Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-328/2021 09.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X15 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X15 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizəsini dəqiqləşdirərək Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X15 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X9 və Abşeron rayon İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Qobustan kəndində (keçmiş Qobustan sovxozu ərazisi) yerləşən qeyri-yaşayış binaları(əmlak kopleksi) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Müraciətiə cavab olaraq cavabdeh 09.07.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, hüquqların qeydiyyatı üçün hüquqmüəyyənedici və texniki sənədlər sənədlər ərizəyə əlavə olunmamışdır.Cavabdeh həmçinin qeyd etmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ləğv olunmuş DT və XK tərəfindən verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Təkrar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də ,eyni məzmunlu 14 avqust 2020-ci il tarixli cavab almışdır. Qeyd olunan cavab məktubunu poçt vasitəsilə 24.08.2020-ci ildə almışdır. İlk növbədə qeyd etmək istəyir ki, hal-hazırda da sahibliyində və istifadəsində olan üç ayrı, bir-birilə təcrid olan tikililərdən-çoban və iki sayda quzu damından(tövlə) maneəsiz istifadə edir. Qeyd edilən tikililər X15 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla iddiaçıya əmlak payı olaraq verilmişdir. Həmin əmlakın iddiaçıya verilməsi zamanı 11145000 manat dəyərində qiymətləndirilib və əvəzsiz olaraq ona verilmişdir. Hər bir halda qeyd olunan akt həmin akt əsasında verilmiş daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Aktın qeyd hissəsində “bu aktın Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnun təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsasdır” qeydi olduğunu nəzərə çatdıraraq bildiririr ki, savadı yetərli olmadığına görə həmin akt əsasında hüuquların qeydiyyatı üçün vaxtında müraciət etməmişdir. Həmçinin, qanunun məzmununa görə hər bir halda tikillərin bilavəsitə altında yerləşən torpaq sahəsi də bu tikililərə mülkiyyət hüququ əsasında sahiblik edən şəxslərin mülkiyyətindədir. Göründüyü kimi Respublikamızda aparılmış aqrar islahat nəticəsində iddiaçının əldə etdiyi əmlaka hüquqların qeydiyyata alınması üçün etdiyi müraciət əsassız olaraq təmin edilməyib. İmtinanın, iddiaçının istifadəsində olan tikililərin başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi arqumentinə münasibətdə isə bildirir ki, qeyd etdiyi kimi 20 ildən artıq müddətdir ki, mübahisəsiz sahibliyində və istifadəsində olan torpaq sahəsi və orarada yerləşən tikililərə dair iddiaçıya qarşı hər hansı bir tələb və ya iddia irəli sürülməmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh səhv olaraq qeyd etmişdir ki, torpaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Əldə etdiyi məlumata görə JN-4015 nömrəli şəhadətnamə torpağın mülkiyyətə verilməsinə deyil ,torpağın müvəqqəti istifadəsinə dair şəhadətnamədir. Abşeron rayon İHB- nin 27.1 1.2003-cü il tarixli sərəncamı əsasında 15 il müddətinə istifadəyə verilmişdir. Qeyd edilən müddət də bitmişdir. Həmin torpaq sahəsinin başqa bir şəxsə istifadəyə verilməsi özü-özlüyündə qanunvericiliyin tələbinə ziddir. Belə ki, qeyd etdiyi kimi həmin torpaq sahəsi 1998-ci ildən mülki qanunvericiliyin tələbinə görə yüklüdür. Ən azından orada yetrləşən tikililər islahat nəticəsində iddiaçıya əvəzsiz olaraq pay verilmiş və hüququn qeydiyyatı üçün əsaslar vardır. Belədə, daşınmaz əmlakı əldə edəndən beş il sonra başqa bir şəxsə həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsini istifadəyə verilməsi qanunvericiliyə tamamilə ziddir. Həmçinin qeyd etdiyi kimi iddiaçıya məxsus üç tikilinin vahid daşınmaz əmlakı kimi istifadə olunması üçün bilavasitə onların altında yerləşən torpaq sahəsindən əlavə bu tikililəri əhatə edən torpaq sahəsi də iddiaçının istifadəsində və sahibliyində olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 13.7-ci maddəsinə əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Məcəllənin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsinin məzmununa görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən torpaq sahəsinə hüquqlar da binanı, fərdi yaşayış evini əldə edənə keçir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin qanunun 15.2-ci maddəsinə görə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia),inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ -əmlaka(əşyaya)faktiki sahibliyin həyata keçirilməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kos cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz”. Hesab edirəm ki, torpaq sahəsinə dair hüququmun qeydiyyata alınmasından imtina etməsi hüquqa ziddir. “İnzibati İcraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 1.3.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Zvierinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki,mülkiyyətə hər hansı bir müdaxilə həm də mütanasiblik tələbinə uyğun olmalıdır.Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin fundimental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. İnzibati Prossesual Məcəllənin 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Abşeron rayonu, Qobustan kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etibarnamə üzrə nümayəndə X3 03 iyun 2020-ci il tarixdə Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən, Qobustan kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün qeyri-yaşayış binasına müayinə baxışı keçirilərkən, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ləğv olunmuş DT və XK tərəfindən verilmiş JN-4015 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə başqa şəxsə (X4) məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göstərilən səbəblərdən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Hesab edirlər ki, iddiaçı tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi artıq başqa fiziki şəxsin xüsusi mülkiyyətində olduğundan, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair sənədlərlə olan ölçülərlə, GPS mövqetəyinetmə cihazı vasitəsi ilə müəyyən edilmiş ölçülər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçı tərəfindən hər-hansı mötəbər sübut işə əlavə edilməmiş və iddia ərizəsinə əsasən cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması hər-hansı formada əsaslandırılmamışdır. İddiaçının hazırki tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13- cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məlumat üçün bildirirlər ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. Lakin araşdırılan halda, həmin əsaslardan heç biri qeydiyyat orqanına təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb- satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.Həmin Məcəllənin 111 -ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1 -ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məkhəmə iclasında cavabdehin nüamyəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X9 iştirak etmiş, və izahatında bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı kimi tikililər ona və onun digər ailə üzvlərinə verilmişdir. Sonra İddiaçıda adı həmin siyahıya salınmışdır. Bütün tikililər bir ərazidədir. 100 hektar torpaq sahəsi onun icarəsindədir. Müddəti bitəndən sonra yeni icarə müqaviləsi bağlamışdır. 23 ildir ki, torpaq onun istifadəsindədir. Əmlak payı kimi tikililərin çoxu ona və onların ailəsinə ayrılmışdır. İddiaçıyada əmlak payı kimi tikili ayrılsada, o heç vaxt həmin tikililərdən istifadə etməmişdir. Hansı tikililərin ona hansının iddiaçıya ayrılması bəlli deyil. İddiaçı heç vaxt həmin tikililərdən istifadə etməmişdir. Üçüncü şəxs X9 ilk iclasda iddiaçının payına düşən əmlak payına çıxarış verilməsinə etiraz etmədiyini bildirsədə, sonrakı iclaslarda torpaq sahəsinin onun icarəsində olduğu, hansı tikililərin kimə aid olmasının bəlli olmadığı üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Aqrar İslahat Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10 /AK-1 iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay verilməsi barədə 202 saylı Akta əsasən İddiaçı 11145 min manat dəyərində əmlakdan pay verilmişdir. Aqrar İslahat Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10 /AK-1 iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay verilməsi barədə 203 saylı Akta əsasən 10541 min manat dəyərində əmlakdan pay verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli 109 saylı Sərəncamına əsasən 9 nömrəli “Quldar” qış otlağından fiziki şəxs B.Əmrahova icarəyə verilmiş 100,0 hektar örüş otlaq sahəsi üzərində icarə hüququ 15 il müddətinə uzadılmaqla onunla icarə müqaviləsi bağlanması qərara alınmışdır. JN 4015 KOD 30800001 Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən Abşeron rayon İHB-nın 27.11.2003-cü il tarixli 285 saylı Sərəncamı və 27.11.2003-cü il tarixli 285 saylı icarə müqaviləsi ilə Abşeron rayon “Quldar” qış otlağından kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə 100 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün X8 verilmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrası barədə iddiadır, iddiaçı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, imtina edildikdən sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. İddiaçı Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X15 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsini istəyir. İddiaçı ərizəsində qey edir ki, hal-hazırda da sahibliyində və istifadəsində olan üç ayrı, bir-birilə təcrid olan tikililərdən-çoban və iki sayda quzu damından(tövlə) maneəsiz istifadə edir. Qeyd edilən tikililər X15 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla iddiaçıya əmlak payı olaraq verilmişdir. Həmin əmlakın iddiaçıya verilməsi zamanı 11145000 manat dəyərində qiymətləndirilib və əvəzsiz olaraq ona verilmişdir. İddiaçıda yalnız Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli akt mövcuddur, tikililərin texniki pasportu və yerləşdiyi ərazi ilə bağlı məlumatı göstərən sənədlr mövcud deyil. İddiaçı ərizəsində qey edir ki, hal-hazırda da sahibliyində və istifadəsində olan üç ayrı, bir-birilə təcrid olan tikililərdən-çoban və iki sayda quzu damından(tövlə) maneəsiz istifadə edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiki, iddiaçının mülkiyyət hüququ ilə qeydə alınmasını istədiyi tikililərin yerlişdiyi torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxs X6 icarəsinə verilmiş 100 hektar torpaq sahəsinin daxilində yerləşir. Eyni zamanda üçüncü şəxsədə Əmlakdan pay haqqının verilməsi barədə akt verilmişdir və eyni zamanda həmin şəxs izahatında qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı kimi tikililər ona və onun digər ailə üzvlərinə verilmişdir. Sonra İddiaçıda adı həmin siyahıya salınmışdır. Bütün tikililər bir ərazidədir. 100 hektar torpaq sahəsi onun icarəsindədir. Müddəti bitəndən sonra yeni icarə müqaviləsi bağlamışdır. 23 ildir ki, torpaq onun istifadəsindədir. Əmlak payı kimi tikililərin çoxu ona və onların ailəsinə ayrılmışdır. İddiaçıyada əmlak payı kimi tikili ayrılsada, o heç vaxt həmin tikililərdən istifadə etməmişdir. Hansı tikililərin ona hansının iddiaçıya ayrılması bəlli deyil. Belə olan halda yerləşdiyi torpaq sahəsi digər şəxsin icarəsində olan, texniki sənədləri olmayan, iddia edilən tilkilinin yaxındakı tikililərdən hansının olmasında mübahisə olan, yalnız Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli akt əsasında qeydiyyat aparılmasının tələb edilməsi əsaslı hesab oluna bilməz və cavabdeh inzibati orqanın “Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi” tələbindən imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdədə bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş və eyni zamanda hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı məyyən edilmiş, inzibati orqan əsaslı olaraq imtina etmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-328/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-328/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver