Məhkəmə qərarları › İş №2-1(118)-3218/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3218/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3218/2024 22.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yeni məlumat vərəqəsinin tərtib edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “yeni məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 dekabr 2022-ci il tarixli, 350 nömrəli Əmrindən çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin icazəsinə əsasən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta təminatı bölməsinin rəisi vəzifəsinin icrasına buraxılmış hesab edilməsi əmr edilmişdir.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 4 noyabr 2023-cü il tarixli, 308 nömrəli Əmrindən çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi rəisinin sərəncamında olan, polkovnik-leytenant İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, 4 noyabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran Rayon Bölməsinə göndərilməsi, ona, 2023-cü ilin yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin 6 fevral 2023-cü il tarixli 023 nömrəli əmri ilə “Usta” məharət dərəcəsi verilmişdir, polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının iki misli miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi əmr edilmişdir, 2023-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatının ödənilməsi qeyd olunmuşdur.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 yanvar 2024-cü il tarixli, 3-25- 19/2-Q-xx-xx/2024 nömrəli məktubundan görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyul 2023-cü il tarixli, 0484 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq “X3 Heyətinin Maliyyə xidməti rəisi-baş mühasib” vəzifəsindən ehtiyata buraxılaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4 noyabr 2023-cü il tarixli, 308 nömrəli əmrinə əsasən şəxsi heyətinin siyahısından çıxarılmışdır. Bu səbəbdən də, ehtiyatda olan polkovnik-leytenant İddiaçı adına tərtib edilən MN-21152 nömrəli “Məlumat vərəqi”ndə məhz onun həqiqi hərbi xidmətdən buraxıldığı vəzifə üzrə, yəni “X3 Heyətinin Maliyyə xidməti rəisi-baş mühasib” vəzifəsi üzrə, təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na daxil edilmişdir.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 24 may 2024-cü il tarixli, 233 nömrəli məktubundan görünür ki, ehtiyyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində 16 dekabr 2022-ci il tarixdən 4 noyabr 2023-cü il tarixədək Sığorta Təminatı Bölməsinin rəisi vəzifəsini icra etdiyi dövr ərzində ümumi 17.655,80 manat pul təminatı ilə təmin olunmuşdur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

5. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətdən ehtiyata buraxılan günə aldığı aylıq pul təminatı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta Təminatı Bölməsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilməklə) əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hərbi xidmətdən ehtiyata buraxılan günə aldığı aylıq pul təminatı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta Təminatı Bölməsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilməklə) əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə (bundan sonra - “cavabdeh”) həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokol qərardadı ilə icraata qəbul edilmişdir.

7. İddiaçı tələbinin əsası kimi bildirmişdir ki, o, 1 avqust 1994-cü il tarixdən 4 noyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 iyul 2023-cü il tarixli, 0484 №-li əmri ilə 4 noyabr 2023-cü il tarixdə ehtiyata buraxılmışdır. O, N №-li hərbi hissədə “maliyyə xidmətinin rəisi-baş mühasib” vəzifəsində xidmət keçərkən Azərbaycan Respublikası Müdafiə Nazirinin 350 №-li, 16 dekabr 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi rəisinin sərəncamına keçirilmiş və həmin tarixdən ehtiyata buraxıldığı 4 noyabr 2023-cü il tarixədək bu idarədə “Sığorta Təminatı Bölməsinin rəisi” vəzifəsini icra etmiş və bu vəzifənin vəzifə maaşına uyğun olaraq aylıq pul təminatı ilə təmin edilmişdir. Lakin ehtiyata buraxılarkən ona yaşa görə əmək pensiyası faktiki icra etdiyi və aylıq pul təminatı ilə təmin olunduğu “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta Təminatı Bölməsinin rəisi” vəzifəsinin vəzifə maaşı deyil, “N №-li hərbi hissənin maliyyə xidmətinin rəisi-baş mühasib” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə təyin edilmişdir. Barəsində baş vermiş yanlışlığın aradan qaldırılması üçün onun ehtiyata buraxılarkən aldığı aylıq pul təminatı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta Təminatı Bölməsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilməklə) əsas götürülməklə yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə nümayəndəsi vasitəsilə 10 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müraciətinə 16 yanvar 2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

8. İddia tələbinin maddi hüquqi əsası kimi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə istinad olunmuşdur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsassən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri:

11. Etiraz təqdim olunmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, cavabdeh orqan şəxsin işlədiyi müddət ərzində aldığı əmək haqqı barədə məlumat alandan sonra, pensiyanı hesablayırlar. Arayışın olması iddia tələbinin təmin edilməsi üçün kifayətdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

15. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.” “Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

20. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin izahatlarını, cavabdeh orqanın imtina məktubunda qeyd edilənləri, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

22. Belə ki iddiaçının tələbi hərbi xidmətdən ehtiyata buraxılan günə aldığı aylıq pul təminatı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta Təminatı Bölməsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilməklə) əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi ilə bağlıdır.

23. Cavabdeh orqanın imtinasının əsasında ehtiyatda olan polkovnik-leytenant olan iddiaçının Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyul 2023-cü il tarixli, 0484 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq “X3 Heyətinin Maliyyə xidməti rəisi-baş mühasib” vəzifəsindən ehtiyata buraxılaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4 noyabr 2023-cü il tarixli, 308 nömrəli əmrinə əsasən şəxsi heyətinin siyahısından çıxarılmış olması səbəbindən onun adına tərtib edilən MN-21152 nömrəli “Məlumat vərəqi”ndə məhz həqiqi hərbi xidmətdən buraxıldığı vəzifə üzrə, yəni “X3 Heyətinin Maliyyə xidməti rəisi-baş mühasib” vəzifəsi üzrə, təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na daxil edilmiş olması ilə bağlıdır.

24. Göründüyü kimi hazırki mübahisə predmetinin əsasında iddiaçının ehtiyata buraxıldığı 4 noyabr 2023-cü il tarixədək hansı vəzifənin pul təminatı ilə təmin olunmasının müəyyən edilməsi dayanır.

25. Məhkəmə prosesi dövründə cavabdehin səlahiyyətli nümayəndəsi qeyd olunan məsələnin araşdırılması məqsədi ilə yazılı vəsatətlə məhkəməyə müraciət etmişdir.

26. İş materialına əlavə edilmiş sənədlər əsasında müəyyən olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 dekabr 2022-ci il tarixli, 350 nömrəli Əmrindən çıxarışdan görünür ki, iddiaçı Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin icazəsinə əsasən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta təminatı bölməsinin rəisi vəzifəsinin icrasına buraxılmış hesab edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 4 noyabr 2023-cü il tarixli, 308 nömrəli Əmrindən çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi rəisinin sərəncamında olan, iddiaçının, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, 4 noyabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran Rayon Bölməsinə göndərilməsi, ona, 2023-cü ilin yanvaroktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin 6 fevral 2023-cü il tarixli 023 nömrəli əmri ilə “Usta” məharət dərəcəsi verilmişdir, polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının iki misli miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi əmr edilmişdir, 2023-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatının ödənilməsi qeyd olunmuşdur. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində 16 dekabr 2022-ci il tarixdən 4 noyabr 2023cü il tarixədək Sığorta Təminatı Bölməsinin rəisi vəzifəsini icra etdiyi dövr ərzində ümumi 17.655,80 manat pul təminatı ilə təmin olunmuşdur (§1,2,4).

27. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının tələbində istinad etdiyi hallar iş materialında olan sənədlərlə uyğunluq təşkil etdiyi üçün, iddia tələbi əsaslı hesab edilməli, hərbi xidmətdən ehtiyata buraxılan günə aldığı aylıq pul təminatı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta Təminatı Bölməsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilməklə) əsas götürülməklə iddiaçının barəsində yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

29. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılan günə aldığı aylıq pul təminatı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sığorta Təminatı Bölməsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilməklə) əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar