Məhkəmə qərarları › İş №2-1(118)-3216/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3216/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3216/2025 23.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivinin 10 iyul 2001-ci il tarixli, 26/2-5590 nömrəli məktub.

2. İddiaçı məxsus 20 iyun 2003-cü il tarixli, AO seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 20 oktyabr 2003-cü il tarixli, 340 nömrəli qərarından görünür ki, Xaçmaz RHK tərəfindən 1982-ci ildə hərbi xidmətə çağırılmış, 1993-cü ildən fərarilik etdiyi üçün barəsində Fizuli hərbi prokurorluğu tərəfindən 24 noyabr 2002-ci il tarixdə amnistiya qərarı tətbiq edilmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, 25 avqust 1992-ci il tarixdə aldığı yaralanma – diaqnoz: “Sol diz oynağının dəlib-keçən güllə yaralanması nəticəsində oynağın davamlı ağrı sindromu ilə müşaiyət olunan deformasiyaedici osteoartrozu, funksiyanın mülayim dərəcədə pozulması ilə” nə səbəbə ki, 1 sentyabr 1992-ci il tarixdən 18 sentyabr 1992-ci il tarixə kimi Bakı X4 və Ortopediya İnstitutunda müayinə və müalicə olunmuşdur (BETTOİ-nun 18 sentyabr 1992-ci il tarixli çıxarış epikrizi, Xaçmaz RHK-nın 6 oktyabr 2003-cü il tarixli, 1795 saylı arayışı, Fizuli Hərbi Prokurorluğunun 24 noyabr 2002-ci il tarixli, 17/14-120 saylı amnistiya haqqında qərarı, MN MHP-nın 26 iyul 2000-ci il tarixli, 134 saylı arayışı), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

4. 20 sentyabr 2007-ci il tarixli, 112525 nömrəli vəsiqədən görünür ki, İddiaçı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” 3-cü dərəcə əlillik təyin edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatdan görünür ki, İddiaçı 10 dekabr 2015-ci il tarixdən 9 dekabr 2016-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Sol diz oynağının dəlib keçən odlu silah yaralanması. Oynaqların kontrakturası. Sol diz oynağının kontrakturası” diaqnoz ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

6. “Qərb Klinikası”nın İddiaçıa dair 15 dekabr 2015-ci il tarixli Ultrasəs müayinəsi və 20 sentyabr 2016-cı il tarixli Ezofaqoqastroduodenoskopiya.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatdan görünür ki, İddiaçı 9 dekabr 2016-cı il tarixdən 9 dekabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Sol diz oynağının dəlib keçən odlu silah yaralanması. Oynaqların kontrakturası. Sol diz oynağının kontrakturası” diaqnoz ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan X4 və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin 5 iyul 2024-cü il tarixli, ********** nömrəli İddiaçıa dair arayışı.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabçadan” çıxarışlar.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 25 oktyabr 2024-cü il tarixli, 3-17-4/3-3-7733/2024 nömrəli İddiaçı dair qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, 3 avqust 2024-cü il tarixli göndərişə imtina edilməsi barədə qərarın ləğv edilməsi və 3 avqust 2024-cü il tarixli göndərişə əsasən 2-ci dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 3 sentyabr 1971-ci iİ tarixdə Azərbaycan Respublikası, Xaçmaz rayonunda anadan olmuşdur. X6, 1992-ci, 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 2003-cü ildən 2011-ci ilədək 3-cü dərəcə, 2011ci ildən 9 dekabr 2021-ci ilədək 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona əlillik təyin edilmişdir. Bir neçə dəfə tibb müəssisəsinin göndərişi cavabdehə göndərilib, sonuncu dəfə 3 avqust 2024-cü il tarixdə o, tibb müəssisəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, 14 oktyabr 2024-cü il tarixdə əyani müayinəyə çağırılmış, lakin cavabdeh ona müddətsiz əlillik təyin etmək əvəzinə 28 oktyabr 2024-cü il tarixdə əlillik təyinatından imtina etmişdir. Cavabdehin ona əlillik təyinatından imtina etməsini əsassız və qanunsuz hesab edir, o müharibədə yaranmış səbəbdən ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona 3 avqust 2024-cü il tarixdə əlillik təyinatından imtina etməsi ləğv edilməli və 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Ali Məhkəmənin 2-1(102)- 1906/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli, 2-1(102)-1944/2022 nömrəli, 26 oktyabr 2022ci il tarixli, 2-1(102)-1012/2022 nömrəli, 18 may 2022-ci il tarixli və 2-1(102)-1053/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli analoji Qərarların (ekspertiza keçirilmədən (onun barəsində ekspertiza keçirilməsinə bir mənalı olaraq etiraz edir) əlilliyin təyin edilməsi) nəzərə alaraq iddia ərizəsini təmin edilməsini xahiş etmişdir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuşdur, hesab edir ki, cavabdehin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də cavabdeh tərəfindən onun əlilliyinin məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək, məhkəməyə müraciət etmək məcburiyyətindədir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 24, 57, 60, 61, 147, 149-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi qaydası”nın təsdiq edilməsi haqqında Qərarın 3-cü bəndinə, Azərbaycan Respublikası Ali Məhkəmənin 2- 1(102)-1906/2022, 2-1(102)-1944/2022, 2-1(102)-1012/2022, 2-1(102)-1053/2022 nömrəli qərarlarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33-cü maddələrinə istinad olunmuşdur.

14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. Məhkəmənin 25 fevral 2025-ci il tarixli, 2-1(118)-3216/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmitəcrübi və Tədris birliyinin ekspertlərinə tapşırılmışdır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

17. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0329003AAN2X nömrəli, 1 yanvar 2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da 4 fevral 2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 20 oktyabr 2003-cü il tarixli, 340 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol diz oynağının dəlib-keçən gülə yaralanması nəticəsində oynağın davamlı ağrı sindromu ilə müşayiət olunan deformasiyaedici osteoartrozu, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş 3 aprel 2023-cü il tarixdə DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayağından yaralanması olduğunu, mədə, mədəaltı vəz, öd kisəsindən əməliyyat keçirdiyini bildirmişdir. Müayinə zamanı sol diz nahiyəsində çapıq toxuma, döş qəfəsinin ön səthində yuxarı orta laparotomiya əməliyyatına müvafiq çapıq toxuması izlənilmiş, boyu 173 sm, çəkisi 57 kq, BKİ=19 müəyyənləşdirilmiş, aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuş, atrofiya, hipotrofiya, parez, iflic izlənilməmişdir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı mədə xorasının perforasiyası nəticəsində öd kisəsinin də xaric edilməsi əməliyyatlarını keçirdiyini bildirmiş, aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sol dizdə çapıq və 180 100 dərəcə hərəkət həcmi göstərmiş, qarının ön divarında yuxarı, orta laparotomiyanın çapığı izlənilmiş, ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 18 fevral 2023-cü il-24 iyul 2023-cü il tarixli çıxarışında diaqnoz “Tibbi sənədlərinin alınması ilə bağlı müraciət. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Oynaqların kontrakturası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun 5 iyul 2024-cü il tarixli, ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol baldırın orta 1/3-nin və sol diz oynağının ön, tış səthlərində çapıq toxuması. Sol diz qapağının qeyri-düzgün bitişmiş sınığı. Sol diz oynağının İ dərəcəli travmadan sonra qonartrozu. Açıcı kontrakturası, bükmə 90 dərəcə. Sol patelofemoral oynağın artrozu, sol pəncənin salanması, osteoparozu, əzələ atrofiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. İstər məhkəmənin sərəncamına münasibətdə təqdim olunmuş etirazda, istərsə də məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatında iddia tələbinin məzmunu və mümkünlük şərtləri mübahisələndirilməmişdir.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

35. İddia tələbinin əsaslarına görə iddiaçı 1992-ci, 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 2003-cü ildən 2011-ci ilədək 3-cü dərəcə, 2011-ci ildən 9 dekabr 2021-ci ilədək 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona əlillik təyin edilmiş, növbəti dəfə təkrar səhhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, 14 oktyabr 2024-cü il tarixdə əyani müayinəyə çağırılmış, lakin cavabdeh ona müddətsiz əlillik təyin etmək əvəzinə 28 oktyabr 2024-cü il tarixdə əlillik təyinatından müvafiq xəstəliklərin mövcud olmasına baxmayaraq, əsassız olaraq imtina etmişdir.

36. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçı 3 aprel 2023-cü il tarixdə DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayağından yaralanması olduğunu, mədə, mədəaltı vəz, öd kisəsindən əməliyyat keçirdiyini bildirmişdir. Müayinə zamanı sol diz nahiyəsində çapıq toxuma, döş qəfəsinin ön səthində yuxarı orta laparotomiya əməliyyatına müvafiq çapıq toxuması izlənilmiş, boyu 173 sm, çəkisi 57 kq, BKİ=19 müəyyənləşdirilmiş, aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuş, atrofiya, hipotrofiya, parez, iflic izlənilməmişdir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

37. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, 25 avqust 1992-ci il tarixdə aldığı yaralanma – diaqnoz: “Sol diz oynağının dəlib-keçən güllə yaralanması nəticəsində oynağın davamlı ağrı sindromu ilə müşaiyət olunan deformasiyaedici osteoartrozu, funksiyanın mülayim dərəcədə pozulması ilə” nə səbəbə ki, 1 sentyabr 1992-ci il tarixdən 18 sentyabr 1992-ci il tarixə kimi Bakı X4 və Ortopediya İnstitutunda müayinə və müalicə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edilmişdir. Daha sonra 20 sentyabr 2007-ci il tarixdə “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” 3-cü dərəcə əlillik, 10 dekabr 2015-ci il tarixdən 9 dekabr 2016-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Sol diz oynağının dəlib keçən odlu silah yaralanması. Oynaqların kontrakturası. Sol diz oynağının kontrakturası” diaqnoz ilə ikinci dərəcəli əlillik, eyni səbəb və diaqnoz ilə 9 dekabr 2016-cı il tarixdən 9 dekabr 2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə cavabdeh Agentlikdə 14 oktyabr 2024-cü il tarixdə müayinədən keçmiş, nəticədə barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” publik hüquqi şəxsinin 30 aprel 2025-ci il tarixli, T 275/2025 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçı 21 aprel 2025-ci il tarixdə Birliyin Təkrari ekspertizalar şöbəsində məhkəmə-tibbi müayinədən keçirilərkən Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə göndərilmiş və orada komissiya tərəfindən müayinə edilərək “Odlu silah yaralanmasından sonra sol diz oynağının ön, sol baldırın yuxarı orta 1\3-nin tış səthlərində çapıq toxumaları. Sol diz oynağının İV dərəcəli travmadan sonra qonartrozu, açıcı-bükücü kəskin kontarkturası (açma - 165dər., bükmə - 155dər.). Sol diz qapağının qeyri-düzgün bitişmiş sınığı. Patella femoral oynağının İV dərəcəli artrozu, osteoporozu, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması. (Y36.4; L90.5; L91.0; M17.5; M24.5; S82.0; M84.0; M 19.1; M81.2; R52.1; R26.8.) diaqnozu qoyulmuşdur. İddiaçı 21 aprel 2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” PHŞ-nə mütəxəssis komissisyasında müayinədən keçirilərkən onda qərardaddın 5, 8 və 10 bəndlərində göstərilən xəstəliklərdən başqa, digər bəndlərdə olan xəstəliklərə rast gəlindi.

39. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.

40. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.

42. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 3 avqust 2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması faizlərinə uyğun olaraq əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar