Məhkəmə qərarları › İş №2-1(118)-3212/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3212/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3212/2025 20.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası AZE seriyalı, ******** nömrəli “Vətəndaşının şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı 5 iyul 1960-cı il tarixdə doğulmuşdur.

2. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquq şəxsi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 3 fevral 2024-cü il tarixli, 18-1-22/1-B-83-xx-xx/2024 nömrəli arayışından görünür ki, Hüseynova (Babayeva) Şərafət Hümmət qızı 4 oktyabr 1979-cu il tarixli, 202 nömrəli əmrlə Ağdaş RMX-nın Mərkəzləşdirilmiş Mühasitablığında 1.0 ştat vahidi mühasib vəzifəsinə işə qəbul olunmuş, 7 mart 2005-ci il tarixli, 24 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 mart 2024-cü il tarixli, 3-17-1/2-H-68586/2024 saylı İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, təqdim edilən əmək kitabçanın surətinə əsasən sığorta stajı (4 oktyabr 1979-cu il tarixdən 31 dekabr 1990-cı il tarixədək Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan əmək fəaliyyəti dövrü nəzərə alınmaqla) 11 il 2 ay 27 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının və Ağdaş rayon Mərkəzi Xəstəxanasının 3 fevral 2024-cü il tarixli arayışının surətlərində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 4 oktyabr 1979-cu il tarixdən 7 mart 2005-ci il tarixədək Ağdaş rayon Mərkəzi Xəstəxanasında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran regional filialının Ağdaş rayon Mərkəzi Xəstəxanası ilə birgə tərtib etdiyi 1 mart 2024-cü il tarixli akta əsasən sözügedən xəstəxananın 1991-2005-ci illər üzrə əmək haqqının qeydiyyat kitabları surğuclanmamış, möhürlə və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməmişdir. Bu səbəblə 1991-2005-ci illərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, qanunla nəzərdə tutulan sığorta stajı (25 il) olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilmişdir ki, 5 iyul 2017-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmiş, 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.

4. 5 iyul 1960-cı il təvəllüdlü X2 məxsus 26 mart 2015-ci il tarixli, ******* nömrəli “Əmək kitabçası”nın dublikatının surəti.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 16 fevral 2024-cü il tarixli, 3-17-1/2-H-36694/2024 saylı məktubla İddiaçı münasibətdə aparılmış inzibati icraat materiallarını təqdim etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 7 mart 2024-cü il tarixli, 3-17-1/1-H-26325/2024 nömrəli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar”ından görünür ki, İddiaçı tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ yoxdur. Tərtib edilmiş akta əsasən arxiv sənədlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədiyindən 1 yanvar 1991-ci il – 7 mart 2005-ci illəri sığorta stajına əlavə edilməsi məqsədə uyğun deyil. 4 fevral 2019-cü il tarixdən sosial müavinət alır. - İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub (§3). - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 fevral 2024-cü il tarixli “Müraciət vərəqəsi”. - İddiaçı dair 4 oktyabr 1979-cu il tarixdən 31 dekabr 1990-cı il tarixədək sığorta stajına dair cədvəl. - Hüseyinova (Babayeva) Şərafət Hümmət qızının 4 oktyabr 1979-cu il tarixdən 7 mart 2005-ci il tarixədək işləməsi faktı Ağdaş rayon Mərkəzi Xəstəxanasında 1 mart 2024-cü il tarixli yoxlama “Akt”ı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 fevral 2024-cü il tarixli, 3-17-1/1-H-26325/2024 nömrəli “Əmək pensiyasının hesablanmasında araşdırma zərurətinin müəyyən edilməsi haqqında tələbnamə”si. - Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquq şəxsi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 3 fevral 2024-cü il tarixli, 18-1-22/1-B-83-xx-xx/2024 nömrəli arayışı (§2). - 5 iyul 1960-cı il təvəllüdlü X2 məxsus 26 mart 2015-ci il tarixli, ******* nömrəli “Əmək kitabçası”nın dublikatın surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 9 yanvar 2024-cü il tarixli, 3-17-1/1-H-1048/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar”ı. - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 7 yanvar 2024-cü il tarixli “Müraciət vərəqəsi”. - 17 yanvar 2024-cü il tarixli, 17-1/2-H-10290/2024 nömrəli İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub.

6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 24 iyun 2025-ci il tarixli, 18-1-22/3-1279/2025 və 18-1-22/3-925/2025 nömrəli məktublarından görünür ki, Hüseynova (Babayeva) Şərafət Hümmət qızı 4 oktyabr 1979-cu il tarixdə 202 nömrəli əmrlə Ağdaş Mərkəzi Rayon X1 mühasib vəzifəsinə işə qəbul olunmuş, 7 mart 2005-ci il tarixli, 24 nömrəli əmrə əsasən, 9 mart 2005-ci il tarixdən işdən azad olunmuşdur. Qoşma şəklində 1 yanvar 1991-ci il tarixdən 9 mart 2005-ci il tarixədək hər ay üzrə əmək haqqının cədvəli göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddia tələbinin dəlilləri:

7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi işin hallarına (§1-4) istinad edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və 19 mart 2024-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubu ünvanlanmışdır. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran regional filialının Ağdaş rayon Mərkəzi Xəstəxanası ilə birgə tərtib etdiyi 1 mart 2024-cü il tarixli akta əsasən sözügedən xəstəxananın 1991-2005-ci illər üzrə əmək haqqının qeydiyyat kitabları surğuclanmamış, möhürlə səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməmişdir. Bu səbəblə 1991-2005-ci illərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. 1991-2005-ci illər üzrə əmək haqqının qeydiyyat kitablarının surğuclanması və möhürlə səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməsi müəssisədə işləyən, fəaliyyət göstərən şəxsin təqsiridir, bu səbəbdən həmin məsuliyyəti vətəndaş daşımamalıdır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 26, 60, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

10. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya 63 yaş 6 ayın tamam olduğu 5 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 20 avqust 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

13. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətində olan məlumata əsasən 4 oktyabr 1979-cu il tarixdən 31 dekabr 1990-cı il tarixədək Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan əmək fəaliyyəti dövrü nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı 11 il 2 ay 27 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyildir. Belə ki, pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 1991-2005-ci illərdə əmək fəaliyyəti dövrü - Fondun 2 saylı Mərkəzi Aran regional filialının Ağdaş rayon Mərkəzi Xəstəxanası ilə birgə tərtib etdiyi 1 mart 2024-cü il tarixli akta əsasən sözügedən xəstəxananın 1991-2005-ci illər üzrə əmək haqqının qeydiyyat kitabları surğuclanmamış, möhürlə və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməmişdir. Bu səbəblə 1991-2005-ci illərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçı işlədiyi aylar üzrə əmək haqqı almadığından məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə də, itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İşlədiyi aylar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçı 5 iyul 2017-ci il tarixdən 3 və daha çox uşaq doğub 3 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmiş, 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılmışdır.

15. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 7, 21.1, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(102)- 1838/2023 nömrəli, 2 fevral 2024-cü il tarixli, 2-1(102)-361/2024 nömrəli qərarlarına, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin 5 iyul 2025-ci il tarixdə 65 yaşının tamam olduğunu, əmək fəaliyyətilə bağlı bütün zəruri sənədlərin məhkəməyə təqdim etdiyini, 1 yanvar 2006cı il tarixdən 1 iyul 2018-ci il tarixədək xəstəxanada çalışdığını və əmək haqqından hər ay pensiya kapitalı üçün pulun tutulduğunu, 1991-2005-ci il tarixlər üzrə əmək haqqının qeydiyyat kitabların surğuclanmaması, möhürlə səlahiyyətli şəxsin imzasının təsdiqlənməməsi iddiaçının deyil, səlahiyyətli şəxsin və qurumun təqsiri olduğunu bildirmiş, sənədlərdə rubl yazılmasının səbəbi həmin dövrdə səlahiyyətli şəxs olan Anya adlı xanımın öz dilində sənədləşmənin apardığını, iddiaçı ilə eyni dövrdə çalışan bütün iş yoldaşlarının pensiyanın aldığını, 2005-ci il tarixədək xəstəxanada çalışdığını, üç övladının olduğunu, sonuncu 1 fevral 1998-ci il təvəllüdlü övladı doğulduğundan sonra bir il altı ay müddətində analıq məzuniyyətində olduğunu qeyd etmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq yoxlanma aktında iddiaçının 1998-ci il tarixdə dörd ay müddətində, 2000-ci il tarixdə son üç ay ərzində əmək haqqının aldığını, 1999-cu il tarixdə ümumiyyətlə əmək haqqının almadığını bildirmiş, 5 yanvar 2024-cü il tarixdən iddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yarandığını qeyd etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:

18. İPM-in 13-cü maddəsinə əsasən, iddia tələbinin mahiyyəti məhkəmə iclasında iddiaçı və cavabdeh tərəflə müzakirə olunmuş, məzmunu dəqiqləşdirilmiş, proses iştirakçıları tərəfindən tələbin (§10) hazırkı formada qalması mübahisələndirilməmişdir.

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

23. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni, iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir.

24. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozmuş olsun. Bundan əlavə, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu; iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər).

25. Hazırkı iş üzrə müəyyən olunur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər

1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. (-)

Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.

2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

4. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. (-)

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarında (bundan sonra – “Qaydalar”) aşağıdakılar qeyd olunmuşdur:

1. Ümumi müddəalar

1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. ...

2. Əmək kitabçalarının hazırlanması və verilməsi 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.2. Əmək kitabçalarının hazırlanması ilə əlaqədar vəsaitin ayrılmasını Respublika Maliyyə Nazirliyi həll edir.

2. Əmək kitabçasının doldurulması

3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.

4. İş haqqında məlumatların daxil edilməsi 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. ...

9. Əmək kitabçalarının uçotu

9.1. Doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: Əmək kitabçaları və əlavə içliklər hərəkətinin uçotu kitabı işə qəbul və işdən çıxarılmasını rəsmiyyətə salan şəxs tərəfindən aparılır. Əmək kitabçaları, (əlavə içliklər) mədaxil-məxaric və onların hərəkətləri, uçotu kitablarında qeydə alınır. Mədaxil-məxaric kitabına əmək kitabçalarının və əlavə içliklərin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır (seriya və nömrələr göstərilir). Kitab işəgötürənlərin mühasibatı tərəfindən aparılır. Mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. 9.2. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Əmək kitabçalarının uçotunun aparılmasına məsuliyyət daşıyan şəxs hər ay əmək kitabçalarının, (əlavə içliklərin) vəziyyəti, əmək kitabçalarına (əlavə içliklərə) çəkilmiş xərclərin dəyərinə görə alınmış məbləğlər haqqında (kassaya mədaxil edilməklə) (-)

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı: “… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

Məhkəmənin mövqeyi:

33. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

34. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

35. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə cavabdeh orqanın mübahisələndirdiyi 1991- 2005-ci illər üzrə əmək haqqının qeydiyyat kitablarının surğuclanması və möhürlə, səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməsi iddiaçının səlahiyyətlərinə aid olmadığı üçün cavabdehin imtinası qanunsuz və əsassızdır.

36. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyildir. Belə ki, Ağdaş rayon Mərkəzi Xəstəxanasının 1991-2005-ci illər üzrə əmək haqqının qeydiyyat kitabları surğuclanmamış, möhürlə və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməmiş, bu səbəbdən 1991-2005-ci illərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.

37. Göründüyü kimi, cavabdeh orqan iddiaçının 4 oktyabr 1979-cu il tarixdən 31 dekabr 1990-cı il tarixədək olan 11 il 2 ay 27 gün ümumi iş stajını mübahisələndirmir. 1991- 2005-ci illər üzrə əmək haqqının qeydiyyat kitablarının aparılma qaydası pozulduğu üçün, həmin dövrlər nəzərə alınmamışdır.

38. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh orqanın əmək kitabçasında qeyd olunan illərin bir hissəsini nəzərə alıb, digər hissəsini əmək haqqının qeydiyyat kitablarının düzgün aparılmadığı üçün nəzərə almaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

39. Belə ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən göndərilmiş məktubun məzmunundan görünür ki, iddiaçı 4 oktyabr 1979-cu il tarixdə 202 nömrəli əmrlə Ağdaş Mərkəzi Rayon X1 mühasib vəzifəsinə işə qəbul olunmuş, 7 mart 2005-ci il tarixli, 24 nömrəli əmrə əsasən 9 mart 2005-ci il tarixdən işdən azad olunmuşdur.

40. Əmək kitabçalarının vahid fоrmada оlması və оnun tərtibinin еyni qaydada aparılması üçün Azərbaycan Rеspublikası Nazirlər Kabinеti 1996-cı il 26 dеkabr tariхli, 186 nömrəli qərarı ilə “İşçilərin əmək kitabçasının fоrması və оnun tətbiqi qaydaları”nı təsdiq еtmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq еdən əsas sənəddir. Cavabdeh orqan eyni əmək kitabçasında qeyd olunmuş illərin bir hissəsinin nəzərə alınmasını mübahisələndirməmişdir. Qalan illərlə bağlı əmək haqqının qeydiyyat kitablarının düzgün aparılmadığı isə iddiaçının hüququndan məhrum edilməsi üçün əsas ola bilməz.

41. Məhkəmə nəzərə alır ki, əmək kitabçasında əmrlərin tarixi, nömrəsi ilə bağlı heç bir pozuntu halı mövcud deyildir, həmin dövrlər möhürlərlə də təsdiqini tapmışdır.

42. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2025-ci il tarixli, 2-1(102)-509/2025 nömrəli qərarına əsasən mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

43. Bundan əlavə, Ağdaş Rayon Mərkəzi Xəstəxanası hazırkı işdən xəbərdardır, müvafiq sorğu ilə müəssisəyə müraciət olunmuşdur, məhkəməyə təqdim olunmuş arayışda şəxsin işləməməsi kimi bir hala istinad olunmamış, 1 yanvar 1991-ci il tarixdən 9 mart 2005-ci il tarixədək hər ay üzrə əmək haqqının cədvəli göndərilmiş, bununla da cavabdehin etirazında istinad etdiyi dəlili aradan qaldırılmışdır.

44. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

45. Aparılmış qiymətləndirmənin nəticəsi kimi məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh orqanın etirazında qeyd etdiyi dəlillər əsassız olduğundan, iddia tələbi isə əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli,

NƏTİCƏVİ HİSSƏ

46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 63 yaş 6 ayın tamam olduğu 5 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar