Məhkəmə qərarları › İş №2-1(118)-324/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-324/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-324/2021 25.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1/2, mənzil 15-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (Sumqayıt şəhər Gömrük İdarəsində hüquqşünas işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, ev 4B-də yaşayan), Cavabdehin nümayəndəsi X3 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Müraciətlərə baxılması və hüquq bölməsində baş hüquqşünas işləyən, Bakı şəhəri, F.Yusifov küçəsi ev 31 mənzil 75-də yaşayan) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iddiaçının ünvanına daxil olan və iddiaçı tərəfindən 31.08.2020-ci il tarixdə **********5396 saylı, 31.08.2020-ci il tarixdə **********6907 saylı və 31.08.2020-ci il tarixdə **********6923 saylı gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin cavabdehlər Sumqayıt Baş Gömrük İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeyriqanuni olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi, həmçinin cavabdehlərin həmin qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 5100 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı “MODRİÇ“ MMC cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının ünvanına daxil olan və iddiaçı tərəfindən 31.08.2020-ci il tarixdə **********5396 saylı, **********6907 saylı və **********6923 saylı gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin cavabdeh tərəfindən qeyri-qanuni olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi, həmçinin cavabdehin həmin qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 5100 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək iddiaçının ünvanına daxil olan və iddiaçı tərəfindən 31.08.2020-ci il tarixdə **********5396 saylı, 31.08.2020-ci il tarixdə **********6907 saylı və 31.08.2020-ci il tarixdə **********6923 saylı gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin cavabdeh Sumqayıt Baş Gömrük İdarəsi və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeyri-qanuni olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi, həmçinin cavabdehlərin həmin qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 5100 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli 2-1(118)-324/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. İddiaçı MMC müxtəlif vaxtlarda idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz halların aradan qaldırılması ilə bağlı dəfələrlə Dövlət Gömrük Komitəsinə və aidiyyəti orqanlara müraciət etmişdir. 31.08.2020ci il tarixdə İddiaçı MMÇ-nin ünvanına Çin Xalq Respublikasından “99VX949/10ZX479” nömrə nişanlı yük avtomobilləri ilə 1 konteyner “axar tipli qazla işləyən su qızdırıcılar” adlı yük (mal) gətirilmişdir və həmin yükün müşayiət sənədləri cavabdehə təqdim olunmuşdur. MMC-nin ünvanına gələn həmin yük 31.08.2020-ci il tarixdə **********5396 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qeyd edilən yükün gömrük ödənişləri müəssisə tərəfindən tam olaraq bank vasitəsilə ödənilmişdir. Eyni zamanda, 31.08.2020-ci il tarixdə İddiaçı MMC-nin ünvanına Çin Xalq Respublikasından 94325891 saylı yük vaqonu ilə 1 konteynerdə "84 ədəd-plastmas unitaz qapağı, 21450 ədəd duş başlığı, 6800 ədəd bide, 3792 ədəd su nasosu, 1200 ədəd qidrofor, 100 ədəd hamam üçün asılqan, 2800 ədəd kağız qabı, 2500 ədəd duş borusu, 5400 ədəd kilid qolu adlı yüklər (mallar) gətirilmiş və həmin yükün müşayiət sənədləri cavabdehə təqdim olunmuşdur. İddiaçı MMC-nin ünvanına gələn həmin yük 31.08.2020-ci il tarixdə **********6923 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qeyd edilən yükün gömrük ödənişləri müəssisə tərəfindən tam olaraq bank vasitəsilə ödənilmişdir. 31.08.2020-ci il tarixdə İddiaçı MMC-nin ünvanına Çin Xalq Respublikasından 94323391 saylı yük vaqonu ilə 1 konteynerdə 636 ədədunitaz qapağı, 4800 ədəd sabun qabı, cəmi 19740 ədəd dəmir vintillər, cəmi 75000 ədəd- fun, cəmi 5979 ədəd su kranı içliyi, cəmi 200 ədəd qaz siqnalı, 600 ədəd duş başlığı, 2400 ədəd plastmas tyorka (mala), cəmi 2600 ədəd su nasosu, cəmi 600 ədəd qidrofor, 50 ədəd su nasosu balonu, 200 ədəd su nasosu naqili adlı yüklər (mallar) gətirilmiş və həmin yükün müşayiət sənədləri cavabdehə təqdim olunmuşdur. İddiaçı MMC-nin ünvanına gələn həmin yük 31.08.2020-ci il tarixdə **********6907 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qeyd edilən yükün gömrük ödənişləri müəssisə tərəfindən tam olaraq bank vasitəsilə ödənilmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşlarının Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşlarına edilən qanunsuz şifahi göstərişləri əsasında cavabdeh tərəfindən müəssisənin ünvanına gəlmiş və müəssisə tərəfindən gömrük bəyannamələri ilə bəyan edilmiş yüklər Sumqayıt Stansiyasında heç bir qanuni əsas olmadan saxlanılmışdır. Həmin yüklərin qanunsuz və əsassız saxlanılması ilə bağlı cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciət cavabsız qalmışdır. İddiaçı MMC gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazım olan bütün sənədləri təqdim etməsinə baxmayaraq, cavabdehlər qeyd edilən yükləri (malları) buraxmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Vergi əməkdaşlarının malların saxlanılmasında heç bir səlahiyyəti yoxdur. Ona görə də gömrük orqanı vergi əməkdaşlarının qanunsuz göstərişlərinə əməl etməməli və malları buraxmağa tam səlahiyyətli orqan olaraq malları sərbəst dövriyyəyə buraxmalıdır. Çünki artıq mallara görə gömrük ödənişləri həyata keçirilmişdir. Qeyd edilən malın rəsmiləşməli olduğu halda bunun həyata keçirilməməsi 10 gündən artıq müddətdə davam etmişdir və İddiaçı MMC hər gün üçün boş dayanmaya görə hər bir daşıyıcıya 100 ABŞ dolları məbləğində vəsait ödəmək məcburiyyətində qalmışdır. Hazırda müəssisənin ilkin olaraq bu günədək 3000 ABŞ dolları borcu yaranmış və həmin məbləğ iddiaçı tərəfindən müvafiq daşıyıcılara ödənilmişdir. Cavabdeh Sumqayıt Baş Gömrük İdarəsi qanunla müəyyən edilmiş vəzifələrini icra etməməklə heç bir səbəb olmadan və sahibkara bununla bağlı hər hansı məlumat vermədən müəssisənin ünvanına göndərilmiş yükün uzun müddətə qeyri-qanuni olaraq saxlamaqla İddiaçı MMC-nə 5100 manat məbləğində ziyan vurmuşdur. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt Baş Gömük İdarəsinin nümayəndəsi X6 iddianı qəbul etməyərək izah etdi ki, iddia ərizəsində qeyd olunan üç yükdən biri 31.08.2020-ci il tarixdə, ikinicisi 01.09.2020-ci il tarixdə daxil olmuşdur. Həmin vaxt iş saatı yekunlaşdığı üçün növbəti günə saxlanılmış, 02.09.2020-04.09.2020-ci il tarixlərdə yükə birgə baxış keçiriərək, 04.09.2020-ci il tarixdə buraxılmışdır. Beləliklə, bəyannamə 31.08.2020-ci il tarixdə verilmiş, 04.09.2020-ci il tarixdə isə buraxılmışdır. Cavabdeh tərəfndən iddiaçıya qarşı hər hansı qərəzli hərəkət nümayiş edilməmiş və ziyan vurulmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi X7 iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən, bu Qaydaların 4.2-ci bəndində göstərilən məlumatlar real vaxt rejimində göndərildikdən 30 dəqiqə ərzində Dövlət Vergi Xidməti, qanunvericiliyə uyğun tətbiq edilən risk meyarlarına əsaslanaraq, gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində mallara gömrük baxışında vergi orqanı əməkdaşının iştirak edib-etməyəcəyi barədə real vaxt rejimində qeydlər aparır. İddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş məsələlər, gəlmiş yüklərin İpəkyolu terminalında saxlanılması gömrük orqanlarının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin “Gömrük orqanları və onların fəaliyyəti” adlı 6-cı maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında gömrük işi gömrük orqanları tərəfindən yerinə yetirilir. Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük orqanları hüquq mühafizə orqanlarıdır. İddiaçının iddia ərizəsində göstərdiyi məsələlər və səlahiyyətlər gömrük orqanlarının səlahiyyətlərinə aiddir və maddənin tələbindən də göründüyü kimi digər dövlət orqanları tərəfindən gömrük orqanlarının funksiyaları yerinə yetirilə və fəaliyyətinə müdaxilə oluna bilməz. Eyni zamanda Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Əsasnaməsində də yüklərin saxlanılması ilə bağlı hər hansı səlahiyyət nəzərdə tutulmamışdır. Bu səlahiyyətlər gömrük orqanlarına aiddir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş : - -Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********6907 və **********6923 saylı gömrük bəyannamələri ilə təqdim olunmuş mallar 01.09.2020-ci il tarixdə daxil olmuş, 04.09.2020-ci il tarixdə gömrük ödənişləri ödənildikdən sonra buraxılmışdır. **********5396 saylı gömrük bəyannaməsi ilə təqdim olunmuş mallar 31.08.2020-ci il tarixdə daxil olmuş və elə həmin tarixdə də gömrük ödənişləri ödənildikdən sonra buraxılmışdır. - - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 13.10.2020-ci il tarixli 1500-001/001-22/000973 saylı sorğuya cavab məktubundan görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi **********5396 saylı, **********6907 saylı və **********6923 saylı gömrük bəyannamələri ilə təqdim olunmuş mallar və nəqliyyat vasitələri ilə əlaqədar iddiaçıya qarşı gömrük orqanı tərəfindən hər hansı süni maneə yaradılmamışdır. Gömrük qanunvericiliyinin tələblərinə uyğyn olaraq gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Baş İdarə tərəfindən məhkəməyə təqdim edilmiş bəyannamələrdə də göstərildiyi kimi, iddiaçı tərəfindən **********5396 saylı, **********6907 saylı və **********6923 saylı gömrük bəyannamələri ilə təqdim olunmuş mallar hər hansı gecikmə olmadan rəsmiləşdirilmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada gömrük ödənişləri ödənildikdən sonra mallar buraxılmış və bu barədə gömrük rəsmiləşdirilməsini nəzərdə tutan gömrük bəyannamələri İddiaçı MMC tərəfindən də təsdiq edilmişdir. - -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 28.04.2021-ci il tarixli 1500-001/003-22/000447 saylı sorğuya cavab məktubundan görünür ki, Baş İdarə tərəfindən 12.04.2021-ci il tarixli 1500-012/002-24/000379 saylı məktubla müvafiq olaraq İddiaçı MMC-yə cavab verilmişdir. Sözügedən məktubda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi vasitələrinə birgə nəzarətin təmin edilməsi barədə” 01.08.2018-ci il tarixdə imzalanmış 100/168 saylı Razılaşma Protokolunun müddəalarına uyğun olaraq gömrük orqanları vergi orqanları ilə birlikdə risklərin idarəolunma sistemi üzrə malların buraxılışından əvvəl təqdim olunmuş gömrük bəyannaməsində göstərilmiş məlumatların mövcud mallarla eyniləşdirilməsi məqsədilə mal müşayiət sənədləri üzrə həmin mallar üzərində gömrük nəzarətini həyata keçirməklə eyniləşdirilməsini həyata keçirildiyi və iddiaçının Sumqayıt BGİ-nin qarşısında qaldırdığı iddia məsələsini əsassız hesab etdiklərini bildirmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC 31.08.2020-ci il tarixdə Çin Xalq Respublikasından ünvanına daxil olmuş yükə (mallara) dair üç ədəd gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük İdarəsinə bəyan etmişdir. İddiaçı iddia edir ki, gömrük orqanının əməkdaşları vergi orqanının göstərişi ilə həmin yükün 10 gündən artıq müddət ərzində qanunsuz olaraq saxladığından 5100 manat məbləğində maddi ziyana məruz qalmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gömrük sərhədindən malları keçirən şəxs, dayışıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir. Həmin Məcəllənin: -121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir; -121.3-cü maddəsinə əsasən mallar gömrük orqanına təqdim edildikdən sonra, malları barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə bilərlər; -121.7-ci maddəsinə əsasən bu Məcəllənin 121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar daşıyıcının çəkdiyi əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir; - -121.10-cu maddəsinə əsasən malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal və ya gömrük bəyannaməsinə istinad etməlidir; -146.1-ci maddəsinə əsasən gömrük sərhəddindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; Məhkəmə qeyd edir ki, İddiaçı MMC 5100 manat məbləğində maddi ziyan çəkməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərar yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının onun adına göndərilmiş yükün gömrüj orqanı əməkdaşları tərəfindən qanunuz saxlanlması və nəticədə maddi ziyana uğraması ilə bağlı gətirdiyi dəlillər iddianın təmin olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasyianın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı hissəsinin mümkün sayılmaması barədə ayrıca qərardad qəbul edilmişdir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar