Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3217/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xx.xx.1966-cı il təvəllüdlü X2, xx.xx.1994-cü il təvəllüdlü X1 Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1-ci məhəllə, 5 saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 və X3 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil xx.xx.1962-ci il tarixli, 02/1748 №-li orderə əsasən iddiaçının atası X9 məxsus olmuşdur. Atası xx.xx.2003-cü ildə vəfat etmişdir. Mərhum atasına məxsus mənzilin özəlləşdirilməsi ilə bağlı Asan Xidmətdən yaşayış yerinə dair arayış alarkən məlum olmuşdur ki, həmin mənzildə xx.xx.1966-cı il təvəllüdlü X6, xx.xx.1994-cü il təvəllüdlü X3 qeydiyyatdadırlar. Həmin şəxslər mənzildə qeydiyyatda olmalarına baxmayaraq, mənzildə heçvaxt yaşamayıblar. Üçüncü şəxslərin mənzildə qeydiyyatda olmaları həmin mənzilin üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatına alınması zamanı ciddi çətinliklər yaradır. Qeyd edilən şəxslərin mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda heçvaxt yaşamadıqlarına görə, üçüncü şəxslərin ünvan 2, 1-ci məhəllə, 5 saylı evin, 2 saylı mənzilə olan qeydiyyatlarının ləğvi ilə bağlı rəsmi qaydada Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 13-58/2-A-l 86xx/xx/2023 saylı imtina məktubunda qeyd olunur ki, “Sizin Sumqayıt Şəhər Polis İdarəsinə ünvanladığınız ərizənizə X4 baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq üçüncü şəxsin yaşayış yeri qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur. Odur ki, ərizənizdə göstərilən məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.” Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-58/2-A- 186xx/xx/2023 saylı imtina məktubunda qeyd olunur ki, iddiaçının Sumqayıt Şəhər Polis İdarəsinə ünvanladığı ərizəsinə X5 baxılmışdır . Bununla əlaqədar bildirilir li, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüququ nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq üçüncü şəxsin yaşayış yeri qeydiyyatından çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uğundur. Odur ki, ərizəsində göstərilən məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 ddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 digər üçüncü şəxs olan X1 onun oğlu olduğunu, onun və oğlunun qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmalarına hə hansı bir etirazlarının olmadığını bildirmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Sumqayıt şəhər ZDS İcraiyyə Komitəsinin 05/155 saylı, 24 sentyabr 1968-ci il tarixli orderi; “Ölüm haqqında” AZ-İİ № 250768 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamə; Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6515/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi; “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayış və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1-ci məhəllə, 5 saylı evin 2 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzildə üçüncü şəxslər X6 və X3 qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamır. Bundan əlavə məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 digər üçüncü şəxslər birlikdə qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmalarına hə hansı bir etirazlarının olmadığını bildirmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1966cı il təvəllüdlü X2, xx.xx.1994-cü il təvəllüdlü X1 Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1-ci məhəllə, 5 saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X2, xx.xx.1994-cü il təvəllüdlü X1 Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1-ci məhəllə, 5 saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva