Məhkəmə qərarları › İş №2-1(118)-326/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-326/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-326/2021 28.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.06.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 09.06.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. "xxxx" QSC iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 yazılı vəsatət verərək bildirmişdir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, inzibati işə ərazi aidəyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115-dir. “İnzibati məhkəmələrin və Kommersiya məhkəmələrinin təşkili” və “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında “ 2019-cu il 09 iyul tarixli 1632 VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul 1325 nömrəli Sərəncamı ilə 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələri ləğv edilmiş və yeni Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmişdir. Eyni zamanda həmin sərəncamla verilmiş tapşırıqların icrası ilə əlaqədar Məhkəmə Hüquq Şurasının 14.11.2019-cu il tarixli 04 nömrəli qərarı ilə inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası təsdiq edilmişdir. Həmin qərarın əlavəsinin 157-ci bəndinə əsasən Bakı şəhəri Nizami rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Hal-hazırda mübahisələndirilən qərarın 09.06.2020-ci il tarixdə qəbul edildiyi və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İnzibati orqan olaraq Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına daxil olan ərazini əhatə etdiyini nəzərə alaraq inzibati işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edirlər. İddiaçının nümayəndəsi Vəkil isə etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisəyə Sumqayıt İnzibati məhkəməsində baxılmalıdır. Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 bildirdi ki, aidiyyətlə bağlı qərar qəbul edilməsini məhkəmənin mülhizəsinə buraxırlar. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, cavabdehin vəsatəti əsaslıdır və iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir və qeyd edilən məcəllənin 8.1.1-8.1.3 maddəsi tətbiq edilmədiyi halda mübahisələrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərazi yurisdiksiyası inzibati işlər üzrə yalnız bir məhkəmənin, yəni Bakı İnzibati Məhkəməsini əhatə edir. bu hal isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin hazırkı mübahisəyə tətbiqini istisna edir. Hazırki iddianın mübahisələndirmə növündə baxılan iddialara aid olduğunu və məhkəmədə iddia qaldırılan vaxt iddiaçının aidiyyat qaydalarına əməl etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 09.06.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması” barədə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar