Məhkəmə qərarları › İş №2-1(118)-3200/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3200/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3200/2025 01.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Quba rayonu, Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayon Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixli iclas protokolu 12 saylı qərarı ilə iddiaçıya Quba rayonu Qrızdəhnə kənd ərazisindən istirahət iaişə məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmış, həmin qərara əsasən onunla Quba rayonu Qrız bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmış və torpağın dəyərini ödəyərək almışdır və həmin vaxtdan torpağa sahiblik edərək istifadə edir. Satın aldığı 0,10 ha torpağa dair sənədləri toplayıb mülkiyyətini təsdiq edən çıxarış almaq üçün cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilat xx.xx.2004-cü il tarixli cavab məktubu ilə Quba rayonu Qrız bələdiyyəsinin xx.xx.2004-cü il 12 saylı protokolundan çıxarışa əsasən ayrıldığı göstərilsə də ərizəsinə əlavə edilmiş ləğv edilmiş DTXK nin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş torpaqlarının alqı-satqısına dair aktın tərtib edildiyini, ona ayrılmış torpağın elektron məlumat bazasında olan xəritə üzərində bələdiyyənin ehtiyat fonduna aid torpaq kimi göstərilməsini, həmçinin ərizəsinə əlavə edilmiş JN: 293 F saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaqların elektron kadastrı uçotu informasiya sistemi fərqli olduğunu, X3 torpaq sahəsi olaraq işlədiyi aşkar edilmişdir. Göstərilənləri əsas götürüb ona çıxarışın verilməsinə imtina verilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində ona məlumat verilmişdir. Sahənin kordinatları bələdiyyə sədrinin (N.Məmmədov) və iddiaçının iştirakı ilə (İddiaçı) tərtib edilib. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün AR Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələrinə dair məhkəmə qaydasında həll edilir. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixli 12 saylı iclas protokolundan və Quba rayon Qrız bələdiyyəsi ilə bağladığı alqı-satqı müqaviləsindən və Quba rayonu Qrizbələdiyyəsinin hesabına pul ödəmişdir. Həmin qanuna əsasən 0,10 ha torpaq sahəsini satın almışdır. Ləğv edilmiş DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan və ölçü sənədlərindən aşkar olur ki, 0,10 ha torpağın satılması qanuna müvafiqdir. Ona satılmış torpaq sahəsi Qrız bələdiyyəsinin kənd təsərrüfatlı təyinatlı sahə deyil, daşlıq kolluq ərazisidir.Turizm pekriasiya torpaq sahəsi olmaql alt kateqoriyaya aiddir. Baş planda həmin ərazi düzgün uqodiyasını tapmamışdır. Ərazidə ölçüsü müəyyən edilməyən daşlıqlar var. Ona satılan torpağın yanında onlarla şəxsin torpaq sahəsi olmaqla onlara çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Quba rayonu Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixil 12 saylı Qərarı ilə bələdiyyə ehtiyat fondunun KPİ-yə aid torpaq sahəsindən istirahət iaşə məqsədilə 0.10 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin alqı-satqı aktı 15 avqust 2004-cü ildə 475 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin rəyində 0.10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, alqı-satqı predmeti olduğu, kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. JN 293F, KOD 30305058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayonu Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixli 12 saylı qərarı ilə iddiaçıya 0.10 ha istirahət-iaşə torpaq sahəsi satılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Quba rayonu Əlik bələdiyyəsinin 17 may 2024cü il tarixli 21 saylı məktubunda qeyd edilmişdir ki, 0.10 ha torpaq sahəsinin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Qrız bələdiyyəsi tərəfindən sənədlər arxivə təhvil verilməmiş, Əlik bələdiyyəsində saxlanılır. Quba rayonu Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixil 12 saylı Qərarı və əlaqəli sənədlərin təsdiq edilmiş surəti məktuba qoşma edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 08 aprel 2025-cü il tarixli 3-21-3-60/2- 875/2025 saylı məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı adına JN-293F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri (Quba rayonu Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli Qərarı daxil olmaqla) aşkar edilməmişdir. Cavabdehin 29 may 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. İddiaçının iddia etdiyi torpaq sahəsi 0.10 ha təşkil edir. Torpaq sahəsinin müayinəsi zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-293F kod 30305058 saylı şəhadətnamə baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə (293) qeyd olunmamışdır. JN-293F kod 30305058 saylı şəhadətnamə baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmışdır və həmin torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Sözügedən torpaq sahəsi (iddiaçının iddia etdiyi torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X3 kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, alt uqodiyası iaşə obyekti kimi, islahat uqodiyası təmiz örüş kimi, əmlak növü qeyri-yaşayış binası kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin şimal-qərb qonşuluğunda olan torpaq sahəsi üzərində **********05 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, JN: 293F saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş Şəhadətnamələrin və Dövlət Aktlarının qeydiyyat kitablarından qeydiyyatdan keçmədiyi, arxiv nüsxəsinin və elektron kadastr baza məlumatlarının mövcud olmadığı aşkar edilmişdir. Eyni zamanda müayinə və araşdırmalar zamanı torpaq sahəsinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi"ndə X3 torpaq sahəsi olaraq işləndiyi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçıya satılmışdır. Bələdiyyə qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Məhkəmə sorğusuna cavab olaraq Quba rayonu Əlik bələdiyyəsinin 17 may 2024cü il tarixli 21 saylı məktubunda qeyd edilmişdir ki, 0.10 ha torpaq sahəsinin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Qrız bələdiyyəsi tərəfindən sənədlər arxivə təhvil verilməmiş, Əlik bələdiyyəsində saxlanılır. Quba rayonu Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixil 12 saylı Qərarının, iclas protokolundan çıxarışın, alqı-satqı aktının, Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin, yerquruluşu planından çıxarışın, qərarın qüvvədə olması barədə xx.xx.2024-cü il tarixli arayışın Əlik bələdiyyəsi tərəfindən təsdiq edilmiş surəti məktuba qoşma edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin rəyində 0.10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, alqısatqı predmeti olduğu, kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Həmçinin, cavabdeh JN293F saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş Şəhadətnamələrin və Dövlət Aktlarının qeydiyyat kitablarından qeydiyyatdan keçmədiyi, arxiv nüsxəsinin və elektron kadastr baza məlumatlarının mövcud olmadığını qeyd etsə də təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, JN-293F kod 30305058 saylı şəhadətnamə baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmışdır və həmin torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Sözügedən torpaq sahəsi (iddiaçının iddia etdiyi torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X3 kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, alt uqodiyası iaşə obyekti kimi, islahat uqodiyası təmiz örüş kimi, əmlak növü qeyri-yaşayış binası kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Həmçinin mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsinin şimal-qərb qonşuluğunda olan torpaq sahəsi üzərində **********05 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayonu, Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar