Məhkəmə qərarları › İş №2-1(118)-3298/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3298/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3298/2023 15.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək ödənilməmiş Veteranlıq müavinətin ödənilməsi tələbini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişləri təyinatı üzrə Mərkəzin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbini əsaslandıraraq izah etdi ki, 1990-cı illərdə erməni silahlı birləşmələrinin ölkəmizə qarşı silahlı hücumları zamanı Ermənistanla həmsərhəd rayonlarına silahlı hüçumlar zamanı Müdafiə Nazirliyinin N-saylı hərbi hissəsində xidmət etmiş, xidməti dövrümdə döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinə etdiyi müraciətinə baxılaraq ona xx.xx.2010-cu il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Həmin vaxtdan ona sosial müavinət təyin edilmişdir. O, bundan əvvəlki üç il üçün də müavinətin ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı Qarayev X2 Filiala müraciət edərək, ona xx.xx.2007- ci il tarixdən xx.xx.2010-cu il tarixədək ödənilməmiş veteranlıq müavinətinin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən 3-17-1/2-Q-81058/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla vətəndaşa xx.xx.2010-cu il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranları üçün nəzərdə tutulan müavinətin (təqaüd) (veteran vəsiqəsinin verildiyi tarixdən) təyin edildiyini və qeyd edilən dövrlər üzrə müavinət ödəməkdən imtina edildiyini bildirmişdir. İddiaçı “Veteran vəsiqəsi” xx.xx.2010-cu il tarixdə verildiyindən Mərkəzi Filial tərəfindən ona sosial müavinət həmin tarixdən təyin olunmuş və xx.xx.2019-cu il tarixdən isə həmin müavinət Prezident təqaüdü ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli N 081472 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona müharibə veteranı vəsiqəsi aldığı gündən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh ona imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1.6.-ci bəndinə əsasən sosial müavinətin növlərindən biri də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə ödənilən müavinətdir. Göstərilən Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsilik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı müharibə veteranı adı döyüş bölgəsində xidmət etdiyinə görə verilmişdir, sadəcə həmin statusun ona verilməsi xx.xx.2010-cu ili tarixdə rəsmiləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi verildikdən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya xx.xx.2010-cu il tarixdən əvvəlki 3 il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililaının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar