Məhkəmə qərarları › İş №2-1(118)-3284/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3284/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3284/2024 18.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, 14-cü məhəllə, 110 saylı evdə yerləşən 31 saylı mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 14-cü məhəllə, 110 saylı evdə yerləşən 31 saylı mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanılması və adına orderin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, Sumqayıt şəhəri, 14-cü məhəllə, 110 saylı evdə yerləşən 31 saylı mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı uzun müddətdir ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 110-da yerləşən 31 saylı mənzildə yaşayır və qeydiyyatdadır. Mənzil 34 noyabr 1984-cü ildə Sumqayıt şəhər XDS İK-nin qərarına əsasən X2 ayrılmış və bu şəxs 1989-cu ildən iddiaçını bu mənzilə köçürmüş və onunla birlikdə bu mənzildə yaşamaqla birgə təsərrüfat idarə etmişdir. M.Strekalova sonradan Rusiyaya köçmüş və iddiaçı bu vaxta kimi bu mənzildə yaşamaqla mənzil kirayə və kommunal xərclərini ödəyir, özü və ailə üzvləri də bu mənzildə qeydiyyatdadır. İddiaçının və ailə üzvlərinin bu mənzilə istifadə hüquqları Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli 4/2-553 saylı qətnaməsi əsasında tanınmışdır, belə ki, həmin mülki iş üzrə Sumqayıt şəhər MTİİB-yi M.Strekalovaya və iddiaçıya qarşı yaşayış hüququnun itirilməsi və mənzildən çıxarma barədə iddia qaldırmış, həmin prosesdə iddiaçı MTİİB-yə qarşı mənzilə istifadə hüququnun tanınması barədə iddia qaldırmış və məhkəmə iddiaçının mənzilə istifadə hüququnu tanımaqla ilkin iddianı rədd etmişdir. Qarşı tərəf bu qətnamədən apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2001-ci il tarixli 1MK-671 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı uzun illər boyu yaşadığı bu mənzillə bağlı mənzil kirayə müqaviləsinin iddiaçının adına bağlanılmasını və adına orderin verilməsini istəmiş və əsasən də mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, mənzilə dair iddiaçının adına order verildikdən (kirayə müqaviləsi bağlanıldıqdan sonra) mənzilin adına özəlləşdirilməsi aparılacaqdır. Buna görə də, müvafiq sənədlərin surətini cavabdehə təqdim etmiş və həmin mənzilə hüququnun məhkəmə qətnaməsi əsasında tanındığını, AR Mənzil Məcəlləsinin 53- 54-cü maddəsinə əsasən kirayəçi ilə eyni hüquq və vəzifələrə malik olduğunu nəzərə alaraq Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 110-da yerləşən 31 savlı mənzilə dair adına orderin verilməsini, mənzil kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin cavabdeh orqan məhkəmə qətnaməsi ilə onların üzərinə məninilə mənzil kirayə müqaviləsinin bağlanılması öhdəliyinin qoyulmadığını səbəb kimi gətirməklə imtina cavabı vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, yaşayış sahəsi 16,7 kv m olan 1 otaqlı ünvan 2 Strekalova (sonradan Qrişina) Mariya Nikolayevnaya aid olmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli 4/2-553 saylı qətnaməsi ilə iddiaçının ünvan 2-ə yaşayış hüququnun tanınması və həmin mənzilə pasport qeydiyyatına alınması qət edilmişdir. Qətnamə icra olunmuş, qeyd edilən mənzilə qeydiyyata alınmışdır. Həmin qətnamə ilə mənzil kirayə müqaviləsi bağlanması öhdəliyi şəhər icra hakimiyyətinin üzərinə qoyulmamışdır. Bu səbəbdən xahişinin təmin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş: - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 4/2-553 saylı qətnaməsindən görünür ki, iddiaçı Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat İstismar Birliyinin cavabdeh X4 və Abbasov Habil Mirzə oğluna qarşı yaşayış hüququnun itirilməsi və mənzildən çıxarılma tələbi təmin edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2-1106-2023 saylt arxiv çıxarışında göstərilən Sumqayıt şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 22.362.2 nömrəli qərarına əsasən sözügedən mənzilin X1 istifadəsinə verildiyi qeyd edilmişdir. Təqdim edilən Azərbaycan Respublikası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli 4/2-553- 2000 nömrəli və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1MK-671 nömrəli qətnamələri ilə idarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. - DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X7, Abbasov Zaur Habil oğlu ünvan 2 ünvanında qeydiyyatdadırlar. - 2 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1139 saylı arayışın surətindən görünür ki, İddiaçı X7, Abbasov Zaur Habil oğlu ilə birlikdə xx.xx.2001-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır və həmin tarixdən uşaqları ilə birlikdə birgə yaşayır. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 4/2-553 saylı mülki iş qətnamələrin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın xx.xx.1952-ci il tarixdə imzalanmış 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında həmin məhkəmə iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onu gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onun xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X6 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi order əsasında, kirayədarla – mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hazırda qüvvədə olan (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 4.0.2. Dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 8.0.3. Məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. 48.1 Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 56.1 Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2.1 Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara verilir. 56.3 Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır. Mənzil uzun illərdir iddiaçının qanuni istifadəsində və sahibliyindədir. Cavabdehin məhkəmə qətnaməsi ilə üzərinə öhdəlik qoyulmaması barədə dəlili əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 110-da yerləşən 31 saylı mənzilə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 110-da yerləşən 31 saylı mənzilə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar