Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-320/2022 03.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı-nin istifadəsində olan torpaq sahəsində inşa edilmiş, Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınaraq, bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti istifadəsində olan torpaq sahəsində inşa edilmiş, Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınaraq, bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən (Daşınmaz Əmlakın Dövlət Reyestrində 19.02.2021-ci il tarixdə qeydə alınmışdır) Quba rayonu, Gənclər qəsəbəsi ünvanında yerləşən 103.41 ha torpaq sahəsi “GUBA AGRO" MMC-nin istifadəsindədir. Quba rayon İcra Hakimiyyəti Başçısının 06.04.2021-ci il tarixli tikintiyə icazə sənədinə əsasən, yuxarıda göstərilən torpaq sahəsinin üzərində əmlakların tikintisinə icazə verilmişdir. İcazə sənədinə uyğun olaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinə başlanılmışdır və qanunvericiliyin tələblərinə uyğun olaraq, tikinti işləri icra edilmişdir. Bu məsələ ilə əlaqədar hətta Quba rayon İcra Hakimiyyəti tərəfindən müvafiq məktub da təqdim edilmişdir. Tikinti işləri Quba rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi layihəyə uyğun həyata keçirilmişdir. Bütün bu sənədlər əsasında aidiyyəti üzrə Quba rayon İcra Hakimiyyətinə müraciət edilmiş və İcra Hakimiyyəti tərəfindən Tikinti obyektinin istismarına İcazə alınmışdır. Yuxarıdakı sənədlər əsasında təsdiq edilmiş layihə üzrə əmlakların qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinə müraciət edilmiş, lakin 30.09.2021-ci il tarixdə əmlakların müvafiq dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya qanuni əsaslarla tikilmiş əmlaklar üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsi qanunvericilik normalarının tələblərinə ziddir. Çünki cavabdeh orqanın qeyd olunan məsələdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün heç bir qanuni əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, artıq torpaq sahsinin təyinatıda dəyişilmiş, cavabdehin imtinasının əsas dəlilidə ortadan qalxmışdır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Quba rayonu Gənclər qəsəbəsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 21.09 2021- ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 30.09.2021-ci il tarixli **********45 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedicı sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizdə qeyd olunan əmlak kompleksinə dair Quba rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.9.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, Həmin Qanunun 8.0.10 maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə ərizəyə əlavə olunmuş Quba rayon İcra Hakimiyyəti başçısının 06.04.2021-ci il tarixli 728/1 saylı məktubunda iddiaçının istifadəsində olan 103.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yüngül konstruksiyalı tikililərin quraşdırılmasına razılıq bildirilmişdir. Qeyd olunan əmlak yüngül konstruksiyalı olduğu üçün daşınmaz əmlaklara aid deyil və eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmır. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” Həmin kateqoriyaya aid torpaq sahələrinin sahibkarlıq məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4- cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 19.02.2021-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Gənclər qəsəbəsi ünvanında yerləşən 103.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba RİH-nin 24.12.2020-ci il tarixli 167 nömrəli sərəncamı və 167 nömrəli 24.12.2020-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər üzrə 24.12.2020-ci il tarixindən 49 il müddətinə İddiaçı-yə icarəyə verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 06 aprel 2021-ci il tarixli 311 saylı obyektin tikintisinə icazə sənədinə əsasən "xxxx" MMC tərəfindən hazırlanmış layihə əsasında, qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində İddiaçı-yə məxsus Quba şəhəri Hacıhüseynli kəndi, Gənclər qəsəbəsində yerləşən yüngül konstruksiyalı tikililərin tikintisinə icazə verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2021-ci il tarixli 05 saylı Tikinti obyektinin istismarına icazə aktına əsasən 17 sentyabr 2021-ci il tarixindən İddiaçı-yə məxsus Quba şəhəri Hacıhüseynli kəndi, Gənclər qəsəbəsində yerləşən yüngül konstruksiyalı tikililərin istismarına icazə verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən həmin tikintinin layihələndirilməsi, şəhərsalma və tikinti norma və qaydalarında nəzərdə tutulmuş bütün tələblərə uyğun aparılması və tikilinin istismara qəbul edilməsi ilə bağlı icazəsi tələb olunan bütün müvafiq icra hakimiyyəti orqanlarından lazımi icazələrin alınması ilə tam yerinə yetirilmiş və tikinti başa çatdırılıb obyektist istismara qəbul edilmişdir. Cavabdeh inzbati orqanın iddiaya etirazında qeyd edir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedicı sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizədə qeyd olunan əmlak kompleksinə dair Quba rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Lakin, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına Quba rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, tikinti başa çatdıqdan sonra isə istismara qəbul edilmiş, şəhərsalma və tikinti normalarını və qaydalarına əməl edilmişdir. Lakin cavabdeh inzibati orqan sözügedən obyektə dair müvafiq sənədlərin olmasına baxmayaraq, iddiaçının tələbinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Cavabdehin imtinasının digər əsasını qeyd olunan əmlakın yüngül konstruksiyalı olduğu üçün daşınmaz əmlaklara aid olmaması və eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaması təşkil edir. Əmlakın yüngül konstruksiyalı olmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinası bu halda əsassızdır. Belə ki, əmlakın daşınmaz əmlaka aid edilmədiyi təqdirdə istismara icazə aktının və obyektin tikistisinə icazə sənədinə zərururət olmazdı. Habelə, torpağın təyinatına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsindən istifadə hüququna səlahiyyətli dövlət orqanlarının icazəsi mövcuddur. Eyni zamanda məhkəmə prosesi gedişində məhkəməyə təqdim edilmiş ********** qiydiyyat nömrəli 02.03.2022-ci il tarixli çıxarışdan görsənir ki, torpaq sahəsinin 2.21 ha hissəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyə əsasən tələb olunan zəruri sənədləri təqdim etdiyi halda əsassız olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı-nin istifadəsində olan torpaq sahəsində inşa edilmiş, Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınaraq, bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-nin istifadəsində olan torpaq sahəsində inşa edilmiş İddiaçı-yə məxsus Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə göstərilən əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınaraq, bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-320/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-320/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver