Məhkəmə qərarları › İş №2-1(118)-33/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-33/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-33/2022 28.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin-Əmlak Kompleksinin yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş, un və makaron fabrikinin Əmlak kompleksinin daşınmaz əmlakın Dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin-Əmlak Kompleksinin dövlət qeydiyyatına alınmasına dair hissədə əmlak kompleksinin deyil yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı rəsmi dövlət qeydiyyatından keçməklə, Azərbaycan Respublikasının əhalisinin ərzaq tələbatını qarşılamaq məqsədi ilə fəaliyyət göstərir. Cəmiyyət məhsullarını İddiaçı əmtəə nişanı adı altında istehsal edir. Cəmiyyətin Bakı-Şamaxı şossesində inşa etdiyi fabrikində un və makaron məhsulları, eyni zamanda istehsal müəssisəsində kənd təsərrüfatı heyvandarlıq üçün yem istehsal olunur. Bununla da onlar ölkə iqtisadiyyatına investisiya qoymaqla və 250 yeni iş yerlərinin açılmasına nail olmuşdur. Bütün bunların həyata keçirilməsində sırf yerli vəsaitdən istifadə olunmuşdur. Onu da qeyd edirlər ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüququ varisidir. Cəmiyyətin Bakı-Şamaxı şossesi 23 ünvanında yerləşən un və makaron fabriki 2004- 2005-ci illərdə İddiaçı tərəfindən həmin torpaq sahəsində qanuni əsaslarla tikilmişdir. Fabrik 15 ildir ki, istifadəyə verilmiş, bu gündə fəaliyyət göstərir. Yerli icra hakimiyyəti orqanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 262 saylı 22.02.2011-ci il tarixli qərarı ilə inşası başa çatmış bina və qurğuların istismara qəbuluna dair komissiyanın yaradılmasına dair Sərəncam verilmişdir. 23.02.2011-ci il tarixdə komissiya üzvləri obyektə baxış keçirərək akta imza etməklə obyekti istisamara hazır olduğunu, 01.03.2011-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun imzası ilə təsdiq edilərək obyekt istismara qəbul edilmişdir. Hər ay dövlətə vergi ödənilir. Lakin obyekt istismara qəbul edilsə də, 15 ildir fəaliyyət göstərsə də, bu günə qədər “Əmlak kompleksi”nin dövlət reyestrindən çıxarış ala bilməmişdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Abşeron Ərazi İdarəsində şifahi olaraq bildirirlər ki, torpağı icarəyə götürün və ya özəlləşdirin. İddiaçı Dövlət Əmlak Komitəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətini almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti torpağın daimi istifadəçisidir. Nəzərə alınsa ki, İddiaçı də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir obyekt qanuni əsaslarla onun istifadəsində olan torpaqda tikilmişdir. Onlar hər il dövlətə torpaq vergisi verirlər. Cənab prezident İlham Əliyev daim iş adamlarının ölkəyə investisiya qoyulmasına, yeni iş yerlərinin açılmasına dair çağırışlar edir və onlar da bu çağırışa qoşularaq öz töhvələri verməyə çalışırlar. 15 ildir bu fabrik işləməsinə baxmayaraq həmin “Əmlak kompleksi”nə hələ də çıxarış ala bilmirlər. Məhz bu səbəbdən onlar məhkəməyə müraciət etməyə məcburdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş müraciətlərə baxılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması və 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilərkən, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi faktiki torpaq sahəsinin 1.48 ha hissəsinin yüksək gərginlikli elektrik (6 kvt və 10 kvt) və yeraltı kabel xəttinin, həmçinin faktiki torpaq sahəsinin 1300 kv.m hissəsinin Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, daşınmaz əmlakın istismara qəbul edilməsi haqqında aktı ekologiya nəzarətinin nümayəndəsi, yanğın təhlükəsizliyi nəzarətinin nümayəndəsi, X5 nümayəndəsinin möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirirlər ki, sonradan A literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m olan tikilər inşa edilmiş, lakin sözügedən tikililər eskiz layihədə öz əksini tapmamışdır. Həmçinin bildirirlər ki, AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 02 dekabr 1997-ci il tarixli texniki pasportda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 5.2863 ha (faktiki 5.8388 ha) olaraq göstərilmişdir.Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Mövcud əmlak kompleksi binası tikintisinə icazə tələb olunan tikinti obyekti hesab olunduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2. və 48.3.3.-cü maddələrinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir və layihəçi sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikası avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2004-cü il tarixli 18 saylı qərarının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında 11.09.2015-ci il tarixli, 298 saylı qərarının tələbləri pozulmuşdur. Həmin qərara əsasən respublika əhəmiyyətli avtomobil yollarında mühafizə zolağı yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən əsasən 6 kvt və 10 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 metr məsafədə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci və 180.2-ci maddələrinə əsasən lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, onun müraciəti təmin edilməmişdir.İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı, İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş, un və makaron fabrikinin Əmlak kompleksinin daşınmaz əmlakın Dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə etiraz edərək qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi faktiki torpaq sahəsinin 1.48 ha hissəsinin yüksək gərginlikli elektrik (6 kvt və 10 kvt) və yeraltı kabel xəttinin, həmçinin faktiki torpaq sahəsinin 1300 kv.m hissəsinin Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, daşınmaz əmlakın istismara qəbul edilməsi haqqında aktı ekologiya nəzarətinin nümayəndəsi, yanğın təhlükəsizliyi nəzarətinin nümayəndəsi, X5 nümayəndəsinin möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirirlər ki, sonradan A literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m olan tikilər inşa edilmiş, lakin sözügedən tikililər eskiz layihədə öz əksini tapmamışdır. Həmçinin bildirirlər ki, AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 02 dekabr 1997-ci il tarixli texniki pasportda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 5.2863 ha (faktiki 5.8388 ha) olaraq göstərilmişdir.Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Məhkəmənin 14.06.2021-ci il tarixli 2-1(118)-288/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsindən yüksək gərginlikli elektrik və yeraltı kabel xətti keçirmi? Əmlak Kompleksinin yerləşdiyi torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşürmü? Düşürsə hansı hissədə düşür?

2. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağına düşürmü? Düşürsə hansı hissədə düşür?

3. Eksiz layihədə göstərilməyən A literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m tikililər mövcuddurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3438 saylı, 03 noyabr 2021-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə : Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-nin faktiki istifadəsində 5.85 ha torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin daxilində elektrik hava xətti keçməsi və İddiaçı MMC-nin faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilə 6-10 kv elektrik hava xəttinin ara məsafəsinin 10.23 metr olması müəyyən olunmuşdur. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən, xətlərin gərginliyi >1<20 kv olduqda 10 metr təşkil etməsini nəzərə alaraq, İddiaçı MMC-nin faktiki istifadəsində olan 5,85 ha torpaq sahəsində yerləşən əmlak komleksinin elektrik xəttinin mühafizə zolağına düşmədiyi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-nin faktiki istifadəsində 5,85 ha torpaq sahəsi ilə “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağı arasında olan məsafə 28,05 metr, həmin torpaq sahəsinin daxilində yerləşən əmlak kompleksi ilə “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağı arasında olan məsafə 97.75 metr təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin” təsdiq edilməsi haqqında qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolağı respublika əhəmiyyətli avtomobil yollarında yolun hərbir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən olunmasını nəzərə alaraq, İddiaçı MMC-nin faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağına düşmədiyi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İş materiallarında olan eskiz layihədə “A” tikilisi qeyd olunmamışdır. Mütəxəssis rəyinə əsasən, eskiz layihədə qeyd olunan 4 nömrəli tikili A literi hesab olunur. Eskiz layihədə “A” literi (4 nömrəli tikili) kimi qeyd olunan tikilinin ölçüləri olmadığı üçün İddiaçı MMC-nin faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsinin daxilində yerləşən “A” literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m tikililərin mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın dəlilinin əksinə olaraq ekspert rəyi ilə İddiaçı MMC-nin faktiki istifadəsində olan 5,85 ha torpaq sahəsində yerləşən əmlak komleksinin elektrik xəttinin mühafizə zolağına, habelə “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağına düşmədiyi müəyyən olunmuşdur. Bundan başqa, cavabdeh qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, daşınmaz əmlakın istismara qəbul edilməsi haqqında aktı ekologiya nəzarətinin nümayəndəsi, yanğın təhlükəsizliyi nəzarətinin nümayəndəsi, X5 nümayəndəsinin möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, təsisçilərin 21.08.2006-cı il tarixli ümumi yığıncağının qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgəsində 0103-P17-37907 nömrəli, 11.09.2006-cı il tarixli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış X6 Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyət "xxxx" ASC-nin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Bakı şəhəri Binəqədi rayonu Şamaxı Şossesi 2-də "xxxx" ASC-nin Makaron Unu və X3 X1 Eskiz Layihəsi 07.11.2005-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində, 22.02.2011-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar-A.Əliyev ilə razılaşdırılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 22.02.2011-ci il tarixli 262 saylı Qərarı ilə Karmen MMC-nin Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında inşa etdirdiyi makaron unu və makarın istehsalı fabriki istismara qəbul edilməsi qərara alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 330 saylı 14 oktyabr 2005-ci il, 375 saylı 06 oktyabr 2006-cı il və 1046 saylı 17 dekabr 2007-ci il tarixli sərəncamlarla tərtib edilmiş, Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən möhürlə təsdiq edilmiş “"Qeyri-Dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” 23 fevral 2011-ci il tarixli Aktdan görünür ki, İddiaçı MMC tərəfindən inşası başa çatmış makaron unu və makaron istehsalı fabriki-Xırdalan şəhəri ərazisində tikilmiş bina istismara qəbul edilmişdir. Göründüyü kimi daşınmaz əmlak səlahiyyətli inzibati orqanın təsdiq etdiyi layihə əsasında tikilmiş və inzibati orqan tikintinin istismara verilməsini təsdiq etmişdir. Ona görədə məhkəmə cavabdeh inzibati orqanın tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi ilə bağlı dəlilini hazırkı iddianın təmin edilməsini istisna edən əsas hesab etmir. Tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi iddiaçının məsuliyyəti dairəsində hesab edilə bilməz. İddiaçı səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş layihə əsasında tikinti həyata keçirmiş və səlahiyyətli orqan tərəfindən tikintinin istismarına icazə verilmişdir. Cavabdehin etirazının digər əsasını “sonradan inşa edilmiş, A literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m olan tikililərin eskiz layihədə öz əksini tapmaması təşkil edir ki, iddiaçı bu hissədə iddia tələbinin həcmini azaldaraq “ İddiaçı tərəfindən Bakı- Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin-Əmlak Kompleksinin dövlət qeydiyyatına alınmasına dair hissədə əmlak kompleksinin deyil yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının tikdiyi əlavə tikililər nəzərə alınmadan səlahiyyətli orqanla razılaşdırılmış eskiz lahiyə əsasında tikilmiş və səlahiyyətli orqan tərəfindən istismara qəbul edilmiş tikilililərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna edən bir əsas mövcud deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş layihə əsasında tikinti həyata keçirmiş və səlahiyyətli orqan tərəfindən tikintinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyə əsasən tələb olunan zəruri sənədləri təqdim etdiyi halda əsassız olaraq hüququnun qeydə alınmasından imtina edilməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin-Əmlak Kompleksinin yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı tərəfindən Bakı-Şamaxı şossesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin-Əmlak Kompleksinin yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş və istismara qəbul edilmiş hissədə) dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar