Məhkəmə qərarları › İş №2-1(118)-3206/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3206/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3206/2023 02.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı Sahib oğlunun iştirakı ilə, İddiaçı Sahib oğlunun Cavabdehnə qarşı mənzil kirayəsi üçün kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Sahib oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mənzil kirayəsi üçün kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin yanvar ayında hərbi qulluqdan mayor rütbəsində ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 23 il müddətində xidmət etmişdir. Xidmət dövrü ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “20 il qüsursuz xidmətə görə’' medalla təltif olunmuşdur. Hərbi qulluqdan ehtiyata buraxıldıqdan sonra yaşamağa yaşayış yeri olmadığı üçün kirayələrədə yaşamağa məcbur olmuş, hal-hazırda da kirayədə yaşayır. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq mənzil kirayə pulu əvəzində kompensasiyasının ödənilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixii 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsinə götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Cavabdehnə vətəndaş R.S.Aslanov tərəfindən təqdim edilmiş kirayə müqaviləsindən məlum olur ki, onun seçdiyi yaşayış yeri Bakı şəhərinin Səbail rayonuna aiddir. Bununla əlaqədar qərara uyğun olaraq seçilmiş yaşayış yeri üzrə müraciət olunmalıdır. İş materiallarına əlavə edilmiş : - Xaçmaz rayon MKTİ tərəfindən verilmiş 174 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sahib oğlu 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır. - 06 mart 2023-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X3 ona məxsus Bakı şəhəri, Yeni Salyan yolu, 16 b saylı evdə yerləşən 20 saylı mənzili İddiaçı Sahib oğluna kirayəyə vermişdir. - Daşınmaz Əmlakın Dövltə Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sahib oğlu və X1 5 saylı Xaçmaz Ərazi İdarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş BTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. - İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.2023-cü il tarixdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “i” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ehtiyatda olan hərbi qulluqçu İddiaçı Sahib oğlu Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 84 nömrəli sərəncamı ilə imtiyazlı şəxslərin mənzil növbəsinə götürülmüşdür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin Qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İstinad olunan Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndindən də göründüyü kimi ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ nəzərdə tutulmuşdur. Təhlil olunan normadan da göründüyü kimi qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Məhkəmə qeyd edir ki, iddiaçı 23 il müddətində hərbi xidmətdə olmuş və öz arzusu ilə 2023-cü ilin yanvar ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin ilin iyun aylında o, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzil uçotuna götürülmüşdür. Hazlradək mənzil kirayə xərcləri ilə bağlı kompensasiya ilə təmin edilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etdikdə ona imtina cavabı verilmişdir və həmin imtina iddiaçının Səbail rayonunda yerləşən mənzilə dair mənzil kirayə müqaviəsi bağlaması və seçdiyi yaşayış yeri həmin ərazi olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı 2017-ci ildən daimi yaşayış yerinin Xaçmaz rayonu olması və onun məhz Xaçmaz raon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülməsi onun cavabdehi düzgün seçdiyinə və iddiasının əsaslı olmasını təsdiq edir. Cavabdehin bu əsasla imtina cavabı verməsi qanunauyğun deyildir. Cavabdeh iddiaçını imtiyazlı şəxs kimi mənzil növbəsinə götürməklə özü onun seçdiyi yaşayış yerinin Xaçmaz rayonu olmasını təsdiq etmişdir. İddiaçının müvəqqəti olaraq (11 aylıq) mənzil kirayə müqaviləsi onun seçdiyi yaşayış yerinin məhz həmin yer olmasına dəlalət etmir. Bu hal onun mənzil kirayəsi üçün kompensasiya almaq hüququndan məhrum etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Sahib oğluna mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar