Məhkəmə qərarları › İş №2-1(118)-326/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-326/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-326/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “cavabdehin üzərinə üçüncü şəxslər X3 övladları X7 və X9 ilə birlikdə mükiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 57,3 kv.m sahəsi olan fərdi yaşayış evindən daimi qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə üçüncü şəxslər X2, X3 övladları X7 və X9 ilə birlikdə mükiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 57,3 kv.m sahəsi olan fərdi yaşayış evindən daimi qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək X2 üçüncü şəxslər siyahısından çıxarılaraq digər üçüncü şəxslər X3 övladları X7 və X9 ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 57,3 kv.m sahəsi olan fərdi yaşayış evindən daimi qeydiyyatdan çıxarılmaları öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri məhəllə 22 ünvanda yerləşən 57, 3 kv.m. sahədən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olan əmlakıdır. Həmin əmlak mülkiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən hüquqları dövlət qeydiyyatına alınmaqla ******* saylı 20.10.2016-cı il tarixli Çıxarışa əsasən verilmişdir. Əmlak mülkiyyətinə verildikdən sonra üçüncü şəxs X6 üçüncü şəxs X8 ilə ailə qurmuşdur və sonradan X8 həmin evə daimi qeydiyyata alınmışdır. Onların birgə nikahlarından X7 və X9 adlı övladları doğulmuşdur. Bundan sonra X8 ilə X6 arasında nikah münasibətləri pozulmuş və Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv olunmuşdur. Üçüncü şəxs X8 mübahisəli evə daimi qeydiyyata alındıqdan bir müddət sonra X6 ilə qeydiyyatda olduğu mübahisəli evdən kirayəyə çıxmışlar, bir müddət kirayədə yaşamışlar və bir daha həmin evdə yaşamamışlar. Hazırda üçüncü şəxs X8 uzun illərdir ki, valideynləri ilə Sumqayıt şəhəri 12-ci mikr ev 35B mənzil 54-də digər uşaqları ilə, X6 isə ona məlum olmayan ünvanda kirayədə yaşayır. Belə ki, onlar uzun müddətdir ki, mübahisəli evdə yaşamırlar, ev ilə onların heç bir bağlılığı yoxdur, qeydiyyatları formal xarakter daşıyır. Üçüncü şəxslərin mülkiyyətində olan mübahisəli evdə qeydiyyatda olmaları ona mülkiyyət, istifadə və əmlak üzərində sərəncam vermək və sair hüquqlarını həyata keçirtməyə imkan vermir, maneəçilik yaradırlar. Dəfələrlə üçüncü şəxslərdən mülkiyyətində olan evdən qeydiyyatdan çıxmalarını xahiş etsə də könüllü olaraq evdən qeydiyyatdan çıxmırlar. Bununla əlaqədar o, cavabdeh Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Abşeron rayon Polis İdarəsi əsasız səbəblərdən üçüncü şəxslər X2, X3 övladları X7 və X9ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 22-ci məhələdə yerləşən 57,3 kv.m sahəsi olan fərdi yaşayış evindən daimi qeydiyyatdan çıxarılmasından imtina etmişlər və tövsiyə etmişlər ki, bununla əlaqədar məhkəməyə müraciət etsin. Məhkəmə qaydasında cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə üçüncü şəxslər X2, X3 (övladları - X4,X5) mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 22-ci məhələdə yerləşən 57,3 kv.m sahəsi olan fərdi yaşayış evindən daimi qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi və onun dəqiqləşməsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı münasibətində məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşdıqlarını bildirmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı, 20.10.2016-cı il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Abşeron Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 10.08.2021-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslərin Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - Abşeron rayon Məhkəməsinin 2(012)-3568/2020 saylı, 21.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 ilə cavabdeh X6 arasında 29 iyun 2010-cu ildə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 394 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması qət edilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmiri Sahəsinin 04.03.2022-ci il tarixli 2 nömrəli Forma arayışından görünür ki, X8, X7 və X1 rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 1 mərtəbəli həyət evində qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə X8 və onun övladları X7, X9 da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 10.08.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3, onun övladları X4 və X5 Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 57,3 kv.m sahəsi olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X3, onun övladları X4 və X5 Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 57,3 kv.m sahəsi olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar