Məhkəmə qərarları › İş №2-1(118)-3259/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3259/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3259/2025 09.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyətinin 204 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış Xırdalan şəhəri ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə faktiki istifadə vəziyyətinə uyğun müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin 204 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış Xırdalan şəhəri ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə faktiki istifadə vəziyyətinə uyğun müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 204 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən və hal-hazırda özünün istifadə və sahibliyində olan 0.10 ha torpaq sahəsinin ona ayrılması qərara alınmışdır. İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-21-3- 32/2-10691 nömrəli cavab məktubunda ərizənin icrasından imtina edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 9 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müraciət ərizəsinə daxil edilməməsi, torpaq sahəsinin 799 kv.m hissəsinin 220 KVt elektrik xəttinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin daxilindən yeraltı yüksək gərginlikli elektrik xəttinin (6 KVt) keçməsi, torpaq sahəninin Xırdalan-Novxanı-Bilgəh yolunun mühafizə zolağında yerləşməsi, habelə torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsinin müəyyən edildiyini bildirmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  İşdə olan Abşeron Rayon İcra Hakimiyyətinin 204 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır.  İşə Abşeron rayonu, Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış, həmçinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın baxış (müayinə) aktı, torpağa mülkiyyət hüququna dair JN-0138, Kod-30801006 nömrəli akt da əlavə edilmişdir.  İşə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin məktubunda Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən, iddiaçıya məxsus 0.10 ha torpaq sahəsinin "xxxx" ASC-nin 220 kv-lıq ikidövrəli 1-ci Hövsan/1-ci Böyükşor hava elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü, lakin qeyd olunan torpaq sahəsinin elektrik verilişi xətlərinin istismarına heç bir maneçilik törətmədiyi bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.10ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair isə texniki pasport mövcuddur. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu, Xırdalan şəhəri olduğu üçün həmin orqanın – 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayon, Xırdalan şəhəri olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin 204 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmışdır. İddiaçı həmin 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh təşkilat tərəfindən aşağıdakı səbəblərdən imtina edilmişdir: 1) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müraciət ərizəsinə daxil edilməməsi; 2) Torpaq sahəsinin 799 kv.m hissəsinin 220KVt elektrik xəttinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin daxilindən yeraltı yüksək gərginlikli elektrik xəttinin (6 KVt) keçməsi; 3) Torpaq sahəninin Xırdalan-Novxanı-Bilgəh yolunun mühafizə zolağında yerləşməsi; 4) Habelə torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi; Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından edilən imtina öz təsdiqini tapmır. Belə ki: İlkin imtinaya münasibətdə qeyd olunur ki, vətəndaşlara yaşayış evi tikintisinə torpaq sahəsi ayrılması haqqında Abşeron Rayon İcra Hakimiyyətinin 13 noyabr 1992-ci il tarixli 204 nömrəli sərəncamı ilə iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrıldığı müəyyən edilmiş və həmin sənədin mötəbərliyi Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, F-689 nömrəli arayışı ilə öz təsdiqini tapmışdır. Ayrıc aktına, baş plana münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericiliklərdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Eyni zamanda işdən göründüyü kimi Xırdalan bələdiyyəsinin yerquluşu planından çıxarış Abşeron Rayon İcra Hakiiyyətinin Memarlıq və Tikinti şöbəsi, habelə Xırdalan bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin sənəddə iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin koordinatları qeyd olunmuşdur. Qeyd olunanlar əsasında cavabdeh orqanın ilkin imtinası öz qüvvəsini itirmiş olur. İkinci imtinada qeyd olunan torpaq sahəsinin 799 kv.m hissəsinin 220 KVt elektrik xəttinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin daxilindən yeraltı yüksək gərginlikli elektrik xəttinin (6 KVt) keçməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" ASC-nin məktubunda Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən, iddiaçıya məxsus 0.10 ha torpaq sahəsinin "xxxx" ASC-nin 220 Kv-lıq ikidövrəli 1-ci Hövsan/1-ci Böyükşor hava elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü, lakin qeyd olunan torpaq sahəsinin elektrik verilişi xətlərinin istismarına heç bir maneçilik törətmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda torpaq sahəsinin elektrik xəttinin istismarına mane olmaması bu imtinanı da əsassız edir. Üçüncü imtina ilə bağlı məhkəmə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 1992-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi cavabdehin məktubundan da göründüyü kimi hər hansı bir şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Habelə müəyyən edilmişdir ki, iddiaçıya mübahisəli torpaq sahəsinin ayrıldığı zaman Novxanı-Bilgəh yolu istismara verilməmişdir. Sonuncu imtinaya münasibətdə isə qeyd olunur ki, məhkəmə sorğusuna inzibati orqan tərəfindən verilmiş cavab məktubunda Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iddiaçıya məxsus 0.10 ha torpaq sahəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsinə aid olması qeyd olunmuşdur ki, bu da öz növbəsində ilkin imtina ilə ziddiyət təşkil etməklə imtinanın əsassız olmasına dəlalət edir. Qeyd olunan halları ümumiləşdirərək məhkəmə hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar