Məhkəmə qərarları › İş №2-1(118)-3285/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3285/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3285/2023 12.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 Cəmiyyətinə qarşı “cavabdehin üzərinə Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə, 1-ci binanın liftlərindən kartlı sayğacların sökülməsi və əvəzinə mexaniki hesablaşma sayğaclarının quraşdırılması vəzifəsinin qoyulmasına” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2-1(112)-4639/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 1, 69 nömrəli mənzil iddiaçıya məxsusdur Mənzilin yerləşdiyi binadakı liftlərə Cavabdeh 2022-ci ilin əvvəllərində əsaslandırıldığı kimi qanunvericiliyi pozmaqla (§4) kartlı elektrik sayğacı quraşdırmışdır. Bu tipli sayğaca qədər Cavabdehlə Abşeron Rayon İcra Hakimiyyəti (və ya tabeliyindəki mənzil kommunal təşkilatı) arasında fakturalı hesablaşma aparılırdısa, hazırda liftlərin davamlı işləməsi üçün müvafiq dövlət qurumu tərəfindən kartla sayğaca vəsait yüklənməlidir. İddiaçı öz araşdırması ilə müəyyən etmişdir ki, hələ ki, yalnız bu binada liftlərə kartlı sayğaclar qoyulmuşdur və bu bir növ sınaq məqsədi daşıyır, sınaq “uğurlu” olacağı təqdirdə digər binalara da tətbiq olunması planlaşdırılır. Abşeron rayon İcra Hakimiyyəti (və ya tabeliyindəki qurumu) sayğaclara davamlı və vaxtında vəsait yükləmir. Gətirilən səbəblər arasında karta vəsait artımının müvafiq terminallarda nağd baş tutması və həmin qurumunlar üçün belə nağd əməliyyat prosedurunun olmaması da var. Beləcə liftlər vaxtaşırı dayanmaqdadır. İcra Hakimiyyətinə müraciətləri effektiv nəticə vermədiyindən sakinlər öz aralarında təşəbbüs göstərərək vəsait toplayıb sayğaclara yükləməyə çalışır (aylıq adambaşına 10-20 manat kimi necə hesablandığı məlum olmayan məbləğlərlə). Karta yüklənən məbləğin 50%-i də abonentin - Abşeron rayon İcra Hakimiyyətinin kartlı sayğac quraşdırılana qədər olan qeyri-müəyyən məbləğdə borcuna çıxılır. Bu borcun hər bir lift üçün 1000 manata yaxın olduğu təxmin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdehin üzərinə Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə, 1-ci binanın liftlərindən kartlı sayğacların sökülməsi və əvəzinə mexaniki hesablaşma sayğaclarının quraşdırılması vəzifəsinin qoyulmasını istəyir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və hazırkı mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar hüquq münasibətlərindən yaranmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Lakin hazırki mübahisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. Belə ki, hazırkı mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətlərindən yaranmışdır. Mübahisənin tərəfləri isə hazırkı iş üzrə iddiaçı, cavabdeh və iddiaçının daşınmaz əmlak əldə etdiyi əvvəlki mülkiyyətçilərdir və mübahisə tərəflər arasında daşınmaz əmlakın və eletrik enerjisinin satışı ilə bağlı müqavilə öhdəliklərindən yaranmışdır. Bu halda iddiaçı öz hüquqlarını mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə qoruya bilər. Bu halda müvafiq ümumi məhkəmədə iddia inzibati orqandan tələb formasında deyil, mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş iddia tələbləri formasında qaldırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki mübahisə cavabdehin inzibati fəaliyyətindən irəli gəlmiş olsa idi belə, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməsi üçün iddiaçının ilkin olaraq iddia etdiyi tələblə cavabdeh orqana müraciət etməsi şərti tələb olunduğuna görə və müvafiq müraciətin edilməsi müəyyən olunmadığına görə iddia mümkün hesab edilə bilməzdi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Lakin hazırki iddia tələbində iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Bundan əlavə məhkəmə qeyd edir ki, işin iddia ərizəsində qeyd edilmiş hallarından görünür ki, hazırki mübahisənin yaranması əsası Abşeron rayon İcra Hakimiyyətinin öz öhdəliklərini yerinə yetirməməsi- Abşeron rayon İcra Hakimiyyəti ilə Azərişıq ASC arasındakı mülki xarakterli hüquq münasibətləri ilə bağlıdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq münaisbətlərindən istifadə etmək imkanı istisna olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar