Məhkəmə qərarları › İş №2-1(118)-324/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-324/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-324/2023 13.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli , 01/06-25 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli ,01/05-06 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli , 01/06-25 saylı qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 01 saylı protokolunun 06 saylı Qərarına əsasən vergi ödəyicisi kimi iddiaçının mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə vergi borcunun ödənilməməsi məsələsi müzakirə olunaraq 01/06-05 N-li, xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək, onun borc öhdəliklərinin ödənilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli Tədiyyə Bildirişinə əsasən ona 94.15 manat məbləğində vergi ödəyəciym barədə məlumat verilmişdir. O həmin borc məbləğinin ödənilməsi ilə bağlı bir neçə gün keçdikdən sonra Xırdalan Bələdiyyəsinin inzibati binasına yaxınlaşmışdır. Ona 2 gün ərzində borcunun üzərinə faiz gəldiyi barədə şifahi məlumat vermişlər. Əlavə olaraq bildirmişlər ki, 1-2 günə rəsmi şəkildə sizə məlumat veriləcəkdir. Lakin 1-2 gün aylar çəkmiş və xx.xx.2022-ci il tarixli Tədiyyə bildirişi göndərilmiş və həmin bildirişdə borcunun artıq 241.40 manat məbləğində olduğu yazılmışdır. Xırdalan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 01 saylı protokolunun 06 saylı Qərarında qeyd edilmişdir ki, onun mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ən son 2022-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin o qanunla müəyyən edilmiş müddət ərzində M.Araz ünvanında yerləşən 200.00 kv.m əmlak, 150.00 kv.m torpaq sahəsinə görə cari il üçün 81 manat əmlak, 8.75 torpaq, o cümlədən 2021-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 89.75 manat, faiz üzrə 9,87 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə isə 229,37 manat ümumi borcunu ödəmədiyi bildirilmişdir. Xırdalan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 01 saylı protokolunun 06 saylı Qərarı icra olunmasından ötrü Abşeron Rayon İcra və probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Məmmədovun icraatına verilmiş və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması üçün ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Həmin borc xəbəri olmadan yaranmışdır. Ona rəsmi şəkildə gec xəbər verilmişdir. Qeyd etməyi vacib bilir ki, o həmin evdə cəmi 1 ildir ki, yaşayır. Ona heç bir məlumat verilədən 1 il müddətinə faiz, cərimə ilə birlikdə həmin borcun yazılması nə dərəcədə düzgündür? Qərarda da qeyd edildiyi kimi 200,00 kv.m əmlak və 150.00 kv.metr torpaq sahəsinə görə məndən tələb edilən vergi borcu ümumiyyətlə çoxdur. Ödəyəcəyi vergi borcundan çox borcun üzərinə faiz gəlmişdir. Vergi borcunu ödəməyə də hazırdır. Lakin tələb edilən məbləğ şişirdilmiş və əlavə borc gözlənilmədən tələb edilmişdir. Ona görə də etiraz ərizəsi kimi məhkəməyə müraciət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı müasibəti məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Xırdalan bələdiyyəsinin 01/06-25 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. - Xırdalan bələdiyyəsi tərəfindən tərtib edilmiş **********9422 saylı tədiyyə bildirişindən görünür ki, iddiaçıya 94,15 manat məbləğində vergi borcu hesablanmışdır. - Xırdalan bələdiyyəsi tərəfindən tərtib edilmiş **********8914 saylı tədiyyə bildirişindən görünür ki, iddiaçıya 241,40 manat məbləğində vergi borcu hesablanmışdır.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Xırdalan bələdiyyəsinin 01/06-25 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, bələdiyyə tərəfindən iddiaçıya 241,40 manat məbləğində vergi hesablamış, həmin vergi məbləğinin tutulması üçün “İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi” barədə 01/06-25 saylı, 19 yanvar 2022-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı hal-hazırda bələdiyyənin sözügedən qərarından narazıdır və ləğv edilməsini məhkəmədən xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən həmin Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika (bundan sonra - avtonəqliyyat vasitələri), su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - sözügedən qərarda Xırdalan şəhəri, M.Araz ünvanında yerləşən 200.00 kv.m əmlak, 150.00 kv.m torpaq sahəsinə cari il üçün 81 manat əmlak, 8,75 torpaq, o cümlədən 2021-ci il tarixdən başlayaraq ötən il üzrə 89,75 manat, faiz üzrə 9,87 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə isə 229,37 manat ümumi borc hesablandığı qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, torpaq vergisi üzrə ayrı-ayrılıqda vergi borcunun məbləği, vergi hesablanması zamanı torpağın kateqoriyasına uyğun olaraq vergi dərəcəsinin müəyyən edilib-edilməməsi qeyd edilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. Həmçinin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış borcun ödənilməsi üçün lazımi qaydada əvvəlcədən xəbərdarlıq edilməmişdir. - mübahisələndirilən 01/06-25 saylı, 19 yanvar 2022-ci il tarixli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin 01/06-25 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 01/06-25 saylı, 19 yanvar 2022-ci il tarixli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin 01/06-25 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Abşeron rayon Xırdalan bələdiyyəsinin 01/06-25 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar