Məhkəmə qərarları › İş №2-1(118)-325/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-325/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-325/2022 25.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (işləməyən, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan), Cavabdehin nümayəndəsi X5 (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, H.Zərdabi prospekti, ev 71a, mənzil 15-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1971-ci ilin yanvar-noyabr ayları, 1972-1985-ci ilin noyabr ayları və 1986-1996-cı illərdə Şamaxı rayon Quşçu kənd “Xəqani” adına sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nun 11 saylı Regional Ərazi idarəsinə qarşı məhkəməyə müraciət edərək, imtinanın əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və 1971-ci ilin yanvar-noyabr ayları, 1972-1985-ci ilin noyabr ayları və 1986-1996-cı illərdə Şamaxı rayon Quşçu kənd “Xəqani” adına sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nin 11 saylı Reqional Ərazi Filialına təqdim etmişdir.Ərazi idarəsi ərizəni baxılmaq üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filiala göndərmişdir. Filial iddiaçının 23 il 11 ay sığorta stajını qəbul etmiş, müəyyən dövrlərdə Şamaxı rayonu Quşçu kənd “Xaqani” adına sovxozda işlədiyi illəri bu staja daxil etməmiş, bu səbəbdən 07 sentyabr 2021-ci il tarixdə **********1 saylı imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtina cavabını əsassız hesab edir. Belə ki, o, 1970-ci ildə 7-ci sinfi bitirəndən sonra oxumamış və 1971-ci ilin yanvar ayından Şamaxı rayonu Quşçu kənd “Xaqani” adına sovxozda fəhlə işləməyə başlamışdır. 1997-ci ilin yanvar ayının 2-nə kimi həmin sovxozda işləmişdir. Məhkəmə iclasında işçtirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədın xahiş etdi. Şifahi məhkəmə baxışında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı əmək kitabçası mövcud deyildir. Bu səbəbdən ümumiyyətlə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Bundan başqa 09 dekabr 1971 -ci il tarixli Əmək qanunları Məcəlləsinin 173-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslərin isə qəbul edilməsinə icazə verilmir. İstisna hallarda, bir müəssisənin, qurumun, təşkilatın həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq on beş yaşına çatmış şəxslər işə qəbul edilə bilər. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı “Xəqani adına kolxoz”da 1971-ci il yanvar ayından isə daxil olduğunu iddia etsə də, vətəndaşın bu tarixdə əmək qabiliyyətli olmamışdır. Əmək qabiliyyətinin 15 yasdan yarandığını nəzərə alsaq, İddiaçı 1971-ci il yanvar avından “Xəqani adına kolxoz”da işləməsi faktı əsassızdır. Təqdim olunmuş 18.06.2020-ci il tarixli 29 nömrəli arxiv arayışında Şamaxı rayonu Xəqani adına sovxozun X11 filialında saxlanılan əmr kitablarında isə qəbul edilmə barədə əmr aşkar olunmadığı qeyd edilmişdir. Bu o deməkdir ki, iddiaçının 1971-ci il tarixdə işə daxil olma barədə iddiası əsassızdır. 1974-1979-cu illər üzrə əmək haqqı cədvəllərinin mövcud olmaması həmin dövrlərdə İddiaçı işləməsi faktının mötəbərliyini şübhə altına salır. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondu ərizəni təmin edə bilməz. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X11 filialı tərəfindən verilmiş 18.06.2020-ci il tarixli 29 saylı arxiv arayışından görünür ki, X1 işə qəbul edilməsi barədə əmr aşkar edilməmişdir. Onun 29 yanvar 1973-cü il tarixdə 17 saylı əmrlə onun fəhlə kimi briqadaya təhkim edilməsi və 02 yanvar 1997-ci il tarixdə 01 saylı əmrlə barədə əmrlər aşkar edilmişdir. -X10 filialının 18.06.2020-ci il tarixli 29 saylı arxiv arayışından görünür ki, Şamaxı rayonu Xaqani adına sovxozun 1974-1979-cu illərın əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları arxiv təhvil verilməmişdir. -X10 filialının 18.06.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1971-ci ilin yanvar ayından (dekabr ayı istisna olmaqla) 1997-ci ilin yanvar ayından Şamaxı rayonu Xaqani adına sovxozundan əmək haqqı almışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X11 filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 11 fevral 2022-ci il tarixli və 14.03.2022-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı Şamaxı rayon Quşçu kənd Xəqani adıan sovxozda 1971-1973,1980-1996-cı illərdə işləyib aldığı əmək haqqı barədə arxiv arayışı məhkəməyə göndərilmiiş, 1974-1979-cu illərin əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları X10 filialına təhvil verilməmişdir. - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 21.04.2022-ci il tarixli cavab məktubundan görünür ki, vətətəndaş İddiaçı təqdim etdiyi arxiv arayışlarının surətinə əsasən 01.01.1971-02.01.1997-ci illər üzrə əmək fəaliyyəti dövrü daxil olmaqla 01.01.2006-cı il tarixinədək mübahisələndirilən əmək fəaliyyəti dövrü 26 il 1 gün təşkil edir. Eyni zamanda vətəndaşın təqdim etdiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X7 18.06.2020-ci il tarixli 29 nömrəli arxiv arayışında 01.01.1971-31.12.1973-cü illər üzrə əmək haqqı ödənildiyi qeyd edilsə də, əmrlər kitabından arxiv çıxarışında işə qəbul edilməsi barədə əmr aşkar edilməmiş, 29.01.1973-cü il tarixdə briqadaya təhkim olunması barədə 17 nömrəli əmrin mövcud olması qeyd edilmişdir. Həmçinin arxiv arayışında 1974-1979-cu illər üzrə əmək haqqı cədvəlləri və şəxsi hesab kitablarının X10 Filialına təhvil verilmədiyi qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 13 nömrəli Əlavəyə əsasən əlilliyə görə pensiya təyin olunması üçün pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış; müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış, ərizəçinin Qanunun 19cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olduğundan onun 15 yaşı 01.07.1971-ci il tarixdə tamam olmuşdur. Bu səbəbdən onun 01.01.1971-ci ildən 01.07.1971ci il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə cavabdehin iddiaçının işə qəbul edilməsinə dair əmrin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, onun 1971-ci ilin aynvar ayından başlayaraq əmək haqqı alması barədə qeydləri və 1973-cü ildə fəhləlikdən briqadaya təhkim edilməsi barədə əmrin mövcudluğu nəzərə alındıqda onun 1971-ci ildən işləməsi qənaətinə gəlmək olar. Məhkəmə hesab edir ki, iddiaçının 1971-ci ilin iyul ayının 01-dən 1997-ci ilin yanvar ayının 02-dək olan dövr onun sosial sığorta stajına daxil edildikdə onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış olur. İddiaçının istinad etdiyi dövrlər əmək kitabçasında qeyd edilməsə də, iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması arxiv arayışı ilə təsdiq edildiyindən cavabdehin həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 1971-ci ilin yanvar-noyabr ayları, 1972-1985-ci ilin noyabr ayları və 1986-1996cı illərdə Şamaxı rayon Quşçu kənd “Xəqani” adına sovxozda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı Üzrə Mərkəz filialı üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar