Məhkəmə qərarları › İş №2-1(118)-3269/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3269/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3269/2023 13.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xaçmaz rayonunun Uzunoba bələdiyyəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə İddiaçı cavabdeh Xaçmaz rayon Uzunoba bələdiyyəsinə qarşı “Uzunoba bələdiyyəsinin 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Uzunoba bələdiyyəsinin 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin İcra məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, icra sənədi üzrə iddiaçıdan 620 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Xaçmaz rayonunun Uzunoba bələdiyyəsinin xeyrinə ödənilməlidir. Qərar onun ünvanına daxil olduqdan sonra rəsmi ərizə ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək xahiş etmişdir ki, icarə haqları tərəfindən bələdiyyənin hesabına ödənildiyinə görə Uzunoba bələdiyyəsinin 02/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı icra edilmədən Uzunoba bələdiyyəsinə qaytarılsın. Lakin iddiaçıya izah edilmişdir ki, bununla əlaqədar məhkəməyə müraciət etməlidir. İddiaçı bələdiyyənin qeyd olunan qərarının ləğv edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1321/2023 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş və aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Xaçmaz rayonu, Uzunoba bələdiyyəsi ilə iddiaçı arasında 19 dekabr 2018-ci il tarixdə notarial qaydada təsdiqlənmiş icarə müqaviləsinə əsasən o, Xaçmaz rayonu, Yataq-Oba kəndi ərazisində yerləşən 3,0 ha torpaq sahəsini uzun müddətli icarəyə almışdır. İcarə haqqı illik 165 manat müəyyən edilmişdir. Torpaq sahəsinin illik icarə haqqı Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 007243 saylı AM seriyalı şəhadətnaməsində də göstərilmişdir. İcarə müqaviləsi qanuni əsaslarla bağlandığından qeyd olunan torpaq sahəsi xx.xx.2067-ci il tarixədək iddiaçının xeyrinə yüklü edilmiş və ona xx.xx.2019-cu il tarixli, **********85 reyestr nömrəli çıxarış verilmişdir. İcarəyə aldığı torpaq sahəsindən təyinatına görə istifadə edir, illik icarə haqları tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Hazırda Xaçmaz rayonu Uzunoba bələdiyyəsinin sədri İsmayıl Yaqubov 30 noyabr 2022-ci il tarixli, 01 nömrəli qərarla Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müvafiq qaydada müraciət edərək iddiaçıdan ödənilməmiş 620 manat icarə haqqının məcburi olaraq tutularaq Uzunoba bələdiyyəsinin hesabına ödənilməsini tələb etmişdir. Halbuki torpaq sahəsini icarəyə aldığı müddətdən sonra xx.xx.2021-ci il tarixli, EAÇ/9 seriyalı, 404591 saylı qəbzlə 165 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzi ilə 200 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzi ilə 200 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzi ilə 165 manat, cəmi 730 (yeddi yüz otuz) manat icarə haqqı iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Torpaq sahəsi 4 ildir ki, iddiaçının icarəsindədir və ötən müddət ərzində icarə haqqını artıqlaması ilə bələdiyyənin hesabına ödəmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 12 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vərərək təmin olunmasını xahiş etdi və əlavə olaraq prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa eilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilmişdir (müddətin bərpa edilməsinin əsaslandırması “iddianın mümkünlüyü” başlığında ətraflı qeyd verilmişdir). Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq təmsil edilməmiş, lakin məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Uzunoba bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiqlənmiş icarə müqaviləsinə əsasən Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində 3,0 ha torpaq sahəsini uzunmüddətli icarəyə almışdır və icarə haqqı illik 165 manat müəyyən edilmişdir. Habelə, Xaçmaz rayonu Uzunoba bələdiyyəsi müqavilə üzrə tərəf olan İddiaçı ödənilməmiş 620 manat icarə haqqının məcburi olaraq tutularaq Uzunoba bələdiyyəsinin hesabına ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Uzunoba bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 09/9-114 saylı məktubda göstərilir ki, “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda, torpaqların qiyməti bazar qiyməti ilə, lakin normativ qiymətindən az olmayaraq müəyyən edilir. Məktuba əlavə olunmuş normativ qiymətlərdə illik icarə haqqının məbləği manatla göstərilmişdir. Bununla əlaqədar Uzunoba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclası keçirilmiş və digər icarəçilər kimi icarəçi İddiaçı icarəsində olan 3,0 ha torpaq sahəsinə illik icarə haqqı hər bir hektar üçün 150 manat müəyyən olunmuşdur (protokolun surəti əlavə olunmuşdur). İddiaçıya bu barədə məlumat verilsə də iclasda iştirak etməmiş, lakin sonradan bələdiyyəyə gəldikdə ona bu barədə məlumat verilmişdir. Həmçinin, bələdiyyə tərəfindən 3 dəfə: xx.xx.2021-ci il tarixli 33 saylı, xx.xx.2021-ci il tarixli 103 saylı, xx.xx.2021-ci il tarixli 127 saylı xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı iddia ərizəsində torpaq sahəsini icarəyə aldığı müddətdən sonra xx.xx.2021-ci il tarixdə 165 manat (qəbz 404591), xx.xx.2020-ci il tarixdə 200 manat (qəbz 6********), xx.xx.2020-ci il tarixdə 200 manat (qəbz 6********), xx.xx.2022ci il tarixdə 165 manat (qəbz 9********), cəmi 730 manat icarə haqqı ödəmişdir. 2020-ci ildən etibarən icarə haqqı 3,0 ha torpaq sahəsinə görə 450 manat olduğundan, 3 il ərzində icarə haqqı 1350 manat təşkil edir. 730 manat həmin məbləğdən çıxıldıqda 620 manat ödənilməmiş icarə haqqı qalır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1321/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. • Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən 3,0 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı) xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. • Xaçmaz rayon Uzunoba bələdiyyəsinin 01 saylı, 30 noyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçıdan 620 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması qərara alınmışdır. • Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarına əsasən borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. • İşə əlavə edilmiş ödəniş qəbzlərinə əsasən iddiaçı tərəfindən 165 manat, 165 manat, 200 manat, 200 manat olmaqla, ümumilikdə, 730 manat ödəniş edilmişdir. • İşdə olan 19 dekabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən 3 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi, iddiaçı tərəfindən illik 165 manat icarə haqqının ödənilməsi müəyyən edilmişdir. • Cavadeh tərəfindən işə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçıya xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. • Azərbaycan Respublikasının Bələdiyyələrlə X1 rayon Uzunoba bələdiyyəsinə göndərdiyi məktuba müvafiq olaraq həmin bələdiyyənin 03 avqust 2020-ci il tarixli 10 saylı protokoluna əsasən iddiaçının icarəsində olan 3,0 ha torpaq sahəsinə görə illik icarə haqqı 1 ha üçün 150 manat müəyyən edilmişdir. Poçt qəbzinə əsasən həmin məlumat iddiaçıya göndərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı hazırkı iş üzrə mübahisələndirmə haqqında iddia qaldıraraq cavabdeh orqanın 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğvini tələb etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş və prosessual müddətin bərpa edilməsi haqqında ərizə verilməsi bildirilmişdir. İddiaçı müddətin üzrlü səbəbdən ötürülməsini qeyd edərək prosessual müddətin bərpası barədə ərizə təqdim etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisəli qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İddiaçı həmin qərardan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin “icraata başlamaq haqqında” qərarı ilə məlumatlı olmuşdur. İddiaçı ilk öncə mübahisəli qərarın icra edilmədən bələdiyyəyə qaytarılması barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş, daha sonra isə həmin qərarın ləğv edilməsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(067)-1321/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardadı əldə etdikdən sonra hazırkı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı üzrsüz səbəbdən iddia tələbini ötürməmiş, müxtəlif vaxtlarda müvafiq inzibati orqana və məhkəməyə müraciət etmişdir. Bu səbəblə məhkəmə hesab etmişdir ki, iddiaçının prosessual müddətin bərpası ilə bağlı ərizəsi əsaslı hesab edildiyindən təmin edilməlidir.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 11-ci maddə. Torpaq icarəsi müqaviləsi İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: - icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; - torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; - icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; - torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; - müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; - müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası.

12-ci maddə. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı

Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

13-cü maddə. İcarənin müddətləri Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.

14-cü maddə. İcarə haqqı

Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

6-cı maddə: Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları

Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (6.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2).

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Xaçmaz rayon Uzunoba bələdiyyəsi arasında 19 dekabr 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən 3 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi, iddiaçı tərəfindən illik 165 manat icarə haqqının ödənilməsi barədə razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Uzunoba bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 09/9-114 saylı məktubda göstərilmişdir ki, Xaçmaz rayon Uzunoba bələdiyyəsinin icarədə olan torpaq sahələrinin icarə haqlarının real bazar qiymətindən xeyli aşağı olması məlum olmuşdur. “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda, torpaqların qiyməti bazar qiyməti ilə, lakin normativ qiymətindən az olmayaraq müəyyən edilir. Belə ki, bununla əlaqədar olaraq Xaçmaz rayon Uzunoba bələdiyyəsinin xx.xx.2020ci il tarixli iclası keçirilmiş və iclas barədə bildiriş göndərilsə də, iddiaçı həmin iclasda iştirak etməmişdir. Həmin iclasla verilən qərara əsasən iddiaçının icarəsində olan torpaq sahəsinə görə illik icarə haqqı hər hektar üçün 150 manat olmaqla, ümumilikdə 450 manat müəyyən edilmişdir. Həmin qayda təkcə iddiaçıya münasibətdə olmamaqla, digər icarəçilərə də istifadələrində olan torpaq sahəsinin ölçüsünə görə hesablanmışdır. İddiaçı 2020-ci ilin sentyabr və noyabr ayında 200 manat olmaqla, ümumilikdə, 400 manat məbləğində, 2021-ci ilin sentyabr ayında 165 manat məbləğində, 2022-ci ilin sentyabr ayında isə yenidən 165 manat məbləğində ödəniş etmişdir. Yəni, 730 manat məbləğində pulu bələdiyyənin hesabına köçürmüşdür. Lakin onun 2020-ci il üzrə 50 manat (450- 400=50), 2021-ci il üzrə 285 manat (450-165=285) və 2022-ci il üzrə 285 manat (450- 165=285) məbləğində ödənilməmiş borcu qalmışdır. Bu barədə iddiaçıya xəbərdarlıq göndərilməsinə baxmayaraq iddiaçı tərəfindən müvafiq borc bələdiyyənin hesabına köçürülməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyə məktubu əsas götürülməli, bələdiyyə ərazisindəki kənd təsərrüfatı icarə torpaq sahələrinin mövcud bazar qiymətlərinə uyğun icarə haqları tənzimlənməlidir. Belə ki, torpağın real bazar normalarına uyğunlaşdırılmış qiyməti bələdiyyənin iclasında müzakirə edilərək səs çoxluğu ilə qəbul edilmişdir. Həmin qərar bələdiyyənin ərazisində yaşayan və icarəsində torpaq sahəsi olan bütün şəxslərə tətbiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Xaçmaz rayon Uzunoba bələdiyyəsinin 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi əsassızdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar