olacaqdır. Beləliklə, məcburiyyət qarşısında qalaraq müəssisənin fəaliyyət göstərə bilməsi üçün, yanacaqla təchiz olunması məqsədilə iddiaçıya məxsus olan yanacaq doldurma məntəqəsinin əvəzsiz olaraq Dövlət Yanacaq Komitəsinin balansına qəbul edilməsinə razılıq verilmişdir. Bundan sonra Dövlət Yanacaq Komitəsinin 27 dekabr 1994-cü il tarixli, 162 saylı əmrinə əsasən, Bakı şəhər avtomobillərə yanacaq doldurma idarəsinin 27 dekabr 1994-cü il tarixli, 185 saylı əmrinə əsasən, Dövlət Yanacaq Komitəsinin 16 yanvar 1995-ci il tarixli, 05 saylı sərəncamı ilə iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsi istismara verilmişdir. Qeyd edilir ki, iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsi 19 ilə yaxın müddət fəaliyyət göstərmişdir. Sonrakı illərdə yanacaqdoldurma məntəqəsinin ətrafında yeni, müasir 2 ədəd yanacaqdoldurma məntəqəsi (“Azpetrol”, “Əmrah”) tikildiyinə, eyni zamanda iddiaçıya məxsus 133 saylı yanacaqdoldurma məntəqəsinin nisbətən çökəklik ərazidə yerləşməsi səbəbindən yanacaq yaxşı satılmadığına görə müəssisənin fəaliyyəti nisbətən zəifləmişdir. Bununla əlaqədar olaraq 29 may 2012-ci il tarixdə yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətindən məktuba cavab olaraq bildirilmişdir ki, Sumqayıt Şəhər Memarlıq İdarəsinə müvafiq göstərişlər verilmiş, lakin məsələ uzadılaraq həllini hələ də tapmamışdır. Bir müddət keçdikdən sonra yanacaqdoldurma məntəqəsinin tamamilə talan edildiyi, müəssisənin avadanlıqların əsər-əlamət qalmadığı aşkar olunmuşdur. Eyni zamanda iddiaçıya məxsus olan və yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ərazinin hansısa naməlum şəxslər tərəfindən zəbt edilərək hasara alındığı müşahidə edilmişdir. Bununla əlaqədar olaraq yaranmış vəziyyətə aydınlıq gətirmək həmin halın səbəblərini müəyyənləşdirmək, yanacaqdoldurma və avtomobillərə texniki xidmət müəssisənin sonrakı müqəddəratının müəyyən edilməsi ilə əlaqədar 28 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ilə müraciət edilmiş, müraciətə 13 mart 2023-cü il tarixli, 3-21-3/2- 3075/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq Sumqayıt şəhər, Nəsimi parkı, Şərq hissəsi (keçmiş 5-ci mikrorayon, S.Vurğun küçəsi) ünvanında yerləşən iddiaçıya məxsus 133 saylı yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsi barədə 21 oktyabr 2016-ci il tarixdə qərar qəbul edilmiş, müəssisə 19 sentyabr 2017-ci il tarixdə keçirilmiş hərracın qalibi tərəfindən satın alınmışdır. 19 sentyabr 2017-ci il tarixli, 01 saylı hərrac protokoluna əsasən satıcı cavabdeh yanacaqdoldurma məntəqəsini X4 adlı şəxsə 50.000 manata satmışdır.
19. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyanın 13, 26, 29, 60, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2, 152.3, 416.1, 416.2, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.2-ci maddələrinə istinad olunmuşdur.
20. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
21. Məhkəmənin 10 fevral 2025-ci il tarixli, 2-1(118)-3191/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “hərracın və onun hüquqi nəticələrinin etibarsızlığı” tələbinə dair iş üzrə Sumqayıt şəhər Sumqayıt bələdiyyəsi üçüncü şəxs (adi cəlbetmə) qismində məhkəmə icraatına cəlb edilmişdir.
22. Məhkəmənin 10 fevral 2025-ci il tarixli, 2-1(118)-3191/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “hərracın və onun hüquqi nəticələrinin etibarsızlığı” tələbinə dair iş üzrə X4 üçüncü şəxs (zəruri cəlbetmə) qismində məhkəmə icraatına cəlb edilmişdir.
23. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
24. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsi (keçmiş 5-ci mikrorayon, S.Vurğun küçəsi) ünvanında yerləşən 133 saylı yanacaq doldurma məntəqəsi (ümumi faydalı sahə 24.5, torpaq sahəsi 987.0 kv.m) özəlləşdirilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olmuş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. 133 saylı yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq 21 oktyabr 2016-cı il tarixdə qərar qəbul edilmiş, 19 sentyabr 2017-ci il tarixdə keçirilmiş hərracda hərracın qalibi X4 ilə 19 sentyabr 2017-ci il tarixli, 3622 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, mübahisə predmeti olan yanacaq doldurma məntəqəsi özəlləşdirilərkən dövlət mülkiyyətində olmuş və bu barədə cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq dövlət əmlakının registrində qeydiyyat aparılmışdır. Qanunvericiliyin normalarının tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Belə ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan əmlaka dair hər hansı icarə müqaviləsi mövcud olmamış, həmin əmlakın özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qərar qəbul edilən zaman iddiaçının həmin əmlaka dair hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli, 3-21-3/2-3075/2023 nömrəli məktubundan görünür ki, Xidmət tərəfindən iddiaçın müraciətinə cavab olaraq mübahisəli 133 saylı yanacaqdoldurma məntəqəsinə dair bağlanmış 19 sentyabr 2017-ci il tarixli, 3622 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 19 sentyabr 2017-ci il tarixli, 01 nömrəli hərrac protokolu ona təqdim olunmuşdur. Hazırda iddiaçı tərəfindən iş materiallarında əlavə olunmuş mübahisələndirilən hərrac protokolunun məzmunundan görünür ki, mübahisə predmeti olan 133 nömrəli yanacaqdoldurma məntəqəsi cavabdehin 21 oktyabr 2016-cı il tarixli, 139 nömrəli sərəncamı ilə özəlləşdirməyə açıq elan edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi ilə bağlı hərrac protokolu uzun müddət ərzində məhkəmə araşdırması predmeti olmuş və iddiaçı qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş 21 oktyabr 2016-cı il tarixdə, 139 nömrəli sərəncamın mövcudluğundan xəbərdar olmuşdur. Beləliklə, iddiaçı cavabdehin 13 mart 2023-cü il tarixli məktublu ilə mübahisə predmeti olan əmlaka dair Xidmət tərəfindən qəbul edilmiş 21 oktyabr 2016-cı il tarixli, 139 nömrəli sərəncamdan məlumatlı olsa da, hazırkı iddia ərizəsi məhkəməyə 18 noyabr 2024-cü il tarixdə təqdim edilmişdir.
26. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-ci bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 38.1-ci maddəsinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
29. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
30. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
31. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
32. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etiraz dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
33. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
34. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
35. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
36. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilmişdir ki, “əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.”
37. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, hazırkı iddia üzrə işin mahiyyəti hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı deyil, məhz torpaq sahəsinin həmin hərraca çıxarılmasına dair cavabdehin səlahiyyəti olub-olmaması, yəni torpaq sahəsinin hüquqi vəziyyəti, iddiaçıya məxsus olubolmamasından ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia tələbi inzibati mübahisə olduğundan, hazırkı məhkəmə icraat qaydasında baxılmalıdır.
38. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialardır.
39. Qeyd edilən normaların məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müəyyən etmə və ya tanınma haqqında iddianı müstəqil iddia növü kimi nəzərdə tutur.
40. İPM-də tanınma haqqında iddianın 2 növü fərqləndirilir: 1) inzibati aktın qanunsuzluğu və ya etibarsızlığı haqqında iddia; 2) hüquq münasibətinin mövcud olması və ya olmaması haqqında, yəni pozitiv tanınma haqqında və ya neqativ tanınma haqqında iddia. Tanınma haqqında iddianın predmeti 36.1-ci maddəyə əsasən ancaq konkretləşmiş hüquq münasibəti ola bilər. Yəni hüquq münasibətinə çevrilməmiş hər hansı əlaqələr tanınma haqqında iddianın predmeti ola bilməz.
41. İddianın mümkünlüyü haqqında qaydaların tanınma haqqında iddiaya tətbiqi barədə qanunda birbaşa göstəriş yoxdur. Amma hər bir halda nəzərə almaq lazımdır ki, qanunverici inzibati proses çərçivəsində “actio popularis” qaldırılmasını istisna edir (35-cü maddənin tələblərinə əsasən). Bu səbəbdən də, iddiaçının hüququnun pozulması iddianın yoxlanılması zamanı əsas şərtlərdən biri olmalıdır.
42. İPM-in 36-cı maddəsində müəyyən etmə və ya tanınma haqqında iddialarla balı olaraq aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı: “İş materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən N.Quliyevin iddiası inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. ... İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri iddianı təmin edərkən mübahisəli sərəncamın qəbulu nəticəsində iddiaçının subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edilməsi mövqeyindən çıxış etmişlər. ...”
44. Yuxarıdakı qərarda diqqətə çatdırılır ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın.
45. Həmçinin, iddiaçı tərəfin subyektiv hüququ ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən mübahisə predmeti olan torpaq sahəsi vaxtilə iddiaçının icarəsində olduğu, üzərində tikili işlərin aparıldığı, yəni rəsmi əsaslar ilə faktiki istifadəsində olduğundan hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ mövcuddur.
46. İddia tələbinin qaldırılması üçün prosessual müddət ilə əlaqədar məhkəmə bildirir ki, cavabdehin təqdim etdiyi məlumata əsasən müəyyən edilir ki, iddiaçı 19 sentyabr 2017-ci il tarixdə keçirilən hərrac barədə 13 mart 2023-cü il tarixli, 3-21-3/2-3075/2023 nömrəli məktub əsasında məlumatlı olmuş, dərhal sonra da ümumi məhkəmədə iddia qaldırmışdır.
47. Bundan əlavə, irəli sürülmüş iddia etibarsızlığının tanınmasını haqqında iddiadır və onun qaldırılması üçün inzibati prosessual qanunvericiliklə müddət nəzərdə tutulmamışdır.
48. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
b) Tətbiq edilən hüquq:
49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
50. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
51. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-) Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 414. Müqavilənin hərracda bağlanması 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. (-) 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.
Maddə 415. Hərracın təşkili və keçirilmə qaydası 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. (-) 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
52. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 65. İnzibati aktın etibarsız sayılması
65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
53. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
54. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
55. Belə ki, iddiaçı tələbinin əsası kimi bildirmişdir ki, etibarsızlığı iddia edilən hərracın predmeti olan torpaq sahəsi iddiaçıya Sumqayıt şəhər X5 3 iyun 1992-ci il tarixli, 88 nömrəli sərəncamı ilə ayrılmış, uzun müddət onun istifadəsində olmuş, lakin buna baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq hərraca çıxarılmış və nəticədə üçüncü şəxs E.Quliyeva satılmışdır.
56. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətində olmuş, üzərində iddiaçının mülkiyyət, icarə və ya digər hüququnun mövcud olduğuna dair hər hansı qeydiyyat aparılmamış, bu səbəbdən də keçirilmiş hərrac qanunvericiliyə uyğun keçirilmiş və iddiaçı tərəfin hüququna toxunmamışdır.
57. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 20 fevral 2007-ci il tarixli, 298 nömrəli müqaviləsi ilə Sumqayıt şəhər X6 3 iyun 1992-ci il tarixli, 88 saylı sərəncamı əsasında Sumqayıt səhəri, 5-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 900 kv.m olan torpaq sahəsini Sumqayıt şəhər bələdiyyəsi müvəqqəti istifadə üçün iddiaçının icarəsinə vermişdir.
58. Belə ki, iddiaçı tərəf mübahisə predmeti olan torpaq sahəsinin Sumqayıt şəhər X6 3 iyun 1992-ci il tarixli, 88 saylı sərəncamı ilə ona ayrıldığını bildirsə də, torpaq sahəsinin mülkiyyətinə, və ya uzun müddətli icarəyə verilməsi halı öz təsdiqini tapmamış, iddiaçı tərəfindən də sübuta yetirilməmişdir.
59. İddiaçı tərəfin təqdim etdiyi icarə müqavilələrindən (müqavilələr tam deyil, hissəvi təqdim edilmişdir), həmçinin ödəniş qəbzlərindən görünür ki, icarə münasibətləri 2001- 2012-ci il dövrü əhatə etmişdir.
60. Eyni zamanda, məhkəmə araşdırması zamanı Dövlət Arxivinin Sumqayıt Filialı, Sumqayıt Şəhər İcra Hakimiyyəti və digər qurumlara göndərilmiş sorğularına cavab olaraq təqdim edilmiş məlumata əsasən, torpaq sahəsi üzərində iddiaçının hüquqlarına dair hər hansı məlumat aşkar edilməmişdir.
61. Bundan əlavə, iş materiallarına əlavə edilmiş 1994-1996-cı illər dövrünü əhatə edən aktlar və iddiaçı ilə Dövlət Yanacaq Komitəsi arasında aparılan yazışmalardan da aydın görünür ki, torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilmiş yanacaq doldurma məntəqəsi əvəzi ödənilmədən Dövlət Yanacaq Komitəsinin balansına verilərək istismara buraxılmış, bu barədə iddiaçı və Dövlət Yanacaq Komitəsi tərəfindən 23 dekabr 1994-cü il tarixli təhvil-qəbul aktı tərtib edilmişdir.
62. Göründüyü kimi, iddiaçı yanacaq doldurma məntəqəsinin onun xüsusi mülkiyyətinə deyil, yalnız istismar üçün verildiyi barədə inşa etdiyi vaxtdan məlumatlı olmuşdur.
63. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 19 sentyabr 2017-ci il tarixli hərracın predmeti olmuş daşınmaz əmlak üzərində iddiaçıya mülkiyyət hüququ verən hər hansı hal müəyyən edilmədiyindən, əmlak dövlət mülkiyyətində olduğundan, həmin əmlakın hərraca çıxarılması qərarı qəbul edərək, cavabdeh qanunvericiliyin tələblərini pozmamış, səlahiyyətlərinə uyğun hərəkət etmişdir.
64. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd edilənləri işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, hazırkı iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
NƏTİCƏVİ HİSSƏ
65. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova