Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-329/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X4 adına verilmiş JN-660 kod 30508018 saylı 31 avqust 2004-cü il tarixli dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X4 adına verilmiş JN-660 kod 30508018 saylı 31 avqust 2004-cü il tarixli dövlət aktının etibarsız hesab edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 19.04.2021-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə 1995-ci ildən Siyəzən rayonunun Beşdam kəndinini Qarabulaq sahəsində yaşamağa başlamış, orada təsərrüfatla məşğul olmuşdur. Təxminən 5 ildən sonra həmin əraziyə qohumu X8 ailəsi lə gəlib məskunlaşmışdır. 2-3 il bundan əvvəl İ.Həmidov ona qarşı ərazi iddiasına başlamışdlr. Belə ki, o, Siyəzən rayon Beşdam bələdiyyəsinin 07 avqust 2000-ci il tarixli 01 saylı qərarı əasənda verilmiş Dövlət aktını əsas tutaraq ona qarşı torpağın boşaldılmasına dair iddia qaldırmışdır. Araşdırma zaçamı məlum olmuşdur ki, nə istinad olunan bələdiyyə qərarı, nə də dövlət aktı mövcud olmamış və məlumat bazasında qeydiyyatdan keçməmişdir. Dövlət aktı yalnız torpaq islahatı zaman verilən sənəddir və aqrar islahat komissialarının qərarlarına əsasən verilmişdir. Bələdiyyə qərarına əsasən dövlət aktının verilməsi nəzərdə tutulmamışdır. 07 avqust 2000-ci il tarixdə 1 saylı protokol ola bilməzdi. Bu o deməkdir ki, 7-8 ay ərzində bu qərar bələdiyyənin ilk qərarıdır. Dövlət aktının ikinci səhifəsində onun 31 avqust 2004-cü il tarixdə qeydiyyatdan keçdiyi göstərilsə də, sonuncu səhifəsində 24 dekabr 2003-cü il tarixdə qeydiyyatdan keçdiyi qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu xahişi əsaslandırılmadığından və məhkəmə araşdırmasının sünü surətdə uzadılmasına ximət etdiyindən işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüquqununu olmaması əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X8 iddianı qəbul etməyərək izah etdi ki, mübahisələndirilən torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişdir. Ümumi məhkəmə tərəfindən onun torpaq sahəsinin boşaldılmasına dair iddiası təmin edildikdən sonra cavabdeh X5 həmin işin dayandırılmasına nail olmaq üçün hazırki iddianı qaldırmışdır. Məhkəmə üşüncü şəxsin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin 07 avqust 2000-ci il tarixli 01 saylı qərarına əsasən 0.03 ha torpaq sahəsi tikinti məqsədi ilə X1 və həmin qərar əsasında iddiaçıya JN 660 kod 30508018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 26.08.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin torpaq sahəsi X4 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından müəyyən edildi ki, Sumqayıt İnzibati Məhkəməsinin 10.02.2020-ci il tarixli qərardadı ilə İddiaçı və qeyrilərinin cavabdeh Siyəzən rayonu Beşdam bələdiyyəsinə qarşı bələdiyyənin 07.08.2000-ci il tarixli 01 saylı qərarnını ləğv edilməsi tələbinə dair iddiası subyektiv hüququnun olmaması və iddia müddətinin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 21.08.2020-ci il tarxli qərarı ilə, apellyasiya instansiya məhkəməsinin qərardadı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.10.2020-ci il tarixli qərardadı ilə dəyişdirlmədən saxlanılmışdır. Hazırki iddia tələbində iddiaçı bələdiyyə qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının etibarsız hesab edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsində olsa da, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinə malik deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni etivarsız hesab edilməsini tələb etdiyi dövlət aktı ilə onun hüquqlarının və qanunla qorunan maraqların pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə İnzibati Porsessual Məcəllənin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya iddia növünü düzgün seçməyi təklif etmişdir. Lakin iddiaçı hazırki iddiaya mahiyyəti üzrə baxılmasını xahiş edərək dövlət aktının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia müddətinin bərpa edilməsinə dair vəsatət qaldırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İPM-ə inzibati aktın etibarsız hesab edilməsinə dair iddialar üzrə iddia müddəti müəyyən edilmədiyindən iddia müddətinin bərpasına dair vəsatətə baxılmasına zərurət yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X4 adına verilmiş JN-660 kod 30508018 saylı 31 avqust 2004-cü il tarixli dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X4 adına verilmiş JN-660 kod 30508018 saylı 31 avqust 2004-cü il tarixli dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-329/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-329/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver