Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3233/2025 09.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi, üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və planölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı8 iştirakları ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi, üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 dekabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Quba rayonu Digah bələdiyyə şurasının 3 may 2004-cü il tarixli, 7 saylı iclas protokolundan görünür ki, X3 bələdiyyə torpaq fondundan 0,5 ha əkinə yararlı torpaq sahəsi verilmişdir.
2. Quba rayonu Digah bələdiyyə şurasının 20 may 2004-cü il tarixli, 9 nömrəli iclas protokolun qərarından çıxarışdan görünür ki, Quba rayonu Digah bələdiyyəsinin ehtiyat torpaq fonduna aid olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən Digah kənd sakini İddiaçı1K. 0,90 ha dəyişdirilməsi üçün hazırlanmış sənədlər nəzərə alınmış, İddiaçı1 ayrılmış 0,90 ha torpaq sahəsi üçün mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi DT və XK-nin Quba rayon Şöbəsindən xahiş edilmişdir.
3. Quba rayonu Digah bələdiyyəsi ərazisində Digah kənd sakini X3 mülkiyyətə veriləcək 0,05 ha torpaq sahəsinin yerquruluşu planından çıxarış (miqyas 1:10.000).
4. Quba rayonu Digah bələdiyyəsinin ayrılmış 0,90 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarış (miqyas 1:10.000).
5. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 24 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Digah kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 2,1851 ha **********22 reyestr nömrəli torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X6, İddiaçı7 və İddiaçı8 ümumi birgə xüsusi mülkiyyətindədir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı1 adına **********22 reyestr nömrəli torpaq sahəsi torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”.
7. Quba rayonu Digah bələdiyyəsinin 12 avqust 2024-cü il tarixli, 31 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə “torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublika Prezidentinin 1997-ci il yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Respublika Nazirlər Kabinetinin 23 iyul 1998 il tarixli, 158 nömrəli qərarına müvafiq olaraq, Digah bələdiyyə sədrinin 20 may 2004-cü il tarixli, 09 nömrəli qərarı ilə Quba rayonu Digah kənd sakini X2 adına olan özəl pay torpaq sahənin 0,90 ha istifadə yararsız oldııqundan həmin istifadəyə yararsız torpaq sahəsi bələdiyyə ehtiyat torpaq fondundan torpaqla əvəz edilmişdir.
8. JN 133 KOD 30307038 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X7, X8, X9, X6, X4 və İddiaçı8 3,7 ha torpaq sahəsi satılmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 oktyabr 2024-cü il tarixli, 3-21-3-34/2-11627/2024 nömrəli İddiaçı1 göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, 3,7 ha torpaq sahəsi üçün JN-133 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” təqdim edilmişdir. Bildirilmişdir ki, 3,7 ha torpaq sahəsi üçün təqdim edilən JN-133 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 133K nömrəli konturunda qeyd olunan 1,4 ha torpaq sahəsi vahid məlumat bazasında öz əksini tapmamışdır, lakin, torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş, uqodiyası isə örüş kimi göstərilmişdir. Həmçinin JN-133 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan qeydiyyat kitablarında 3,2 ha ölçüdə qeydə alınmışdır və dövlət aktının arxiv nüsxələri isə 3,2 ha, 3,7 ha ölçülərdə Ərazi İdarəsində mövcuddur. Bundan əlavə, pay torpaq sahəsi almış subyektlərin adlı siyahısında 7 nəfər mülkiyyətçinin adları qeyd olunmasına baxmayaraq, 3,7 ha torpaq sahəsinə dair təqdim edilmiş Dövlət Aktında 8 nəfər mülkiyyətçinin adları yazılmışdır. Bu səbəbdən də, 3,7 ha torpaq sahəsinə aid təqdim edilən JN-133 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na aid kadastr məlumatların və ilkin hüquq müəyyənedici sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədilə ilə Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 04 nömrəli Qərarı, eləcə də təqdim olunan JN-133 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın elektron kadastr məlumatları aşkar edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” -zərbaycan Respublikası Qanununun 15.1.6-cı maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
10. X17 Filialının 23 sentyabr 2025-ci il tarixli, 3-48-DA-6F/2-4xx-xx/2025 nömrəli məktubu ilə Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli iclas protokolunun surəti qoşma şəklində göndərilmişdir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3 dekabr 2025-ci il tarixli, 3-21-3-34/2-17250/2025 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, İddiaçı8 faktiki istifadəsində olan torpaq sahəsi 1,40 ha təşkil edir. Sözügedən torpaq sahəsi (İddiaçı8 faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriyalı olub uqodiyası örüş kimi, islaha uqodiyası örüş kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üstüstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən JN-133 nömrəli Dövlət Aktı ilə uyğunluq təşkil edir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Qonşu torpaq sahələrinə reyestr nömrələri **********75, **********79 və **********26 olan çıxarışlarla mülkiyyət hüquqları qeydiyyata alınmışdır. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
12. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 24 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın 0,90 ha hissədə ləğv edilməsi və 133 K Konturunda yerləşən 1,40 ha torpaq sahəsinə dair çıxarışın verilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi işin hallarına (§1-9) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Ömərova (Güliyeva) Könül Fizuli qızı, Ömərova (Güliyeva) Xumar Fizuli qızı, Qonağbəyova (Güliyeva) Bəsti Fizuli qızı, Musayeva (Güliyeva) Şəbinə Fizuli qızı və İddiaçı8 Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə Quba rayonu, Digah kəndi ərazisindən 3,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və Dövlət Aktı tərtib edilmişdir. Verilmiş 3,20 ha torpaq sahəsinin 0,90 ha hissəsi təmamilə əkinə yararsız olmaqla orada kənd təsərrüfatı bitkilərinin əkilməsi və becərilməsi qeyri-mümkün olduğundan İddiaçı1 Quba rayonu Digah bələdiyyəsinə müraciət edərək, 0,90 ha yararsız torpaq sahəsinin əvəzinə istifadəyə yararlı olan torpaq sahəsinin verilməsini xahiş etmişdir. Quba rayonu Digah bələdiyyəsinin 20 may 2004-cü il tarixli, 09 nömrəli qərarı ilə istifadəyə yararsız 0,90 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fondundan torpaqla əvəz edilmişdir. Bundan başqa, İddiaçı5 ailə üzvü olmağına baxmayaraq, səhvən ona özəl pay torpaq sahəsi verilmədiyindən Quba rayonu Digah bələdiyyəsinə ərizə ilə müraciət etmiş, müraciəti əsasında Quba rayon Digah bələdiyyəsinin ehtiyat torpaq fondundan 0,50 ha əkin sahəsi verilmişdir. İddiaçı5 0,5 ha özəl pay torpaq sahəsi verildikdən sonra ümumilikdə 3,70 ha torpaq sahəsinə dair iddiaçıların adına JN 133 Kod 30307038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin 0,50 ha və əkinə yararsız torpaq sahəsinin əvəzinə verilmiş 0,90 ha torpaq sahələri 3,20 ha torpaq sahəsi ilə eyni konturda deyil, 133 K konturda Digah kəndində yerləşən əvvəlki fermanın örüş sahəsindən verilmişdir. 5 iyul 2019-cu il tarixdə torpaq sahəsinin 1,01 ha-nı X1 AN-İ seriyalı, ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nə əsasən satmışlar. Həmin torpaq sahəsinin 2,1851 ha hissəsinə dair adlarına 24 iyun 2019-cu il qeydiyyat tarixli, **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Sonradan əvəz edilmiş əkinə yararlı 0,90 torpaq sahəsi deyil, əkinə yararsız olan 0,90 ha torpaq sahəsini də daxil etməklə 2,1851 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Bildirilmişdir ki, özəl pay torpaq sahəsi olaraq verilmiş 0,50 ha və əkinə yararsız olduğuna görə sonradan əvəzləşdirilmiş 0,90 ha torpaq sahəsi verildiyi vaxtdan halhazıradək iddiaçılarının istifadəsində və onlara məxsus torpaq sahəsinə dair heç bir mübahisə mövcud deyildir. Hesab edirlər ki, imtina məktubunda qeyd edilən səbəblər vətəndaş kimi iddiaçıların təqsiri deyil, ləğv edilmiş DT və XK-nın Quba rayon Şöbəsinin əməkdaşlarının səhlənkarlığı və hal-hazırda fəaliyyət göstərən Reyestr Xidmətinin nöqsanıdır.
14. İddia tələbinin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 8.0, 15, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1, prosessual hüquqi əsası kimi İPM-in 2.1, 2.2, 14.3-cü maddələrinə istinad edilmişdir.
15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
16. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesteri”ndə reyestr nömrəsi **********22 olan (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi 24 iyun 2019-cu il tarixli) mülkiyyət hüquqlarının qeydiyyatının 0,90 ha hissəsinə münasibətdə ləğv edilməsi, 133K konturunda yerləşən 1,40 ha torpaq sahəsinə dair birgə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 9 dekabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
18. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda qeyd edilən hallara (§9) istinad etmiş, iddianın təmin edilməməsi xahiş etmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2, 11.1, 15.1.6-cı maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 (digər iddiaçıların nümayəndəsi qismində də olmaqla) və İddiaçı8 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
32. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-)
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
37. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
38. Məhkəmə iddiaçı tərəfin vermiş olduğu izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
39. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
40. İddiaçı iddia tələbinin əsası kimi bildirir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, X5 və İddiaçı8 Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə Quba rayonu, Digah kəndi ərazisindən 3,20 ha, daha sonra isə İddiaçı5 Quba rayon Digah bələdiyyəsinin ehtiyat torpaq fondundan 0,50 ha əkin sahəsi verilmişdir. Ümumilikdə 3,7 ha təşkil edən torpaq sahəsinin 0,9 ha hissəsi əkin üçün yararsız olduğundan, bələdiyyə tərəfindən ehtiyat fondunda olan 0,9 ha torpaq sahəsi ilə əvəz edilmişdir. Eyni zamanda, 1,01 ha hissəsi digər şəxsə iddiaçılar tərəfindən satılmışdır. Lakin cavabdeh tərəfindən İddiaçı5 ayrılmış 0,5 ha, həmçinin əkin üçün yararlı olan 0,9 ha hissəsinə dair mülkiyyət hüquqları qeydiyyata alınmamış, əkinə yararsız olan 0,9 ha hissəsi daxil olmaqla 2,1851 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir.
41. Cavabdeh orqanın etiraz dəlili isə aşağıdakılardan ibarətdir: - pay torpaq sahəsi almış subyektlərin adlı siyahısında 7 nəfər mülkiyyətçinin adları qeyd olunmasına baxmayaraq, 3,7 ha torpaq sahəsinə dair təqdim edilmiş Dövlət Aktında 8 nəfər mülkiyyətçinin adları yazılmışdır; - Mərkəzin arxivində Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 04 nömrəli Qərarı, eləcə də təqdim olunan JN-133 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın elektron kadastr məlumatları aşkar edilməmişdir.
42. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, JN 133 KOD 30307038 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli qərarı ilə iddiaçılara 3,7 ha torpaq sahəsi ayrılmışdır.
43. Eyni zamanda, müvafiq qərar əsasında torpaq sahəsi ayrılarkən İddiaçı5 adı adlı siyahıda qeyd edilməmiş, iddiaçılara 3,7 ha deyil, 3,2 ha torpaq sahəsi verilmiş, bu səbəbdən Quba rayonu Digah bələdiyyə şurasının 3 may 2004-cü il tarixli, 7 saylı qərarı ilə İddiaçı5 0,5 ha torpaq sahəsi ayrılmışdır.
44. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Quba rayonu Digah bələdiyyə şurasının 20 may 2004-cü il tarixli, 9 nömrəli qərarı ilə müəyyən edilir ki, Quba rayonu Digah bələdiyyəsinin ehtiyat torpaq fonduna aid olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən 0,90 ha hissəsi iddiaçılara məxsus 0,90 ha torpaq sahəsi ilə dəyişdirilməsi faktı öz təsdiqini tapmışdır.
45. Qeyd edilməlidir ki, sonradan İddiaçı5 ayrılmış 0,5 ha, yararsız olan 0,9 ha sahəsi ilə əvəz edilmiş əkin üçün yararlı 0,90 ha torpaq sahələrinə dair ümumi JN-133 nömrəli aktın 133K nömrəli konturu işlənilmişdir.
46. Hazırda isə iddiaçılar 1,01 ha torpaq sahəsi digər şəxsə satıldıqdan sonra 24 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onlara məxsus olan 2,1851 ha torpaq sahəsinin 0,9 ha hissəsi yararsız olduğu üçün həmin hissədə qeydiyyatı ləğv edilərək, İddiaçı5 ayrılmış 0,5 ha, əkin üçün yararlı olan 0,90 ha, ümumilikdə 1,4 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edirlər.
47. Məhkəmə araşdırması zamanı göndərilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən torpaq sahəsinə keçirilmiş baxış nəticəsində tərtib edilmiş mütəxəssis rəyi təqdim edilmiş və müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi faktiki olaraq 1,40 ha təşkil edir, kənd təsərrüfatı təyinatlı kateqoriyalı, uqodiyası örüşdür, heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir.
48. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən 3,7 ha torpaq sahəsi üçün təqdim edilən JN-133 nömrəli dövlət aktının 133K nömrəli konturunda qeyd olunan 1,4 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş, arxiv nüsxəsi öz təsdiqini tapmış, iddia olunan torpaq sahəsinin JN-133 nömrəli dövlət aktı ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir.
49. Eyni zamanda, cavabdeh orqanın torpaq sahəsinin təyinatı ilə əlaqədar olan etiraz dəlili ilə bağlı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqları qeydiyyata alınaraq, **********75, **********79 və **********26 reyestr nömrəli çıxarışlar verilmişdir.
50. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
51. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
52. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2- 1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.
28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?
29. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
31. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
32. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.
33. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.”
53. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”
54. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
55. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§1-11), qanunvericiliyin normalarını (§31-37), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesteri”ndə **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 24 iyun 2019-cu il qeydiyyat tarixli mülkiyyət hüquqlarının qeydiyyatının 0,90 ha hissəsinə münasibətdə ləğv edilməsi, 133K konturunda yerləşən 1,40 ha torpaq sahəsinə dair İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 birgə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova