Məhkəmə qərarları › İş №2-1(118)-3197/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3197/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3197/2023 06.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon X3 Soveti İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0964 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.099 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 09 mart 2023-cü il tarixli, 3-21-3-32/2-H-0024-8/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.099 ha torpaq sahəsi Abşeron rayon X3 Soveti İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 nömrəli qərarı ilə iddiaçının adına ayrılmışdır. O, 0.099 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-H-0024-8/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbim üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-H-0024-8/2023 saylı bildiriş məktubunda Abşeron rayon X3 Soveti İcraiyyə Komitəsinin 25 dekabr 1989cu il tarixli, 59.8qərarı ilə vətəndaşa ayrılmış 0.099 ha torpaq sahəsinin:

1. ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi;

2. Faktiki torpaq sahəsinin 0.0964 ha olduğu, bu səbəblərdən də '"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. İddiaçı bildirir ki, 1. Torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müvafiq orqan tərəfindən ona təqdim edilməməsi iddiaçının nöqsanı deyil və bu nöqsanın aradan qaldırılması onun səlahiyyətində olmamış və deyildir. Müvafiq icra orqanının öz işini qanunamüvafiq qaydada görməməsi onun mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə olmamalıdır. Torpaq sahəsi adına ayrıldığı vaxtdan faktiki istifadə və sahibliyindədir.

2. Faktiki torpaq sahəsinin 0.0964 ha olması da imtina üçün əsas deyil. Belə ki, lüzumu ona bildiriləcəyi təqdirdə bu barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi tərəfindən təqdim edilə bilərdi. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Aparılan araşdırma zamanı:

1. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ayrıc aktının) sənədlərin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi;

2. Təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0.099 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0964 ha olduğu

3. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata ahnması ilə bağlı 03 fevral 2023-cü il tarixli müraciətinə imtina xx.xx.2023-cü il tarixində verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 8-ci, 9-cu, 11.1-ci, 15-ci, 23-cü maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə görə, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sonda iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. Cavabdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir digər əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı Abşeron rayon X3 Soveti İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0964 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ayrıc aktının) sənədlərin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0.099 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0964 ha olduğu; iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdeh qeyd edir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ayrıc aktının) sənədlərin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı protokol qərarı ilə İddiaçı Sayəddin qızına 0.099 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində mənzil tikintisinə icazə verilmişdir. (Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, T/642 saylı məktubu ilə təqdim edilmiş arxiv çıxarışı) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar aid edilmişdir. Belə ki, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Torpaq sahəsinin məhkəməyə təqdim edilmiş müayinə aktında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.0964 ha olduğu qeyd edilmişdir. Qeyd edilən hal cavabdehin imtinasının əsaslarından birini təşkil etsə də iddiaçı 0.099 ha deyil, 0.0964 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyataın alınmasını istəyir. Göründüyü kimi bu hissədə hərhansı mübahisə ola bilməz. Həmçinin cavabdeh orqan imtinasında iddianın növünə mübahisələndirmə haqqında iddia olaraq yanaşır ki, cavabdehin bu mövqeyi əsaslı deyildir. Hazırki iddia tələbi öhdəliyin icrası haqqında iddia olmaqla həmin iddialara müddət şamil edilmir. Göründüyü kimi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatını alınmasını istisna edən hal mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyə əsasən tələb olunan zəruri sənədləri təqdim etdiyi halda əsassız olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Abşeron rayon X3 Soveti İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 nömrəli qərarı ilə ayrılmış, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0964 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar