Məhkəmə qərarları › İş №2-1(118)-3241/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3241/2023

27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3241/2023 27.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçıya məxsus şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 2507,24 manat borcun ümdisiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 2507,24 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şəxsi hesab vərəqəsinə görə xx.xx.2023-cü il tarixə vergi borcu 1008,24 manat, faiz borcu 1599,08 manat təşkil edir. Qeyd olunan vergi borcu kameral vergi yoxlaması nəticəsində 2016cı ilin 2-ci rübü üzrə hesablanmış 4530,95 manat və 2016-cı ilin 4-cü rübü üzrə 7318.24 manat sadələşdirilmiş məbləğinin ödənilməmiş hissəsidir. Şəxsi hesab vərəqəsində mövcud olan 2607.32 manat vergi borcunun tələbetmə müddəti bitmişdir. Bununla bağlı iddiaçı həmin məbləöin tələb etmə müddəti keçmiş borc kimi silinməsini tələb edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmlak siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar siyahıya alınmış əmlakın satılması məqsədilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Qeyd olunan borcun silinməsi ilə əlaqədar məhkəmədən daxil olacaq yekun qərara uyğun olaraq vergi borcunuzun silinməsi məsələsinə baxılacağı məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilmsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş : -İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki,onun xx.xx.2023-cü il tarixə 1008,24 manat vergi borcu, 1599,08 manat faiz borcu vardır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mübahisələndirilən vergi borcu hesablanan zaman qüvvədə olan Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, vergi orqanı mübahisələndirilən vergi borcunu siyahıya alınmış əmlakın satılması ilə bağlı iddiqa qaldırmaq yolu ilə xx.xx.2023-cü il tarixdə idida qadırmaqla tələb etmişdir, yəni Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddəti ötürməklə tələb etmişdir. Habelə, qeyd edilən 5 illik müddət ilə həmin borcun ödənilməli olması ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul olunmamışdır. Qeyd edilən 5 il ərzində vergi orqanı tərəfindən borcun tutulması ilə bağlı hər hansı hüquq və nəticə yarada biləcək hüquq və vəzifələr həyata keçirilməmişdir. Belə olan halda, mahiyyət etibarı ilə həmin borc vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutulmamış hesab olunmaqla, həmin hüququn realizəsi imkanı aradan qalxmışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, şübhələri vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi oranları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı aid şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 2507,24 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar