Məhkəmə qərarları › İş №2-1(118)-3277/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3277/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3277/2025 01.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi , 7-ci məhəllə, ev 76 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 7-ci məhəllə, ev 76 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 7-ci məhəllə, ev 76 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X3 məxsus olmasının qeydə alınması məqsədilə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş cavab məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, ərizəsinin təmin edilməsinə dair irəli sürülmüş imtina əsassızdır.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 23 aprel 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və yazılı etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 7-ci məhəllə, ev 76 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun arxiv nüsxəsi idarənin istifadəsində olan arxiv məlumatlarında aşkar olunmuşdur, lakin texniki pasportda qeyd edilən yaşayış evi ilə faktiki yaşayış evi fərqli ölçüdə və fərqli istiqamətdə yerləşir. Həmçinin, baş planda göstərilən müvafiq torpaq sahəsinin ölçüsü və konfiqurasiyası ilə faktiki torpaq sahəsinin ölçüsü və konfiqurasiyası arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Bundan əlavə notariat ofisi tərəfindən verilmiş məktubda fərdi yaşayış evinin ünvanı fərqli qeyd olunması səbəblərindən ərizənin icrasından imtina edilmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən göndərilən məktuba əsasən (72 nömrrəli, xx.xx.2023-cü il tarixli) iddiaçının mərhum atası X2 adına vərəsəlik işi açılmış və iddiaçı vərəsələr sırasına daxil edilmişdir. İşdə olan Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən yanvar 1988-ci il tarixdə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda qeyd olunan torpaq sahəsi iddiaçının mərhum atası X3 ayrılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi , 7-ci məhəllə, ev 76 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən yanvar 1988-ci il tarixdə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda qeyd olunduğu üzrə iddiaçının mərhum atası X3 ayrılmışdır. İddiaçı isə mərhum atasının qanun üzrə vərəsəsidir. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi olduğu üçün həmin orqanın – 2 saylı Sumqayıt Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0.8: bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakobyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edənmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur). Maddə 9.1: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 13. Dövlət reyestrinin aparılması ... 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. ... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 7-ci məhəllə, ev 76 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mərhum atası X3 ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi və onun üzərindəki yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində atası X2 adına qeydiyyata alınması, bu barədə arayışın verilməsi öhdəliyini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh orqan tərəfindən aşağıdakı səbəbdən imtina edilmişdir: 1) Fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun arxiv nüsxəsi idarənin istifadəsində olan arxiv məlumatlarında aşkar olunmuşdur, lakin texniki pasportda qeyd edilən yaşayış evi ilə faktiki yaşayış evi fərqli ölçüdə və fərqli istiqamətdə yerləşməsi; 2) Baş planda göstərilən müvafiq torpaq sahəsinin ölçüsü və konfiqurasiyası ilə faktiki torpaq sahəsinin ölçüsü və konfiqurasiyası arasında uyğunsuzluğun mövcud olması; 3) Notariat ofisi tərəfindən verilmiş məktubda fərdi yaşayış evinin ünvanı fərqli qeyd olunması

Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından edilən imtina əsassızdır. Belə ki: Məhkəmə tərəfindən imtinaya münasibətdə qeyd olunur ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 7-ci məhəllə, ev 76 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mərhum atası X3 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən yanvar 1988-ci il tarixdə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən verilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının ərizəsinin icrasından imtina səbəbi kimi qeyd olunmuş fərdi yaşayış evinin fərqli ölçüdə və fərqli istiqamətdə yerləşməsi hissəsində qeyd etmək lazımdır ki, məhkəməyə təqdim edilmiş müayinə baxış aktına əsasən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində hər hansı dəyişikliyin edilmədiyi vurğulanmışdır. Ona görə də məhkəmə fərdi yaşayış evinin fərqli ölçüdə və fərqli istiqamətdə yerləşməsi halına münasibətdə cavabdehin imtinasını əsassız hesab edir. Digər imtinaya münasibətdə məhkəmə bildirir ki, yuxarıda qeyd olunmuş müayinə (baxış) aktına əsasən baxışı həyata keçirmiş mütəxəssislər tərəfindən aktda yer verilən Qeyddə torpaq sahəsi üzərində mübahisəli hala rast gəlinmədiyi, yəni torpaq sahəsi üzərində hər hansı bir mübahisənin mövcud olmadığı qeyd edilmişdir. Beləliklə, etirazın əsasını təşkil edən ikinci fakt da məhkəmə araşdırması nəticəsində əsassız hesab edilmişdir. Cavabdeh orqanın imtina səbəbi öz əsasını tapmamış və iş materialları ilə təsbit edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan halları ümumiləşdirərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların mərhumun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasport iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsi və üzərindəki daşınmaz əmlakı qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Qeyd olunan halları ümumiləşdirərək məhkəmə hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi , 7-ci məhəllə, ev 76 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar