Məhkəmə qərarları › İş №2-1(118)-3280/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3280/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3280/2025 04.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: uşağın adının dəyişdirilməsinə razılıq verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “05 sentyabr 2017-ci il təvəllüdlü X3 adının dəyişdirilməsinə razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 05 sentyabr 2017-ci il təvəllüdlü X3 adının dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, yetkinlik yaşına çatmayan qızı Nazlı Abdullayevanın adının dəyişdirilməsinə razılıq verilməsi xahişi ilə bağlı Şamaxı rayon icra Hakimiyyətinə müraciət etmişdir. Şamaxı rayon İcra Hakimiyyəti atasının məsələyə münasibətini müəyyən etmək mümkün olmadığı üçün onun adının dəyişdirilməsindən imtina etmişdir. Qızı məhkəmə qərarına əsasən iddiaçının himayəsində qalır. Üstəlik onun atasının harada yaşaması bilinmir. Məhkəmə qərarı ilə müəyyən olunmuş alimenti də ödəmir. Həmçinin qızı fikir bildirmək hüququna malikdir, o da adının dəyişdirilməsini istəyir. İddiaçı ona Jasmin deyir. O da adının Jasmin olmasını istəyir. Buna görə də icra Hakimiyyəti onun mənafeyini nəzərə alaraq adının dəyişdirilməsinə razılıq verməli idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz bildirməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda azyaşlının digər valideyninin məsələyə münasibətinin müəyyən edilməsinin mümkün olmaması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, izahatında azyaşlının digər valideyninin məsələyə münasibətinin müəyyən edilməsinin mümkün olmaması əsası ilə imtina verildiyini bildirmişdir. X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: AZ İV 001385 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. X1r. Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-225/2020 saylı qətnaməsi əsasında İddiaçı ilə X7 arasında bağlanmış nikah pozulmuş, X3 anası İddiaçı yanında qalması qət edilmişdir. Nikahın pozulması haqqında AZ-İ №366462 saylı şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı uşağın adının dəyişdirilməsini istəyir. Cavabdeh isə digər valideynin razılığını ala bilmədiyi üçün müraciətin təmin edilməsinin mümkün olmadığını bildirir. Məhkəmə hesab edir ki, cavabdeh imtinasında haqlıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Qanunvericiliyin tələbinə görə uşaq 18 yaşına çatana qədər uşağın soyadının dəyişdirilməsi zamanı digər valideynin yerini müəyyən etmək mümkün olmadığı halda rəyinin alınmağının zəruri olmadığı qeyd edilsə də uşağı adının dəyişdirilməsi zamanı 3 şərt müəyyən edilmişdir: 1) valideynlərin birgə xahişi 2) uşağın mənafeyi 3) 10 yaşına çatmış uşağın razılığı Hazırki iş üzrə xx.xx.2017-ci il təvəllüdlü X8 10 yaşına çatmadığından 3-cü şərtin ödənilməsi tələbi aradan qalxmış olur. Məhkəmə 1-ci və 2-ci şərtlə bağlı qeyd edir ki, uşağı adının dəyişdirilməsi zamanı hər iki valideynin birgə xahişinin olması imperativ norma kimi çıxış etsə də, hazırki halda uşağın adının dəyişdirilməsinə razılıq verilməsi üçün uşağın atası X4 müvafiq müraciəti və xahişi olmamış, cavabdeh tərəfindən uşağın adının dəyişdirilməsinə atasının münasibətinin müəyyən edilməsi mümkün olmamışdır. Uşağın mənafeyinə gəldikdə isə məhkəmə öz mövqeyini əsaslandırmaq üçün “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, “Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər” Qeyd edilən normalardan çıxış edərək məhkəmə qeyd edir ki, “Nazlı” adı uşağın mənafeyinə xələl gətirən, onun cinsinə uyğun olmayan və ya gülünc yaradan hal olmayaraq uşağın mənafeyinə uyğundur. Həmçinin dövlət dilinin işlənməsi və qorunması baxımından “Nazlı” adının “Jasmin” adına dəyişdirilməsinin zəruriliyi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar