Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3286/2025 03.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X12 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə Şamaxı rayon Avaxıl kəndində yerləşən torpaq sahəsində tikinti məqsədilə ona verilmiş 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu Avaxıl kənd bələdiyyəsindən xx.xx.2005-ci il tarixdə yaşayış evi tikmək məqsədilə 0.12 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin onun adına ayırlmasma dair Avaxıl kənd bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 05 saylı qərarla alqı-satqı edilməsinə dair akt imzalanmışdır. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan həmin toıpaq sahəsinin onun adına ayrılmasına dair qanunamüvafıq qaydada Bələdiyyəyə müraciət etmiş, həmin toıpaq sahəsinin ayrılmasına dair müvafiq rəy verilmişdir. Torpağın alqı-satqısı üçün həmin dövr nəzərdə tutulmuş məbləği ödəmiş və ona ödənişi təsdiq edən qəbz təqdim edilib.Şamaxı rayonu Avaxıl bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu Planından Çıxarışda və torpaqların alqı-satqısına dair Aktda da ona ayrılmış toıpaq sahəsinin yeri aydın şəkildə əks olunmuşdur.Sözügedən torpaq sahəsi ilə bağlı bütün vergilər də ödənilmişdir.Bununla bağlı cavabdehə müraciət etsə də onun müraciəti nəticəsiz olmuşdur.Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.İddiaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən Avaxıl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə həyətyanı məqsədilə mülkiyyətinə satılmış 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazi, baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edilmişdir.Azərbaycan Respublikasının Torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 16.3 maddəsinə, əsasən, Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi” nin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir.Torpaq sahəsi alqı-satqı predmeti olmadığı üçün ərizənin icrasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İşə üçüncü şəxs qismində cəlb edilmiş X5 vəfat etməsi məlum olmuşdur. Məhkəmənin ötən prosesində iştirak edən X5 hüquqi varisi (oğlu) X10 iddia tələbinə etiraz edərək bildirmişdir ki, onun mərhum atası X9 Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 1800 m2 torpaq sahəsi fərdi yaşayış evi tikilməsi üçün satılmışdır. Həmin torpaq sahəsi kadastra işlənmiş, A N2 026943 saylı torpaq sahəsinin plan ölçü sənədi hazırlanmışdır. Həmin sənəd hazırlanan zaman torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi məsləsi aydınlaşdırılmış və həmin sahənin heç kimə satılmadığı, heç kimin torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunduğundan torpaq sahəsi kadastra işlənib sənəd verilmişdir.Atası xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra dəfələrlə DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş və həmin idarədən Elşən adlı şəxslə əraziyə birlikdə gedib baxış keçirmiş və həmin baxışlar zamanı ona demiş ki, onun ərazisini kimsə tutmayıb ki? o isə cavabında bildirib ki, xeyr bu ərazi heç kim tərəfindən rəsmi və ya qeyri rəsmi zəbt olunmamışdır. Bunu etməyinə səbəb Şamaxı rayonunda cinayətkar qruplar mövcuddur ki, onlar torpaq sahəsinə saxta sənəd hazırlayıb vətəndaşa satıb dələduzluq edirlər. Bunun nəticəsidir ki, qohum tanışların bəziləri belə hallardan xeyli əziyyətlər çəkmişdir. O da belə hal baş verməsin deyə ildə 1 dəfə Elşən adlı şəxslə yəni Daşınmaz Əmlakın Şamaxı şöbəsinin əməkdaşı ilə həmin əraziyə həm şifahi həm koordinat üzrə kompüterdə başmışıq ki həmin ərazidə mübahisə yoxdur.Hal-hazırda X3 guya ona xx.xx.2006-cı il tarixli Avaxıl Bələdiyyəsinin qərarı ilə 0, 12 ha torpaq sahəsinin satıldığını iddia edib onun yerini göstərir ki, həmin ərazi ona satılmışdır. Lakin X1 sənədlə aldığı torpaq sahəsinə Çıxarışın verilməsi üçün müraciət etdikdə ona bildirilib ki,həmin torpaq, kadastrı olan rəsmi sənədli Babayev Azərə məxsusudur. Bu azmış kimi həmin şəxs mübahisə ola-ola dəqiqləşdirmədən, iş məhkəmədə icraatda olduğu halda gedib həmin ərazini İslam adlı şəxsə 12000 manata satmışdır. İslam adlı şəxs mülkiyyətində olan ərazisinə hasar çəkərək həmin ərazini hasarlayıb bildirir ki, “bura mənimdir. Mən buranı Xuraman adlı şəxsdən almışam.” Bu necə haqsızlıqdır. İslam adlı şəxsin torpaq sahəsini aldığı İddiaçı heç özünün həmin torpaq sahəsinə heç bir rəsmi kadastrı sənədi yoxdur. O, köhnə tarixə Bələdiyyə ilə əlbir olub (ya bilməyərəkdən) qərar əldə edib və həmin mənasız saxta qərar əsasında onun rəsmi torpaq sahəsini əlindən almaq istəyirlər. Sənədlərin rəsmiliyi və saxtalığı araşdırılsın, İddiaçı adlı şəxsə satılmış torpaq sahəsinə kadastra işlənməməsi halı əksinə ona məxsus torpaq sahəsinə kadastrın işlənməsi halına ciddi fikir verəsiniz. Əgər bundan sonra əlaqəyə girilib sənədi kadastra işləməyə cəhd göstərələrsə həmin kadastra işlənmə tarixinə fikir verəsiniz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehə ünvanlanmış pretenziya məktubunun poçt göndərişi, etiraz ərizəsi, Şamaxı rayonu Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarının surəti, Avaxıl Bələdiyyəsinin torpaq sahəsinə yerquruluşu planından çıxarışın surəti, DT və XK-nın Şamaxı rayon şöbəsi və bələdiyyə tərəfindən təsdiqlənmiş alq-satqı aktının surəti, torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı ödəniş qəbzinin surəti, Torpaq sahəsinin planı və ölçüsü sənədi, X5 adına tərtib edilmiş **********0210 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədinin surəti, cavabdehin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında bələdiyyə qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın onun müraciətini cavablandırmamışdır. Bu səbəbdən də onun məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin, cavabdehin təqdim etdiyi etriaz ərizəsindən də müəyyən olunur ki, iddiaçı müvafiq idarəyə müraciəti olmuşdur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Şamaxı rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Şamaxı rayonu Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri Avaxıl Bələdiyyəsinin hesabına köçürülmüşdür.Halhazırda həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış 0.12 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi yeganə arqument iddiaçıya ayrılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi arqumentə, yəni iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlara aid olmasına münasibətdə bildirilir ki, DT və XK-nın Şamaxı rayon şöbəsinin rəyindən və Avaxıl bəldiyyəsi tərəfindən verilmiş alqı-satqı aktının, Bələdiyyə qərarının surətindən müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi, həyətyanı məqsədlər üçün ayrılmışdır. Belə ki, Avaxıl Bələdiyyəsinin qərarında müvafiq qeyd edilmiş, bu səbəbdən alqı-satqı predmeti olmuş və həmin qərarın preyudisiallığı şübhə doğurmamalıdır.Bu səbəbdən də cavabdeh təşkilatın bu səpkidəki arqumenti əsassızdır. Məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri bilir. Torpaq sahəsinin ayrılması ilə bağlı Avaxıl Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin alqı-satqı müqaviləsinin bütün ünsurlərini özündə birləşdirən (yəni torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyənin hesabına köçürülməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilməsi yolveriləndir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına köçürülmüş, bələdiyyə isə həmin torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Başqa sözlə desək, alqı-satqı müqaviləsinin rəsmiləşdirilib qüvvədə olması üçün bütün kriteriyalara riayət olunub. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda qeyd olunan normalar təhlil edilərkən müəyyən olunur ki, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir.Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Nəzərə almaq lazımdır ki, Avaxıl Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı qüvvədədir və pryedusiyal əhəmiyyətə malikdir. Həmçinin, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ilə eyni ərazidə yerləşən torpaq sahələri əldə etmiş iddiaçının qonşularının mülkiyyət hüququ tanınmışdır.Mülkiyyət hüquqları qeydiyyata alınmış qonşuların əldə etdiyi çıxarışlarda həmin torpaqların kateqoriyası yaşayış məntəqələri torpaq sahəsi kimi qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən torpaq sahəsinin kənd təsərrüfatı kateqoriyalı torpaq sahələri olmasını cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Ona görə də iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınarkən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaq sahəsi kimi dövlət qeydiyyatına alınmalıdır Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iddia tələbi ilə bağlı mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir”. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Beləliklə də cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin etirazında gətirdiyi bütün arqumentlər əsassızdır. İşə üçüncü şəxs qismində cəlb edilmiş X5 vəfat etməsi məlum olmuşdur. Məhkəmənin ötən prosesində iştirak edən X5 hüquqi varisi X6 etirazına münasibətdə bildirilir ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin 0.0695 ha hissəsinin koordinatları ilə X8 Komitəsinin X5 adına tərtib etdiyi **********0210 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları üst-üstə düşür. Həmin məktuba əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerləşmə sxemini əks etdirən görüntü ilə də öz təsdiqini tapmışdır. Lakin, cavabdeh tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerləşmə sxemini əks etdirən görüntüdə isə həmin halın aradan qalxdığı müəyyən olunur. Ona görə də cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerləşmə sxemini əks etdirən görüntüdə qeyd edilən iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmasında heç bir maneə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə Şamaxı rayon Avaxıl kəndində yerləşən torpaq sahəsində tikinti məqsədilə iddiaçıya verilmiş 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmaqla çıxarış (yaşayış məntəqələri torpaq sahəsi kimi) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2-1(118)-3286/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3286/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver