Məhkəmə qərarları › İş №2-1(118)-321/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-321/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-321/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil bürosunun vəkili, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, mənzil 18-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi yaxınlığında, 7-ci küçə, 10 saylı ərazidə yerləşən, sahəsi 800 kv m olan həyətyanı torpaq sahəsinə mülkiyyət huququnun dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi yaxınlığında, 7-ci küçə, 10 saylı ərazidə yerləşən, sahəsi 800 kv m olan həyətyanı torpaq sahəsinə mülkiyyət huququnun dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 noyabr 2006-cı ildə Sumqayıt səhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt səhəri, Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, 7-ci küçə, 10 saylı ərazidə yerləşən sahəsi 800 kv m olan həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün ona satılmasını xahiş etmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin 26 dekabr tarixli 47 sayl qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 13 dekabr 2006-cı il tarixli, 02/2503 nömrəli rəyi nəzərə alınmaqla həmin torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün onun mülkiyətinə ayrılmışdır. İddiaçı bu torpaq sahəsi ilə bağlı müvafiq ödənişləri də bələdiyyənin hesabına ödəmişdir. Bundan sonra bələdiyyə möhürü ilə təsdiq edilmiş aktla sahə ona təhvil verilmişdir. 29 dekabr 2006-cı il tarixli 771 saylı aktdan da göründüyü kimi Sumqayıt şəhər Bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli 47 saylı qərarına əsasən iddiaçının fərdi ev üçün həyətyanı torpaq sahəsinin sərhədləri yerli şəhər bələdiyyəsinin memarlıq və tikinti şöbəsinin nümayəndəsi ərazinin baş planında müəyyən edilmiş, müvafiq inşaat pasportu tərəfindən qəbul edilmişdir. İddiaçı zəruri sənədlərlə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 22 iyun 2021-ci il tarixdə müraciət edərək müvafiq torpaq sahəsi üçün çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona 09 iyul 2021-ci il tarixdə imtina məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, vətəndaş İddiaçı müraciəti ilə əlaqədar olaraq sənədlərin araşdırılması zamanı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin 26.12.2006-cı il tarixli qərarı ilə ayrılmasına baxmayaraq, torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmədiyi və torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənədin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya imtina bildirişi verilmişdir. İş materiallarında olan : - Sumqayıt bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli 47 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi yaxınlığında 800 kv m olan 10 saylı həyətyanı torpaq sahəsi satılması qərara alınmışdır. - DTXK-nin 13.12.2006-cı il tarixli rəyindən görünür ki, idarə İddiaçı Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi, yaxınlığında 800 kv m olan 10 saylı həyətyanı torpaq sahəsinin alqı-satqısına etiraz etmir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 29.11.2006-cı il tarixli 678 saylı rəyindən görünür ki, idarə İddiaçı Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi, yaxınlığında 800 kv m olan 10 saylı həyətyanı torpaq sahəsinin ayrılmasına etiraz etmir. - Sumqayıt bələdiyyəsi tərəfindən tərtib edilmiş 29.12.2006-cı il tarixli aktdan görünür ki, Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi, yaxınlığında 800 kv.m olan 10 saylı həyətyanı torpaq sahəsi İddiaçı təhvil verilmişdir. - DTXK-nin Sumqayıt şəhər Şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planından görünür ki, həmin sənəd İddiaçı satılmış torpaq sahəsi barəsindədir. -15.11.2006-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq alqı-satqısı üçün Sumqayıt bələdiyyəsinin hesabına 400 manat ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbycan Respublikası Dövlət Arxivnin Sumqayıt filialı tərəfindən verilmiş 10.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, Sumayıt şəhər bələdiyyə iclasının 26.12.2006-cı il tarixli 47 saylı iclas protokolundan vətəndaş İddiaçı adına torpaq sahəsi ayrılması haqqında qərarın və həmin qərara əlavə edilmiş sənədlərin kserosurəti məkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ciil tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının və iddiaçı tərəfindən ödənişin edildiyi tarixləri nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi İddiaçı həqiqətən də 2006-cı ildə satılmışdır. Lakin alqı-satqı aktının rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair qərar müəyyən pozuntularla müiayiət edilsə də, bələdiyyənin istinad olunan qərarı hazırda qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Alqı-satqının vaxtında bağlanması və qeydə alınması bələdiyyənin və ləğv edilmiş DTXK-nin Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin vəzifəsi olmuşdur. Bu səbəbdən həmin əsasla iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının dəlilləri formal xarakter daşıyır və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və İddiaçı Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi yaxınlığında, 7-ci küçə, 10 saylı ərazidə yerləşən sahəsi 800 kv m olan torpaq sahəsinə mülkiyyət huququnun dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda Ceyranbatan qəsəbəsi yaxınlığında, 7-ci küçə, 10 saylı ərazidə yerləşən sahəsi 800 kv m olan torpaq sahəsinə mülkiyyət huququnun dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar