Məhkəmə qərarları › İş №2-1(118)-324/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-324/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-324/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in 2 saylı Regional Ərazi Filialına qarşı “onun 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işlədiyi dövrlər sığorta stajı saymaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1959-cu ildə Quba rayon, Çartəpə kəndində anadan olmuşdur. 1976-ci ildən əmək fəaliyyətinə başlamışdır. 1976- 1991-ci illərdə Quba rayon l№-likonserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofırmasında işləmişdir. Daha sonra 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayəsi işçiləri X4 rayonu Komitəsində işləmişdir. İşlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Hal-hazırda 62 yaşı tamam olduğu üçün pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 2 saylı Regional Ərazi Filialının 08 sentyabr 2021- ci il tarixli **********0 saylı arayışına əsasən 25 illik sığorta stajı olmadığına görə “25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayəsi işçiləri X4 rayonu Komitəsində işlədiyi dövrdə qeyd edilən illəri sığorta stajı kimi təyin etmək mümkün olmamışdır.” İddiaçıya pensiya təyin olunmasının mümkün olmaması qeyd edilmişdir. Bunun səbəbi ilə maraqlandıqda iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 25 il olmadığına görə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Lakin onu da qeyd etmişdir ki, 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayəsi işçiləri X4 rayonu Komitəsində işlədiyi dövr ərzində əmək haqqı almış, əmək kitabçasında qeyd edilmiş və əmək haqqı alması ilə bağlı bank kitabçası verilmiş və orada əmək haqqı alması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 2 saylı Regional filialı iddiaçıya işlədiyi dövrü sığorta stajı kimi hesablanmayaraq, əmək pensiyası təyin etmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayəsi işçiləri X4 rayonu Komitəsində işləmişdir. İşlədiyini təsdiq edən əmək kitabçasında qeydlər və bank kitabçası vardır. İşlədiyi bütün dövlərin əmək haqqı alması ilə bağlı arayışların olmaması iddiaçının günahı deyildir. Belə ki, iddiaçı işçi olmuşdur. Ona əmək haqqı verilmiş, onun mühasibatlıqda işlənib-işlənilməməsinə görə iddiaçının heç bir təqsiri yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Ərizəçi İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə Quba regional “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Ərizəçinin müraciətinə Fondun 2 saylı regional ərazi filialı tərəfindən baxılmış və 08 sentyabr 2021-ci il tarixli **********0 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna istinadən ərizəçinin müraciət etdiyi sənədlərə baxılmış və tələb olunan 25 il sosial sığorta stajına malik olmadığı müəyyən olunmuşdur. Belə ki, iddiaçı 1976-1991 və 1991-2006-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul olduğunu və həmin dövrlərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının yaşa görə əmək pensiyası hüququ 05.06.2021-ci il tarixdə yaranmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ yaranan vaxt tələb edilən pensiya kapitalı 28800 manat, malik olduğu pensiya kapitalı isə 10160.85 manatdır. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı 1976-1991-ci illər ərzində Quba rayon 1 nömrəli konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi iddia edir. Həmin dövrlərin təsdiqi ilə bağlı arxiv arayışları təqdim edilmişdir. Əmək haqqı ilə bağlı təqdim edilən 25.06.2021-ci il tarixli 576 nömrəli arxiv arayışına əsasən 1976-ci ilin sentyabr ayında adı Naibə, oktyabr və noyabr aylarında adı N, 1977-ci ilin yanvar ayında isə Nasib kimi yazılmışdır. Həmçinin, həmin arxiv arayışında ümumilikdə 43 ay olmaqla əmək haqqı xanası boş buraxılmışdır. Bu əsaslar həmin arxiv arayışının mötəbərliyinə şübhə yaradır. İddiaçının 25.01.1991-ci il tarixdən 30.12.2006-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X4 rayon Komitəsinin sənədlərinin araşdırılması mümkün olmamışdır. Belə ki, həmin müəssisə hazırda fəaliyyət göstərmir və X5 fililalı tərəfindən verilmiş 10.09.2021-ci il tarixli 830 nömrəli arayışa əsasən komitənin heç bir sənədi arxivə təhvil verilməmişdir. Həmçinin, Komitə ilə bağlı tərəflərindən 27.01.2022-ci il tarixli **********7 nömrəli sorğu ilə Azərbaycan Respubliaksının Dövlət Statistika Komitəsinə müraciət edilmişdir. Sorğuya cavab olaraq təqdim edilən 04.02.2022-ci il tarixli 01/3-191 nömrəli məktuba əsasən “Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsi” 15.01.1997-ci il tarixində statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin dövrün mübahisəli olmasının digər əsası isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə bağlıdır. 2006-ci il 1 yanvar tarixindən etibarən ödənilən məcburi dövlət sosial sığorta haqları elektron sistem vasitəsilə qeydiyyata alınır və vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanır. İddiaçı ilə bağlı Komitə tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bu hal 2006-ci il 1 yanvar tarixindən əvvəlki dövr ərzində də ödənişlərin həyata keçirilməsinin mötəbərliyini şübhə altında qoyur. X7 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sığortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin sullarına cavab olaraq bildirmişdir ki, əmək kitabçasında, arxiv arayışında qeyd edilən və Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işlədiyi dövrlər nəzərə alınarsa, iddiaçının pensiya hüquq yaranar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı onun 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işlədiyi dövrlər sığorta stajı saymaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, iddiaçı 1976-1991-ci illər ərzində Quba rayon 1 nömrəli konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi iddia edir. Həmin dövrlərin təsdiqi ilə bağlı arxiv arayışları təqdim edilmişdir. Əmək haqqı ilə bağlı təqdim edilən 25.06.2021-ci il tarixli 576 nömrəli arxiv arayışına əsasən 1976-ci ilin sentyabr ayında adı Naibə, oktyabr və noyabr aylarında adı N, 1977-ci ilin yanvar ayında isə Nasib kimi yazılmışdır. Həmçinin, həmin arxiv arayışında ümumilikdə 43 ay olmaqla əmək haqqı xanası boş buraxılmışdır. Bu əsaslar həmin arxiv arayışının mötəbərliyinə şübhə yaradır. İddiaçının 25.01.1991-ci il tarixdən 30.12.2006-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X4 rayon Komitəsinin sənədlərinin araşdırılması mümkün olmamışdır. Belə ki, həmin müəssisə hazırda fəaliyyət göstərmir və X5 fililalı tərəfindən verilmiş 10.09.2021-ci il tarixli 830 nömrəli arayışa əsasən komitənin heç bir sənədi arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə ilk növbədə iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək, yəni 2006-cı ilədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasına ayrıca münasibət bildirməyi vacib sayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi qanununun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən hesablanır. İddiaçının əmək kitabçasında da onun 1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işləməsi öz əksini tapmışdır. Eyni zamanda iddiaçının 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işləməsi Azərbaycan Respublikası Dövlət X3 25.06.2021-ci il tarixli 576a saylı arxiv arayışı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, arxivə məlumatların tam olaraq verilməməsi iddiaçının məsuliyəti deyil. Yuxarıda qeyd edilən sənədlər iddiaçının 2006-cı il yanvarın 1-dək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması üçün əsas təşkil edir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh inzibati orqan etirazında qeyd edir ki, iddiaçı 1976-1991-ci illər ərzində Quba rayon 1 nömrəli konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi iddia edir. Həmin dövrlərin təsdiqi ilə bağlı arxiv arayışları təqdim edilmişdir. Əmək haqqı ilə bağlı təqdim edilən 25.06.2021-ci il tarixli 576 nömrəli arxiv arayışına əsasən 1976-ci ilin sentyabr ayında adı Naibə, oktyabr və noyabr aylarında adı N, 1977-ci ilin yanvar ayında isə Nasib kimi yazılmışdır. Həmçinin, həmin arxiv arayışında ümumilikdə 43 ay olmaqla əmək haqqı xanası boş buraxılmışdır. Bu əsaslar həmin arxiv arayışının mötəbərliyinə şübhə yaradır. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının həmin dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və arxivə məlumatların tam verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Ona görədə cavabdeh inzibati orqanın həmin arxiv arayışının mötəbər sübut kimi qəbul etməməsi əsaslı hesab edilə bilməz. Cavabdehin digər dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçının 25.01.1991-ci il tarixdən 30.12.2006-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X4 rayon Komitəsinin sənədlərinin araşdırılması mümkün olmamışdır. Belə ki, həmin müəssisə hazırda fəaliyyət göstərmir və X5 fililalı tərəfindən verilmiş 10.09.2021-ci il tarixli 830 nömrəli arayışa əsasən komitənin heç bir sənədi arxivə təhvil verilməmişdir. Bununla bağlı məhkəmə araşdırması aparılmış və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayon Komitəsinin fəalyyəti olsada, filialda mühafizə olunan sənədləri 1965-1985-ci illəri əhatə edir. 1985-ci ildən sonrakı dövr üçün sənədlər filiala təhvil verilməməyə onların harada olması haqqında məlumat yoxdur. Məhkəmə hesab edir ki, komitənin heç bir sənədinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İddiaçının işlədiyi illlər əmək kitabçası ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur. Bu isə inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 2006-cı ilin yanvar ayının 1-dən sonraki aylar üzrə təmin edilə bilməz. Cavabdeh etirazında qeyd edir ki, 2006-ci il 1 yanvar tarixindən etibarən ödənilən məcburi dövlət sosial sığorta haqları elektron sistem vasitəsilə qeydiyyata alınır və vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanır. İddiaçı ilə bağlı Komitə tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bu hal 2006-ci il 1 yanvar tarixindən əvvəlki dövr ərzində də ödənişlərin həyata keçirilməsinin mötəbərliyini şübhə altında qoyur. Məhkəmə qeyd edir ki, 2006-ci il 1 yanvar tarixindən etibarən ödənilən məcburi dövlət sosial sığorta haqları elektron sistem vasitəsilə qeydiyyata alındığından iddiaçı ilə bağlı Komitə tərəfindən heç bir ödənişin həyata keçirilməməsi iddia tələbini 2006-cı ilin yanvar ayının 1-dən sonraki aylar üzrə əsassız edir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə iddiaçının 2006-cı ilin yanvar ayının birinə qədər işlədiyi dövrlər nəzərə alınanda, onun 25 ildən artıq sosial sğorta stajı yaranmış olur və eyni zamanda iddiaçı qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatdığına görə onun pensiya hüququ yaranmış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 01 yanvar 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işlədiyi dövrlər sığorta stajı saymaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in 2 saylı Regional Ərazi Filialı üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 01 yanvar 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işlədiyi dövrlər sığorta stajı saymaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in 2 saylı Regional Ərazi Filialı üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar